525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli ötən saylarımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm də müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.Naxçıvan təkcə ədəbiyyat, təsviri-incəsənət və hərb sahəsində deyil, həm də elmin müxtəlif istiqamətləri üzrə yüksək nailiyyətlərə imza atan yetirmələri ilə tanınır.

Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, akademik, oftalmoloq Zərifə Əliyeva 1923-cü ildə Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. 

Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirib. (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-85) vəzifələrində çalışıb. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, həmçinin oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaradıb.

Zərifə Əliyevanın doktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir
cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqlar tərəfindən deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə qarşılanıb. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" (prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini tapıb. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin müəllimləri üçün əvəzsiz vəsaitdir.

Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülüb. 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atası Ə.Əliyevin qəbri yanında dəfn olunub. Məzarı üstündə tuncdan heykəli ucaldılıb
(heykəltaraş Ö. Eldarov). Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb.

Azərbaycanın tanınmış kimyaçı alimi, kimya elmləri doktoru, akademik, SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  SSRİ Dövlət mükafatı laureatı Yusif Məmmədəliyev 1905-ci ildə Ordubadda boya-başa çatıb.

Akademik N.D.Zelinskinin tələbəsidir. Azərbaycan Ali Pedaqoji İnstitutunu (indiki APU) bitirib, Gəncə Pedaqoji Texnikumunda və Yerevan Pedaqoji Institutunda kimya müəllimi olub, iki il Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (1932-33) və Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (1933-45) işləyib. Azərbaycan Milli Elmlər Akademiyası yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik edib. 1954-58-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olub. Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərib. Aromatik parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan verib.

Məmmədəliyev benzolu propilenlə alkilləşdirilmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlayıb, bu da Böyük Vətən müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin olunmasına kömək edib.
Məmmədəliyev plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görüb. 200-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olub. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil edib.

D.İ.Mendeleyev adına Ümumittifaq Kimyaçılar Cəmiyyəti Azərbaycan İdarəsi Rəyasət Heyətinin (1957-61) və Azərbaycan "Bilik" Cəmiyyəti Rəyasət Heyətinin sədri (1948-50 və 1958-61) olub. SSRI Ali Sovetinin (5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış) deputatı seçilib. "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimyası Prosesləri İnstitutuna (NKPI), Ordubad ipək kombinatına və Şamaxı rəsədxanasının yerləşdiyi qəsəbəyə, Bakı küçələrindən birinə onun adı verilib, adına mükafat təsis olunub, Ordubad şəhərində ev-muzeyi açılıb, büstü qoyulub, Bakıda yaşadığı evdə xatirə lövhəsi vurulub. Bakının İstiqlaliyyət küçəsində, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti binasının yanında heykəli ucaldılıb.

(Ardı var)

S.ABDULLAYEVA

 





25.09.2014    çap et  çap et