525.Az

Bağışlanma məqamı


 

Bağışlanma məqamı<b style="color:red"></b>

Vəfa MÜRŞÜDLÜ

 

Gözlərimi bağışlanmaq ümidi ilə tünd səmada şölə saçan çıraqlara - Onun gözlərinə dikmişdim. Məni zənn ilə izləyən hələ milyardlarla ulduz vardı ki, Qalaktikada gizlənmişdi. Uzaqlardan üzərimə zillənən işıqların şəfqətindən təsəlli tapırdım. Nurlu baxışlardan mum kimi əriyirdim... Səssizcə, sakitcə əfvimi gözləyirdim. Bir körpə kimi məsum, bir quzu kimi möhtac halda. Bilməyərəkdən etdiyim günahların girdabında, anidən dibinə düşdüyüm quyunun dərinliyində çaşıb qalmışdım. Ancaq məni nə zamansız xətalar yorurdu, nə də ətrafımı bürümüş zülmətlər qorxudurdu. Mənim vahiməmin bambaşqa bir səbəbi vardı...

Qəfildən uşaqlığımın ağlasığmaz xatirələrinə pəncərə açıldı. Səhnədə ciddi nəzərlərlə ətrafı süzən qız uşağı göründü. 3 yaşı olar. Davranışları necə də cəsurdur. Bu uşaq, ata-anası kədərlənməsin deyə, ovucunun düz ortasına batmış qırıq iynəni günlərlə əlində ən müqəddəs sirr kimi qorumuşdu...

Ötən illərim əsən küləklərə qarışdı. İçindən iməkləyərək çıxdığım qasırğalar həssasiyyət və çılğınlıq ovuntularını ruhumdan qopara bilmədi. İndi geriyə baxarkən, dərs almaqdan imtina etdiyim təcrübələrim mənə sanki yelkənsiz qayığın kürəklərini xatırladır. Təəssüf ki, gənclik çağlarımı da başıma bəla xüsusiyyətlərlə dəli-dolu yaşayış tərzimin quraq sahilinə çevirmişəm. Hərdən elə bilirəm, bu həyata zərrələrimdən başqalarına sevinc payı düzəltmək üçün gəlmişəm. Hər gün varlığımın bir parçasını kəsib, üzərinə qırmızı lent bağlayıb kimlərəsə hədiyyə verirəm. Hər gün ruhumdan bir tikə itirdiyimin fərqindəyəm. Bəzi səhərlər özümü o qədər tükənmiş hiss edirəm ki, yataqdan qalxmağa taqətim olmur. Bu minvalla günlərin bir günü tamamilə qeybə qarışmaq ehtimalı məni ürküdür.

Bir anlıq elə hiss edirəm ki, Tanrı daha mənimlə danışmaq istəmir, qəzəblidir. Amma yox... O hirslənəndə belə, üzümüzə qapılarını bağlamaz axı... Gözlərimi yumub, əllərimi böyük mərhəmət sahibinə haçan açsam, nicatın astanasında dayanmışam. Bəs onda? Onda əlaqəmiz niyə kəsilib? Məni dəhşətə gətirən unudulmaq düşüncəsidir. Kiçildikcə unudulmaq, unudulduqca kiçilmək...

Bu nədir belə? Getdikcə gurlaşan işıqlar az qala gözlərimi kor edəcək. Allahım, nə baş verir?! Deyəsən, bu, sondur. Bu ümidsizlik bataqlığının içində cılızlaşmış və Sənin nəzərindən uzaq düşmüş vücudumla qəhr oluram. Bayaqkı sözlərim biixtiyar şəkildə yenidən dilimdə dolaşır: "Kiçildikcə unuduluram, unudulduqca kiçilirəm". Aha... Ya da, ya da... Tapdım, Allahım! Tapdım! İndi niyə ayrı düşdüyümüzü anlayıram!

İlahi, mən bütöv olmadığım üçün səsim Sənə ucalmırdı. Axı, o kanalları bir-birinə qarışmış radionun səs-küyündən məni necə duya bilərdin? Mən minlərlə hissəyə bölünmüşəm. Bir hissəm anamdadır, biri atamda, o biri qardaşımda, digərləri də çoxdan bağlayıb kənara atdığım, adını belə unutduğum kitabların tozlu vərəqlərində it-bat olub. Qopmuş hissəciklərim indi məndən özgə hamının dualarında əllərini göylərə açır. Məndən qeyri hamının diləklərinə "Amin" deyir. Zərrələri yellərlə sovrulmuş bir ruhun nə özünə, nə başqalarına, nə də Tanrıya xeyiri yoxdur...

Qəfildən işıqlar çəkildi. Sükutun içində təngnəfəs qalmışdım. Yenə də xoşbəxt idim. Nəhayət ki, zehnim dupduru düşüncə məcralarına açılmışdı. Duyğularıma limanına yaxınlaşmış gəminin həzin sevinci yayılmışdı. Tanrının sayrışan nurlu gözləri mənə bağışlanma müjdəmi çatdırmışdı. Və ən əsası da O, məni Özünə, özümə, bu dünyaya yenidən bağışlamışdı.

Sanki ruhum maqnit gücüylə bütün hüceyrələrini özünə çəkirdi. Ordan, burdan, ondan, bundan... Qaranlıq küçələrdən, sönmüş ocaqlardan, nigaran qəlblərdən, damarlarda hərarətlə axan al qırmızı qandan, ilıq nəfəslərdən, məstedici səslərdən, baş gicəlləndirən qoxulardan, vəcd halında söylənən sözlərdən, şaqraq gülüşlərdən, cəzb edən gözlərdən, kənarlardan, uzaqlardan...

 

 





17.04.2024    çap et  çap et