525.Az

"Azərbaycanın torpaqlarını azad etməsi ilə Asiyada münaqişələrdən birinə son qoyuldu" – Sarıbay


 

"Azərbaycanın torpaqlarını azad etməsi ilə Asiyada münaqişələrdən birinə son qoyuldu" – <b style="color:red"> Sarıbay</b>

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) növbəti iki ildə sədrlik etməsi mühüm hadisədir və onun beynəlxalq nüfuza malik olmasından xəbər verir.

525.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan AQEM-in icraçı direktoru, Qazaxıstanın dövlət xadimi Kayrat Sarıbay brifinqdə deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq əməkdaşlığa inteqrasiya edir: “İnanırıq ki, Azərbaycanın AQEM-də sədrliyi ölkənizə müsbət məqamlar qazandıracaq. Çünki əsas strateji yollar Azərbaycandan keçəcək. Bu isə yeni işlərin meydana çıxması, iqtisadi inkişaf, təhlükəsizlik deməkdir. Bu, həm də regiona və dünya ölkələrinə humanitar töhfə verməkdir".

İcraçı direktor əlavə edib ki, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi quruma daxil ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra reallaşacaq.

“Bizim təşkilatın yaradılmasının 30 illik tarixi var. Bizim üçün Azərbaycanın ilk illərdən təşkilata üzv olması önəmlidir. Azərbaycanın hərtərəfli diplomatiyanın tərəfdaş olması çox təqdirəlayiqdir. Bu mənada Azərbaycanın AQEM-ə sədrliyi ölkənin tarixi üçün vacib məqamlardandır”, - Sarıbay vurğulayıb.

Onun sözlərinə görə, səfərinin əsas məqsədi 2024-2026-cı illərdə AQEM-də sədrliyin Azərbaycana keçməsi ilə bağlıdır. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini söyləyib, sədr seçilməsi münasibətilə təbriklərini çatdırıb: "Son 4 ildə Qazaxıstanın AQEM-ə sədrliyi dövründə az iş görülməyib. Düşünürəm ki, Azərbaycan bu inkişaf istiqamətini davam etdirəcək və bir sıra uğurlu layihələrin icrasına nail olacaq".

Kayrat Sarıbay söyləyib ki, bu gün bütün dünyada olduğu kimi, Asiyada da bir sıra münaqişələr mövcuddur: “2021-ci ildə Azərbaycana səfərim zamanı mən xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycanın öz torpaqlarını azad etməsi münasibətilə ürəkdən təbrik etdim. Bildirdim ki, sevindirici haldır ki, Asiyada mövcud ərazi problemlərindən birinə son qoyuldu. Bu bölgədə bir münaqişə azaldı.

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi bütün Asiya ölkələri üçün də müsbət bir haldır. Bu cür münaqişələrin həllini tapması, sülhün bərqərar olması region dövlətləri, həmçinin Asiya ölkələri də daxil olmaqla dünyada iqtisadi inkişafın yüksəlməsinə yol açacaq, ümumi inkişafa töhfə verəcək".

Azərbaycanın müxtəlif təşkilatlara sədrliyi dövründə fəaliyyətinin uğurlu olduğunu qeyd edən Sarıbay deyib: "Düşünürəm ki, Azərbaycan qarşıdan gələn COP29 tədbirinə də yüksək səviyyədə ev sahibliyi edəcək".

Pərvanə

 





18.04.2024    çap et  çap et