525.Az

5 aprel görüşünün pərdəarxası - Qərbin yalanının ifşası 


 

POLİTOLOQ XƏYAL BƏŞİROV: "GÖRÜŞÜN CƏNUBİ QAFQAZDA AZƏRBAYCANA VƏ ƏMƏKDAŞLIĞA QARŞI OLDUĞU BİR DAHA TƏSDİQLƏNDİ"

5 aprel görüşünün pərdəarxası - <b style="color:red"> Qərbin yalanının ifşası </b>

Aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı əsas detalların gizli saxlanıldığı məlumdur. Bu görüşdə Ermənistanla hərbi və təhlükəsizlik üzrə müzakirələrin aparılması və qeyd edilən istiqamətlərdə dəstəyin veriləcəyi, hərbi paktın diqqətdə olacağı əvvəlcədən aydın idi. Bununla bağlı əldə edilmiş məlumatlar mövcud idi.

Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Lyayen Prezident İlham Əliyevə zəng edərək, sammitin nəticələrinin Azərbaycana qarşı olmayacağını iddia etmişdilər. Müzakirə mövzusunun Ermənistana siyasi-iqtisadi dəstək məsələlərinin təşkil edəcəyi vurğulanmışdı.

Prezident İlham Əliyev Blinkenlə telefon söhbəti zamanı bildirmişdir ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı antiazərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən, Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Ancaq bağlı qapılar arxasında müzakirə olunan sənədlərin açıqlanmasından sonra məlum oldu ki, söhbət həqiqətən də hərbi-təhlükəsizlik məsələlərindən gedir.

Qeyd edək ki, Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı yayılan sənədlər Azərbaycan ictimaiyyətində geniş narahatlıq doğurub. Məlum olur ki, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həmin sənəddə həm ABŞ-nin, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub.

ABŞ Dövlət Departamenti təkzib etməyə və yayılmış sənədi "dezinformasiya" adlandırmağa çalışsa da, bu, ciddi sənəddir.

Təbii ki, ortada fakt var və bunu təkzib etməyin ən asan yolu elə faktı "dezinformasiya" kimi qələmə verməkdir.

Sənəddə əks olunan məqamlar ABŞ-la Ermənistan arasında açıq şəkildə müzakirə olunub. Ermənistan nümayəndə heyəti ABŞ-da səfərdə olanda Pentaqonda da, digər görüşlərdə də həmin məsələlər konkret müzakirə obyekti olub. 5 aprel görüşünə qədər də müzakirələr davam edib, sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə bu komponenti ört-basdır ediblər. İndi də "dezinformasiya" adlandraraq gündəlikdən çıxarmaq istəyirlər. Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə məsələ gizlədilsə də, ortada real gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov mövzu ilə bağlı "525"ə şərhində deyib ki, 5 aprel tarixli görüşdə qapılar arxasında Ermənistanın Baş naziri ilə Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyanenin müzakirəyə çıxarıb, əldə etdikləri razılaşma sənədinin adının hərbi pakt olması ilə yanaşı, orda hər şey hərbi, müdafiə məsələləri ilə bağlı olub: "Yəni təkcə sənədin adı hərbi pakt deyil, mahiyyətini, məzmunun da bu təşkil edir. Ermənistana hərbi yardımın göstərilməsi, hərbi arsenalının gücləndirilməsi, müxtəlif istiqamətlərdə yardımların edilməsi və s".

Politoloq xatırladıb ki, Ermənistana Aİ tərəfindən 270 milyon avro, ABŞ tərəfindən 65 milyon dollar yardım göstəriləcək: "Eyni zamanda verilən məlumatlara, açıqlanan razılaşma sənədinin müddəalarına görə Ermənistana Avropa Sülh Fondundan yardımlar ediləcək. Əslində adı Avropa Sülh Fondu olan həmin o təsisat faktiki olaraq hərbi yardımların göstərilməsi məqsədilə yaradılıb. Düşünürəm ki, qeyd olunan razılaşma və Ermənistanla aparılan müzakirə sənədinin müddəalarına, bəndlərinə nəzər yetirsək, hamısı Ermənistanın hərbi cəhətdən gücləndirilməsi, hərbi arsenalının yenilənməsi, faktiki olaraq siyasi cəhətdən Ermənistanın Rusiyanın nəzarətindən çıxarılması ilə paralel olaraq, həm də hərbi baxımdan Rusiyanın orbitindən çıxarılmasına xidmət edən addımları özündə ehtiva edən sənəddir. Bu, Ermənistan hərbi arsenalını Rusiya silahlarından təmizləmək və NATO silahları ilə təchiz etmək deməkdir. Bu da Rusiya Ukrayna müharibəsindən sonra kollektiv Qərbin və NATO-nun İsveç və Finlandiyanı Alyansa qəbul etmək, Ukrayna cəbhəsində Rusiya ilə Ukrayna arasında, ümumiyyətlə münasibətləri həmişəlik pozmaq, Ukrayna qapısını Avropaya bağlamaq, daha sonra Rumıniyada NATO-nun quruda ən böyük bazasını yaratmaq və eyni zamanda NATO-nun növbəti bir bazasını Ermənistanda inşa etmək niyyətidir. Yəni bu proses bu şəkildə davam edir, faktiki olaraq Rusiyaya qarşı Ermənistanda cəbhə açılır. Təbii ki, Ermənistan silahlandırılırsa, onun Azərbaycana düşmənçiliyi, ərazi iddiaları, Azərbaycanla münasibətləri tam normallaşdırmaq üçün sülh sazişinin imzalanması prosesinin yarımçıq qalması amillərini nəzərə alsaq, bu silahların gələcəkdə Azərbaycana qarşı istifadə edilməyəcəyi ilə bağlı əlimizdə heç bir əsas, heç bir təminat, sığorta yoxdur. Ona görə düşünürəm ki, bu, dolayı yolla bəzi dövlətlərin Rusiyaya qarşı, bəzi dövlətlərin, məsələn, Fransa kimi ölkələrin də bundan Azərbaycana qarşı gələcəkdə Ermənistan vasitəsilə istifadə etmək imkanlarının reallaşdırılması deməkdir. Ona görə də mən düşünürəm ki, bu, faktiki olaraq ABŞ və Aİ-dəki ermənipərəst dövlətlərin Ermənistanı Azərbaycana qarşı gücləndirmək və gələcəkdə növbəti müharibənin reallaşdırılması prosesini sürətləndirmək niyyətidir. Çünki biz Ermənistanla hazırkı məqamda Cənubi Qafqazda çox həssas bir dönəmi keçirik. Azərbaycanla Ermənistan sülh prosesini müzakirə edirlər. Biz mümkün qədər çalışırıq ki, Ermənistanı sülhə məcbur edək. Ermənistanı Cənubi Qafqazda haqqın, siyasi və tarixi ədalətin bərpa edilməsi ilə müşayiət olunacaq sülh sazişini imzalamağa məcbur etmək istəyirik. Amma çox təəssüflər olsun ki, 5 aprel kimi görüşlər faktiki olaraq o prosesə maneə törətmək üçün nəzərdə tutulmuşdu. Ona görədir ki, həmin görüşdən sonra şərti sərhəddə atəşkəs pozulur, Ermənistan artıq növbəti hədələyici, təhdidedici ritorikadan istifadə edir, baxmayaraq ki, bu, Ermənistan üçün böyük fəlakətə gətirib çıxara bilər. Amma hər bir halda bu görüşdən sonra Ermənistanın ritorikasında çox ciddi dəyişikliklərin şahidi oluruq. Bu ölkənin mövqeyində, rəsmi şəxslərin çıxışlarında və bəyanatlarında tamamilə fərqli ritorika və münasibət görürük. Təbii ki, bu da həmin o görüşün Ermənistana verdiyi ruhdur, yaratdığı əminlikdir. Bunu da Ermənistan açıq şəkildə bəyan edir".

Politoloq əlavə edib ki, faktiki olaraq 5 aprel görüşü Cənubi Qafqazda Azərbaycanın üç ildən artıqdır ki, formalaşdırdığı sülh prosesinə, yeni reallıqlara, Cənubi Qafqaz xalqları və dövlətlərinin, o cümlədən, qonşu ölkələrin maraqlarına xidmət edən sülh, təhlükəsizlik və sabitliklə bağlı proseslərə mənfi təsir göstərəcək: "Düşünürəm ki, bu səbəbdən o görüş ərəfəsində onun detalları açıqlanmadı. Görüş öncəsi Blinken, Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəngləri zamanı bu prosesin Azərbaycana qarşı yönəlmədiyi ilə bağlı əmin etmək istəyəndə, əslində biz bilirdik belə deyil. Dövlət başçısı ondan sonra Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən açıq şəkildə bildirdi ki, görüşün Azərbaycana, onun formalaşdırdığı yeni reallıqlara qarşı olmadığına inanmırıq. Göründüyü kimi, Prezident həmişəki kimi düzgün qənaətdə idi, doğru düşünürdü. Həmin görüşün faktiki olaraq Cənubi Qafqazda Azərbaycana və əməkdaşlığa qarşı olduğuna biz bir daha şahidlik etdik. Bu yolla Ermənistan öz ərazisini böyük güclərin plasdarmına çevirmiş oldu. Bunun ən böyük zərbəsi də  Ermənistana dəyəcək. Təbii ki, baş verənlər Cənubi Qafqaz üçün xoşagəlməz haldır".

 

 





19.04.2024    çap et  çap et