525.Az

Toy mərasimlərini Fövqəladə Hallar Nazirliyi tənzimləsin


 

Toy mərasimlərini Fövqəladə Hallar Nazirliyi tənzimləsin<b style="color:red"></b>

Son vaxtlar yas mərasimlərində yeni qaydaların tətbiqi ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmaqla yanaşı, toy mərasimləri ilə də bağlı müvafiq tədbirlərin görülməsi ideyasının aktuallaşmasına təkan verdi. Yas mərasimlərinə tətbiq olunan standartlar, konkret menyünün təklifi cəmiyyətin ayrı-ayrı təbəqələrinin dəstəyini qazandığından neçə illərdən bəri toylarda baş alıb gedən israfçılıq, xüsusilə də sadlıq saraylarının diqtə etdiyi bahalı menyülərin toy sahiblərini, az qala, müflisləşmək həddinə gətirməsi ilə bağlı narazılıqları yenidən, daha qabarıq şəkildə ortaya çıxardı. Bu məsələdə yekdil fikir isə ondan ibarət idi ki, yas mərasimlərindən fərqli olaraq toy mərasimlərinə ümumi qaydaların tətbiqi böyük müqavimətlə üzləşəcək.

Çünki şadlıq saraylarının böyük əksəriyyəti iş adamlarının, oliqarxların nəzarətində olduğundan belə bir güclə mübarizə aparmaq üçün ciddi qanun-qayda müəyyənləşdirilməli, ən yüksək səviyyədə sərt nəzarət mexanizmi işlənib hazırlanmalıdır.

Bu fikrin tərəfdarlarının narahatlığı əbəs deyildi. Tək bir faktı qeyd edək: yas mərasimləri ilə bağlı inzibati metodların tətbiqindən sonra müxtəlif media orqanlarında Təzə Pir məscidinin mərasim salonlarında yeni qaydalara məhəl qoyulmadığı, zəngin ehsan süfrələri açıldığı ilə bağlı müxtəlif yazılar getməyə başladı.

Həmin mərasim salonlarının Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin nəzarətində olduğunu, burada yas mərasimi keçirənlərin böyük əksəriyyətini isə əsasən imkanlı və nüfuzlu şəxslər təşkil etdiyini nəzərə alsaq, onda hökumətin apardığı bu islahatlara müqavimətin hardan qaynaqlandığı aydınlaşar. Digər tərəfdən, əgər elə də böyük dayaqları olmayan, hələ tam inhisara götürülməyən bir sahədə yeni qaydaların tətbiqi kimlər tərəfindənsə sabotaj edilirsə, "arxalı" şadlıq saraylarına qarşı hansısa ciddi tədbirin güclü müqavimətlə üzləşəcəyi ehtimalı böyük idi.

Çox keçmədi, deyilənlər özünü doğrultdu. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmisi çoxsaylı şikayət və narazılıqları nəzərə alaraq şadlıq evlərində bəzi tədbirlər həyata keçirdiyini, restoranlarda yoxlamalar aparıldığını, salatlar, mənşəyi məlum olmayan konservləşdirilmiş məhsullardan istifadə hallarına yol verildiyini bəyan etməklə kifayətlənməli oldu. Komitə rəsmisinin "elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq, amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər" fikri bir dövlət qurumunun məhdud səlahiyyətlərlə yüksək nüfuz sahibi olan şəxslərin, oliqarxların nəzarətindəki şadlıq sarayları və restoranlar şəbəkəsi kimi əhatəli bir fəaliyyət sahəsində qayda-qanun yaratmasının mümkünsüzlüyünün dolayısı yolla təsdiqi idi.

Ona görə də həmin ərəfədə müxtəlif səviyyələrdə belə bir təklif səslənməyə başladı ki, güc və nüfuz sahiblərinin himayəsində olan bu sahəni sahmana salmaq üçün Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Vergilər Nazirliyi, Mədəniyyət Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi də səfərbər olmalı, hərtərəfli nəzarəti gücləndirməlidir. Halbuki bu dövlət strukturlarının hər biri tam fərqli fəaliyyət sahələrini əhatə edir və onların ayrı-ayrılıqda öz səlahiyyətləri çərçivəsində bu məsələyə müdaxiləsinin böyük nəticə verəcəyi inandırıcı görünmür. Bu dövlət qurumları onsuz da bu illər ərzində öz üzərinə düşən işləri bu və ya digər şəkildə həyata keçirib və indi də keçirir.

Əslində, belə vacib və həlli çətin bir problemi birdəfəlik yoluna qoymaq üçün görülən tədbirlərin vahid mərkəzdən idarə edilməsi daha effektli ola bilər. Azərbaycan cəmiyyəti son illər belə bir nümunənin şahidi olub. Bir neçə il əvvələ kimi Bakıda yaşanan tikinti bumu, bir-birinin ardınca harda oldu, kim tərəfindən gəldi tikilən çoxmərtəbəli binalar əhali arasında əməlli-başlı tərəddüd yaratmışdı. Binaların norma və qaydalara uyğun tikilib-tikilməməsi cəmiyyəti düşündürən əsas problemlərdən idi. Lakin bir həmlə ilə cəmiyyətdə yaranmış bu nigarançılığa son qoyuldu.
 
2011-ci ildə Fövqəladə Hallar Nazirliyi dövlət və özəl tikinti şirkətlərinin rəhbərlərini bir araya gətirib nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələlərinə cavabdeh şəxslərinin iştirakı ilə görüş təşkil etdi, bu vacib məsələ müzakirəyə çıxarıldı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, tikinti təşkilatları inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirliyin həyata keçirdiyi tədbirlərin reallaşdırılmasında fəal iştirak etməlidir.

Nazir birmənalı şəkildə qanunvericiliyin tələblərinə riayət etməyən şəxslərlə bağlı ciddi tədbirlər görüləcəyini vurğuladı. Bundan sonra ciddi tədbirlərə əl atıldı, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti obyektlərində yoxlamalar apararaq çatışmazlıqların aradan qaldırılmasına nail oldu. Beləliklə, illərdən bəri tikinti sektorunda baş alıb gedən xaosa son qoyuldu.

Bu gün toy mərasimlərinin keçirilməsində yaranmış qarmaqarışıqlıq, israfçılıq yaradan çeşidli menyular, şadlıq saraylarının kəlləçarxa vuran qiymətləri, müştərilərə təklif olunan fantastik qiymətlər neçə illərdir cəmiyyəti narahat edən başlıca məsələlərdən birinə çevrilib. Hətta bir ara parlamentdə bu məsələləri tənzimləyəcək müvafiq qanun layihəsinin hazırlanması ilə bağlı təkliflər də irəli sürülmüş, inzibatı metodlara əl atılmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilmişdi. Lakin bu sahənin çox imkanlı və nüfuzlu şəxslərin təsir dairəsində olması konkret bir nəticəyə gəlməyə imkan vermədi. Son bir neçə ilə qədər ictimaiyyət arasında tikinti sektorunun da yüksək səviyyələrdə himayə olunduğu deyilir, bu sahədə nə vaxtsa qayda-qanun yaradılacağına heç kim inanmaq istəmirdi. Amma nüfuzlu bir dövlət qurumunun məsələyə müdaxiləsi və aparılan ardıcıl iş öz müsbət nəticəsini verdi. Bu mənada, toy mərasimləri ilə bağlı hökm sürən mövcud özbaşınalığı aradan qaldırmaq üçün də məsələnin konkret bir dövlət qurumuna həvalə olunmasına ehtiyac var.

Belə bir ehtiyac nəzərə alınaraq, mövcud problemin həlli niyə də Fövqəladə Hallar Nazirliyinə həvalə olunmasın? Yarandığı 9 il ərzində bu nazirlik həm kifayət qədər təcrübəyə yiyələnib, həm də cəmiyyətdə yetərincə nüfuz qazana bilib. Digər tərəfdən, ən müxtəlif fəaliyyət sahələrinə cavabdehlik daşıyan Fövqəladə Hallar Nazirliyi öz iş spesifikasına uyğun olaraq daim əhali ilə birbaşa təmasda çalışıb. Bu baxımdan əminliklə demək olar ki, dövlət səviyyəsində gərəkli səlahiyyətlər verilsə, nazirlik belə bir vacib məsələnin həllinin də öhdəsindən layiqincə gələ, bu sahəni nüfuz dairəsində saxlamağa çalışan və şərtləri diqtə edən maraqlı qrupların müqavimətini qıra, nəhayət, cəmiyyəti neçə illərdən bəri təngə gətirmiş bir xaosdan çıxara bilər.  

Ceyhun ABASOV

 





25.09.2014    çap et  çap et