525.Az

İşğalın və Zəfərin mükəmməl ekran salnaməsi


 

"AĞDAM VƏ MƏN"İ TƏKCƏ AĞDAMLILAR YOX, BÜTÜN AZƏRBAYCANLILAR MARAQLA, DİQQƏTLƏ İZLƏYİRLƏR"

İşğalın və Zəfərin mükəmməl ekran salnaməsi<b style="color:red"></b>

"Ağdam və mən" verilişi, xeyli müddətdir, Azərbaycan teleməkanının ən populyar layihələrindən birinə çevrilib.  ATV-də yayımlanan "Ağdam və mən" sənədli-publisistik filmlər layihəsinin müəllifi Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və bu qurumun sədr müavini Səadət Məmmədovadır. Sözügedən verilişlər silsiləsi ilə Ağdam sakinlərini öz doğma evlərinə aparır, xatirələrinə qaytarır, ata yurdu ilə görüşdürür. "Ağdam və mən"də Birinci Qarabağ müharibəsinin başladığı gündən Ağdamda baş vermiş qanlı-qadalı hadisələrdən də geniş bəhs edilir. Müharibənin dərin yaralarını qəlbində daşıyan qəhrəmanlar bu gün doğma torpağa ayaq basmağın, həsrətin bitməsinin sevincini yaşayırlar. Ağdamın və digər rayonların işğal günlərinin hüznü artıq azad olunma günlərinin sonsuz fərəhi ilə əvəzlənib, amma işğalın izləri bütün Qarabağda var. "Ağdam və mən" verilişi bu izləri ilk növbədə yaddaşlardan, düşüncələrdən silinməyə qoymamaq və bütün dünyaya göstərmək məqsədi daşıyır.

 

Yazıçı, millət vəkili Aqil Abbas deyir ki, çox gözəl torpağa, təbiətə malik Ağdama, onun qədim tarixi, mədəniyyətinə həsr olunan "Ağdam və mən" verilişini diqqətlə izləyir: "Ağdam Qarabağda iqtisadi, mədəni cəhətdən ən seçilən rayon mərkəzlərindən biri idi. "Ağdam və mən" füsunkar, möhtəşəm  Ağdam haqqında bütün məlumatları tamaşaçıların diqqətinə çatdırır. Özü də Ağdam haqqında o torpaqda dünyaya göz açan, boya-başa çatan, yaşayan, onun hər qarışına bələd olan insanlar danışır. Bu verilişin hər buraxılışı bir tarixdir və tarixdə qalası kadrlardır".

Professor Cahangir Məmmədli bildirib ki, "Ağdam və mən" verilişi insanlarda böyük maraq doğurub. Bu gün də verilişə uşaqdan-böyüyə hər kəs böyük həvəslə baxır: "Səadət Məmmədova "Ağdam və mən"i çəkməklə Ağdamın videotarixini yaratmış olur. Bu verilişlər gələcəkdə bir tarixi mənbə kimi bizə çox lazım olacaq. Biz bu verilişlər vasitəsilə də gələcək nəsillərə erməni vandallarının Ağdamı hansı vəziyyətə gətirdiklərini, yaşayış evlərini, tarixi abidələri necə dağıtdıqlarını göstərə biləcəyik. "Ağdam və mən"in buraxılışları işğalla bağlı tarixi sübutlarımız, faktlarımızdır. Ermənilərin Ağdamı və onun kəndlərini necə talan etməsi bu verilişlərin kadrlarında əks olunub. Gələcəkdə tədqiqat aparmaq istəyənlər üçün Səadət xanımın bu verilişləri ciddi bir mənbə olacaq. Bunun üçün mən Səadət Məmmədovaya böyük təşəkkürümü bildirirəm. Birincisi, bir Azərbaycan vətəndaşı kimi, ikincisi isə, bir ağdamlı kimi".

Cahangir Məmmədlinin dediyinə görə, bu gün ağdamlılar "Ağdam və mən" vasitəsilə də Ağdamı, doğma yurd-yuvalarını ziyarət edirlər. Uzun ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına, Ağdama ayaq basır, doğma şəhərə qovuşurlar. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük müharibənin sonunda möhtəşəm Zəfər qazandı və torpaqlarımız azad olundu. Ağdamlıları doğma torpaqlarında görmək həm qürurvericidir, həm də xoşbəxtlikdir: "Bu insanlar Ağdam şəhərində doğulub-böyüyüblər. Uşaqlıqları, gənclikləri doğma evlərində, şəhərlərində keçib. Onların hər birinin Ağdamla bağlı gözəl xatirələri var. 30 ilə yaxındır bu xatirələrlə yaşayır, doğma şəhərimizi görməyi səbirsizliklə gözləyirdilər. Bu insanların arzuları bu gün gerçəkləşib. Onlar doğma yurd-yuvalarını yenidən görmək sevincini "Ağdam və mən"lə yaşayırlar. Ağdamla bağlı xatirələrini Səadət Məmmədova ilə bölüşür, gələcək arzu və istəklərini ona deyirlər. Eyni zamanda böyük ürək yanğısı, göz yaşları ilə baxaraq, erməni vandalların dağıtdığı Cümə məscidi, İmarət kompleksi, Çörək muzeyi və Dram Teatrının qalıqlarını öz gözləri ilə görürlər. Həmçinin Ağdamda həyata keçirilən quruculuq işləri ilə tanış olurlar. Səadət Məmmədova "Ağdam və mən"i çəkməklə, bir ağdamlı, azərbaycanlı və jurnalist olaraq, çox böyük işlər görür. Mən onu alqışlayır və dəstəkləyirəm".

Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun sözlərinə əsasən, əslən ağdamlı olub Ağdamı heç görməyən gənclərimiz var ki, "Ağdam və mən" həmin gənclərə Ağdamı tanıdır: "Səadət Məmmədova 30 ilə yaxın doğma yurd-yuvalarından didərgin düşən, ürəyi vətən həsrətindən qubar bağlamış insanların Ağdama səfərini təşkil edir, onlarla birgə axtararaq, viran qalan evlərini tapır. Bu insanlar yenidən o torpağın üzərində dayanaraq özlərini bir daha ağdamlı kimi hiss edirlər. Elə hadisələr var ki, o, insanın həyatında, yaddaşında həmişəlik qalır. İllər sonra Ağdama səfər də ömürlük yaddaşlara həkk olunan hadisələrdəndir. Bu, doğrudan da çox böyük işdir. Səadət xanım çox mühüm və tarixi bir iş görür. Mən "Ağdam və mən"i çox təqdir edir, sevə-sevə də izləyirəm. Səadət Məmmədovaya bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıram".

Jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun sözlərinə görə, ATV-də yayımlanan, Səadət Məmmədovanın müəllifi olduğu "Ağdam və mən" elə ilk verilişdən tamaşaçıların diqqətini çəkib: "Çox maraqlı layihə və dəyərli verilişdir. Verilişin müəllifi Səadət Məmmədovanı mən bir həmkar olaraq çoxdan tanıyıram. Çox istedadlı, zəhmətkeş və bacarıqlı bir jurnalistdir. Eyni zamanda vətəndaş olaraq məsuliyyətli, vətənini, Azərbaycanını, doğulduğu el-obasını sevən insandır. Ona görə də Səadət xanımın verilişi belə uğurlu alındı və tez bir zamanda populyarlıq qazandı. Verilişin yayımlandığı ATV kanalının rəhbərliyi də sağ olsun ki, bu proyektə,verilişin davamlı yayımlanmasına dəstək verdi. Şəxsən bir vətəndaş, Qarabağ qazisi, jurnalist olaraq çox sevinirəm ki, belə gözəl proqramlar hazırlanıb efirə verilir. Bu günə kimi Səadət xanım Ağdam haqqında xeyli veriliş hazırlayıb. Ağdam həm ərazi, həm də əhali baxımından Qarabağın ən böyük rayonlarından biridir. Çox maraqlı tarixi abidələri, tarixi binaları, tikililəri var. "Ağdam və mən" də bu tarixi abidələr, Ağdam Cümə Məscidi, Ağdam Üzeyir Hacıbəyli adına Orta İxtisas Musiqi Məktəbi, dünya əhəmiyyətli memarlıq abidəsi olan Qutlu Xacə Musa oğlu türbəsi, qədim tarixə malik kəndlər, binalar barədə ətraflı məlumat verilir. Ağdam bazarı, şəhərdə mövcud olmuş dəmirçixana və digər böyük əhəmiyyətli obyektlər barədə veriliş də böyük maraqla qarşılanıb. Səadət Məmmədovanın "Ağdam və mən"i Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun azad etdiyi torpaqların əhəmiyyətini cəmiyyətə bir qədər də aydın tərzdə çatdırır. Azərbaycan dövlətinin nə dərəcədə böyük bir iş gördüyü, böyük uğura imza atdığını göstərilir bu verilişlərdə. Ağdamın ağdamlılar üçün necə gözəl bir yurd yeri, doğma, əziz vətən olduğu göstərilir. Səadət Məmmədova Vətən üçün çox böyük fədakarlıqlar edir. "Ağdam və mən"in çəkilişlərinin birində mən də iştirak etmişəm. İki-üç gün çəkilişlər getdi. Mən o zaman gördüm ki, Səadət xanım verilişin komandası ilə birlikdə nə əziyyətlər çəkir. Bu verilişlər asanlıqla başa gəlmir. Çəkilişlər günün, yağışın altında, bəzən soyuqda, qarda, boranda aparılır. Bütün bu çətinliklərə baxmayaraq, Səadət Məmmədova canla-başla işini görür. "Yoruldum, usandım" demədən, böyük həvəslə, ürəklə çalışır. Müharibədə iştirak etmiş döyüşçüləri dəvət edir, onları danışdırır. Döyüşçünün işi döyüşməkdir. Onları danışdırmaq asan deyil. Bu döyüşçüləri tapmaq, onların Ağdama səfərini təşkil etmək, müsahibə almaq, sonra da verilişi hazırlayıb efirə, tamaşaçılara çatdırmaq qətiyyən asan iş deyil. Mən bir vətəndaş, tamaşaçı, ağdamlı olaraq bu verilişə sevə-sevə baxıram. "Ağdam və mən" i təkcə ağdamlılar yox, bütün azərbaycanlılar maraqla, diqqətlə izləyirlər".

Rey Kərimoğlu qeyd edib ki, "Ağdam və mən"in MDB-də birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinə həsr olunan verilişi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə xatırlanır: "Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış insanları tərəfindən inşa edilib. Yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində "Dəyirman həyəti" adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilib. Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşüb. 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfdən güclü raket və top atəşinə tutulub, nəticədə raketlərdən biri Çörək Muzeyinə düşüb və muzeyi dağıdıb. Muzeyin tarixi, mənfur ermənilər tərəfindən dağıdılması, indiki vəziyyəti barədə geniş bir veriliş hazırlamışdı Səadət Məmmədova. O veriliş çox böyük marağa səbəb oldu. Arzu edirəm ki, "Ağdam və mən" davam etsin və bütün işğaldan azad olunan rayonlarla bağlı Səadət xanım belə verilişlər hazırlasın".

SEVİNC

 





17.04.2024    çap et  çap et