525.Az

Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti


 

Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti<b style="color:red"></b>

Mehriban SULTAN
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov 50 ildən artıq elmi-pedaqoji fəaliyyətini Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə həsr etmiş dəyərli alim ziyalımızdır. O, 20-dən çox kitab və monoqrafiyası, 200-dək elmi-publisistik məqaləsi ilə ədəbiyyatşünaslıq elminin, xüsusilə də Naxçıvanda elmi, mədəni və ədəbi mühitin müxtəlif tarixi mərhələlərinin, elmi ictimaiyyətə yetərincə məlum olmayan görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin qaranlıq məqamlarına işıq salıb, elmi yetirmələrinin də fəaliyyətini bu istiqamətə yönəltməklə bu gün də elmimizə öz töhfələrini verməkdədir. Fərman müəllim yüksək təşkilatçılıq, idarəetmə qabiliyyəti ilə yanaşı, məhsuldar elmi fəaliyyəti, tükənməz elmi potensialı, yaradıcılıq enerjisi, tədqiqatçılıq məharəti ilə də seçilir. O, 2013-cü ilin sonlarından etibarən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi şöbənin Naxçıvanşünaslıq elmi istiqamətində uğurlu fəaliyyətini təşkil edib ki, bu da ən müxtəlif aktual mövzularda elmi tədqiqat işlərinin yerinə yetirilməsi, bir-birindən maraqlı və zəruri elmi-kütləvi nəşrlərin ərsəyə gəlməsi ilə nəticələnib. 2016-cı ildə həmin bölmənin Əlyazmalar Fonduna direktor təyin edilən Fərman müəllim fondun zənginləşməsi, Naxçıvanda əlyazmaşünaslıq, mətnşünaslıq elminin inkişafı istiqamətində də əvəzsiz xidmətlər göstərir. Onun müstəsna elmi xidmətlərindən biri də Əlyazmalar Fondunda çoxsaylı nadir əlyazma və çap kitablarının düzgün komplektləşdirilərək elmi mühitin səmərəli istifadəsi üçün qorunub saxlanılmasını təşkil etməklə yanaşı, həm də milli-mədəni irsimizin bu nadir incilərini vaxtaşırı qruplaşdırıb dərin elmi tədqiqata cəlb edərək kütləvi nəşr etdirib elmi ictimaiyyətə çatdırmasıdır. Bu mənada alimin "Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər" seriyasından olan nəşrlərini xüsusilə qeyd etmək yerinə düşər. 2017, 2019 və 2021-ci illərdə nəşr edilən üçcildliyin davamı olaraq bu yaxınlarda işıq üzü görən dördüncü kitab aktuallığı ilə diyarşünaslıq, naxçıvanşünaslıq elminə qiymətli töhfədir.

Müəllifin özünün də məlumat verdiyi kimi, əvvəlki kitablarla müqayisədə bölmələrin adlarında çox cüzi fərqlər vardır, O, ənənəyə uyğun olaraq dördüncü kitabı "Elm", "Ədəbiyyatşünaslıq və əlyazmaşünaslıq", "Mətbuat, maarif və mədəniyyət", "Müsahibə, rəy və təəssüratlar" adlanan dörd bölməyə ayırıb. Müəllifin qətiyyətlə yazdığı "Kitabda Naxçıvanla əlaqəsi olmayan heç bir yazı yoxdur" fikrinə onu əlavə edə bilərik ki, yeni nəşrdə toplanan, XX əsr və XXI əsrin ilk onilliklərində Naxçıvanın elmi, ədəbi və mədəni mühiti ilə bağlı mühüm elmi-ictimai əhəmiyyəti olan məsələlər, ümumilikdə, Azərbaycançılıq ideologiyası konteksində, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin ayrılmaz qiymətli parçası, üzvi vəhdət hissəsi kimi tədqiq və təqdim edilir. 

Kitabın "Elm" adlı birinci bölməsində müəllifin Naxçıvan elmi mühitində tarixşünaslığın əsasını qoyan əsər kimi dəyərləndirdiyi, Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi, ölkəşünas Hacı Mibağır Mirheydərzadənin təxminən 100 il bundan əvvəl gərgin elmi axtarışlar nəticəsində ərsəyə gətirdiyi "Naxçıvan tarixi" əsəri haqqında məqalə xüsusilə maraq doğurur. Müəllif qeyd edir ki, əsərin zamanında ciddi elmi rezonans doğurmasına, nəşrinə qərar verilməsinə baxmayaraq, təəssüf ki, buna müyəssər olunmamış, yalnız tədqiqatçının uzun gərgin elmi axtarışlarının nəticəsində kitabın əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda tapılmışdı. Tədqiqatçı Naxçıvanın təşəkkül tarixi və 1920-ci ilədək olan dövrünün salnaməsi sayıla biləcək bu əsərə elmi-yaradıcı münasibət bəsləyərək Naxçıvanın təşəkkülü ilə bağlı Mirheydərzadənin istinad etdiyi mənbələrdə təsadüfi, qeyri-dəqiq məlumatlar, ziddiyyətli faktlar da olduğunu diqqətə çatdırır. Bununla yanaşı vurğulayır ki, belə qaynaqların araşdırılması, onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin obyektiv elmi inkişafı üçün misilsiz əhəmiyyət kəsb edir. Müəllif təəssüf hissi ilə bildirir ki, müasir tarixşünaslıq elminin tələblərinə cavab verən bu tarixi elmi mənbəyə Naxçıvanla bağlı çoxsaylı elmi tədqiqatlarda isnad olunmamışdır, Azərbaycan tarixşünaslıq elminin ilk rüşeymlərindən olan "Naxçıvan tarixi" kitabının indiyədək çap olunmamasını haqlı olaraq "tarixşünaslıq elmimizin itkisi" kimi səciyyələndirir.   

Bəhs etdiyimiz bölmədəki digər məqalə tanınmış Azərbaycan şairi Hüseyn Razinin ərsəyə gətirdiyi, lakin obyektiv və subyektiv səbəblər üzündən müdafiə edə bilmədiyi "İrəvanda Azərbaycan ədəbi mühiti" adlı namizədlik dissertasiyası haqqındadır. Professor Abbas Zamanovun rəhbərliyi ilə bir vaxt Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunda yerinə yetirilən, 1972-ci ilin yanvarınadək tamamlanmış dissertasiyanın mövzusu Prezident İlham Əliyevin Azərbaycanın Qarabağdakı Tarixi Zəfərindən sonra irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması, Qərbi Azərbaycana məxsus zəngin ədəbi-tarixi irsin öyrənilməsi kimi ciddi elmi problemin həlli istiqamətində çox mühüm aktuallıq kəsb edir. Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Həsən bəy Qazıyev, Mirzə Cabbar Məmmədzadə, İbrahim Səfi, Firidun bəy Köçərli kimi maarifpərvər ziyalılarımızın İrəvanda ədəbi-mədəni mühitin təşəkkülündəki misilsiz xidmətləri, İrəvan müəllimlər Seminariyasının milli müəllim kadrlarının hazırlanmasındakı rolu, İrəvanda Azərbaycan ədəbi mühitinin qoşa qanadını təşkil edən mətbuat və ədəbiyyatın paralel inkişafı, bir çox publisistik nümunələrin ilk dəfə elmi dövriyyəyə daxil edilməsi dissertasiyanın əhəmiyyətliliyini bir daha təsdiq edir. İrəvanda Azərbaycan teatrının təşəkkül və inkişaf tarixi ilə bağlı araşdırmalar isə daha bir mühüm faktı ortaya qoyur ki, 1886-cı ildə İrəvan Müəllimlər Seminariyasında M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyasının səhnələşdirilməsi faktı Azərbaycan teatrının yaranma tarixinin 1896-cı ilə deyil, 10 il daha əvvələ gedib çıxdığını təsdiq edir. İrəvanda Azərbaycan ədəbi mühitinin hansı mənəvi çətinliklər, mərhumiyyətlər hesabına formalaşması ilə bağlı faktlar da milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin keçdiyi inkişaf yolunu öyrənmək baxımından əhəmiyyətlidir. İlk bölməyə daxil olan, "filologiya üzrə fəlsəfə doktoru" elmi dərəcəsi almaq üçün yazılmış "Mirzə Fətəli Axundzadə obrazı Azərbaycan ədəbiyyatında" və "Azərbaycan tarixi poemalarında ədəbi şəxsiyyətlərin bədii obrazı" dissertasiyalarına rəylər orta və gənc elmi nəsildə elmi-tədqiqat işinə tələbkar münasibət, elmi rəhbərlik, opponentlik səriştəsi formalaşdırmaq baxımından da təqdirəlayiqdir. Məqalələrdə qeyd olunur ki, ədiblərimizin həyatı, mühiti, müasirləri, yaradıcılıq taleyi ilə bütöv şəkildə öyrənilməsində bədii ədəbiyyatın da rolu inkaredilməzdir. Müəllif ədəbi-tarixi şəxsiyyətlərin Azərbaycan poeziyasında, bədii nəsrində və dramaturgiyasında, Azərbaycan səhnəsində və ekran əsərlərində ən müxtəlif tarixi mərhələlərdə təsvir edilən bədii obrazlarını müxtəlif rakurslardan, tarixilik prinsipi və müəllif təxəyyülü baxımından təhlil edir, iddiaçıların elmi-nəzəri fikirlərinə münasibət bildirir. Azərbaycan ədəbiyyatının görkəmli simalarının bədii obrazlarının Azərbaycançılıq ideologiyasi baxımından tədqiqat predmetinə çevrilməsi təqdirəlayiq hesab olunur. Hər üç dissertasiyadakı elmi-nəzəri mülahizələr, tarixi hadisələrin bacarıqla ümumiləşdirilməsi, xalq yaradıcılığından, tarixi faktlardan yerli-yerində istifadə, tutarlı elmi mənbələrə isnad edilməsi müsbət dəyərləndirir.

(Ardı var)

 

 





17.04.2024    çap et  çap et