525.Az

Şirin Hüseynov adına 2 saylı məktəbin komandası birinci yerə layiq görülüb


 

Şirin Hüseynov adına 2 saylı məktəbin komandası birinci yerə layiq görülüb<b style="color:red"></b>

Martın 29-da Ağcabədi rayonunun orta məktəbləri arasında keçirilən Şahin hərbi idman oyununda Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. Komanda Qarabağ Regional İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.

Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin direktoru Məlahət Tağıyeva deyib ki, "Şahin" hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

Direktor bildirib ki, müasir dövrdə müəllimlərin ən böyük və birinci dərəcəli vəzifəsi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onlara vətən üçün yaşayıram fikrini təlqin etməkdir. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşır. Azərbaycan xalqı bütün zamanlarda gələcəyimiz olan gənc nəslin öz vətəninə, xalqına, soykökünə, ata-babalarımızın bizə miras qoyduğu adət-ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmışdır: "Danılmaz faktdır ki, ümumtəhsil məktəblərində təbliğ olunan vətənpərvərlik ideyaları  şagirdlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslər yaradır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır".

Məktəbin hərbi müəllimi Mehdi Məmmədov bildirib ki, Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin komandası 10-cu sinif şagirdləridir: "Sentyabr ayından məşq keçirik, aprel ayında məktəb daxili yarış keçirilib, şagirdlərə təlimi mən, məktəbin hərbi müəllimi Mehdi Məmmədov və fiziki tərbiyə rəhbəri Cəbrayılov Rüfət Şahlar oğlu keçib. Hal-hazırda məşqlərimiz davam etdirilir. Aprelin 24-də zona birinciliyində iştirak edəcəyik".

Məktəbin fiziki tərbiyə müəllimi Rüfət Cəbrayılov bildirib ki, yarış iki mərhələdən - sıra və fiziki hazırlıq məlhələlərindən ibarət idi: "Yarış çox şəffaf təşkil olunmuşdu. Hər iki mərhələdə bizim şagirdlərimiz çox fəal iştirak etdi. Müəyyən olunan nominasiyaları bizim şagirdlər yüksək səviyyədə yerinə yetirdilər. Buna görə də bizim komanda birinci yerin qalibi oldu".

 

SEVİNC

 





16.04.2024    çap et  çap et