525.Az

"Bəzi məzarlıqlarımız lap qaraçı köçünə oxşayır"


 

"Bəzi məzarlıqlarımız lap qaraçı köçünə oxşayır"<b style="color:red"></b>

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış edib.
 
Bu yöndə təklifini sözügedən komitənin sentyabrın 24-də keçirilən iclasında səsləndirən R. Hüseynovun bildirdiyinə görə, ziyarətgahlar, ibadət yerləri, məzarlıqlar xalqın inanc yeri, müqəddəs məkanlarıdır:

"Mən hələ iki il öncə belə təkliflə çıxış etmişdim və hətta, müvafiq qanun layihəsi də hazırlamışdım. İndi belə hesab edirəm ki, ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında qanunun qəbuluna çox ciddi və çox böyük ehtiyac var. Bu yöndə qanun laihəsi nəhayət, komitəmizin iclasına çıxarılmalı və parlamentin plenar iclasına tövsiyə edilərək qəbul olunmalıdır" - deyən R. Hüseynovun sözlərinə görə, bu gün əksər ölkələrdə məzarlıqlar xüsusi qanunlarla idarə olunur və tənzimlənir:
 
"Mən bir neçə il öncə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən olan Əlimərdanbəy Topçubaşovun Paris şəhəri yaxınlığındakı qəbiristanlıqdakı məzarını ziyarət edərkən gördüm ki, orada hər bir məzarın, qəbirin sənədi, şəxsi vərəqəsi var, onlar qanunla tənzimlənir. Eyni zamanda, dünyanın bir çox yerlərində də görürük ki, məzarlıqlar hamısı eyni vəziyyətdədir, məzarlar, qəbirlər eyni standart ölçüdədir. Amma üzr istəyirəm, bizdə bəzi məzarlıqlar, qəbristanlar var ki, qaraçı köçünə oxşayır. Qəbirlərin biri böyük, biri balaca, biri ordan çıxır, biri burdan. Bu, olduqca yolverilməzdir. Eyni zamanda, bəzən görürsən ki, kimsə valideyninin qəbri üzərində 4-5 metr hündürlüyündə abidə ucaldıb. Ancaq xaricdə bu, belə deyil, sadəcə, tarixdə yeri, xidməti olan şəxslərin qəbirləri üzərində abidənin ucaldılmasına icazə verilir. Elə bilirəm ki, nəhayət, bizdə də belə olmalıdır.

Həmçinin, bizdə ziyarətgahlar, ibadət yerləri var ki, onlar bəzən inanclıqdan, inanc yerlərindən çıxıb siyasi hadisəyə, siyasi məkana çevrilirlər. Bəzi radikal-dini qruplar var da ki, onlar həmin ziyarətgahlardan, ibadət yerlərindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların bu cür yolverilməz , çirkin məqsədlərinin qarşısının alınması, gələcəkdə hay-küy qaldırmalarına əsas olmaması üçün də məhz bu yerlər qanunla tənzimlənməlidir.

Bu baxımdan bir daha belə hesab edirəm ki, "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanun layihəsi əvvəlcə komitəmizin, sonra isə plenar iclasın müzakirələrinə çıxarılaraq qəbul olunmalıdır".

Kamil HƏMZƏOĞLU

 





25.09.2014    çap et  çap et