525.Az

Sülhməramlıların Azərbaycanı tərk etməsi


 

HƏRBİ EKSPERT: "BUNUNLA AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ KEÇƏCƏK"

Sülhməramlıların Azərbaycanı tərk etməsi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən vaxtından əvvəl tam olaraq çıxarılması prosesinə başlanılıb. Rəsmi Bakı bəyan edib ki, bununla bağlı hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Bundan əvvəl isə Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı deyib: "Bəli, həqiqətən də belədir".

Yada salaq ki, Rusiya sülhməramlılarının bölgəyə gəlişi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü müddəasında nəzərdə tutulurdu. Həmin müddəada deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır".

Onu xüsusi vurğulamaq lazımdır ki, 10 noyabr sazişində sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi. Üçtərəfli sənəddə "müvəqqəti" şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması təbii ki, Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir.

Rusiya sülhməramlıları Azərbaycan ərazisinə gələndə, həm daxildə, həm xaricdə bəzi dairələr onların müddətinin uzadılacağı, hətta Azərbaycan ərazisində əbədi qalacaqlarına, "ölkəmizin ərazisində xarici dövlətin hərbçilərinin olmasının yolverilməzliyi" və s. kimi iddialar, "proqnozlar" səsləndirirdilər. Həmin dairələr bu məqamdan öz siyasi ambisiyaları üçün istifadə etməyə çalışırdılar. Amma əksəriyyət əmin idi ki, Rusiya sülhməramlıları zamanı çatanda ərazimizi tərk edəcəklər. Bu əminlik hər şeydən əvvəl xalqın öz liderinə olan inamından irəli gəlirdi. Çünki Prezident İlham Əliyev indiyə kimi nə deyibsə, hansı vədi veribsə, hamısını yerinə yetirib. Ötən il 14 fevralda keçirilən andiçmə mərasimində dövlət başçısının özünün dediyi kimi, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirilib.

Yaxın tariximiz həm də Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrini dəfələrlə təsdiqləyib. Torpaqlarımızın işğalına son qoyan 44 günlük Vətən müharibəsi, Azərbaycanın suverenliyini tam təmin edən antiterror tədbirləri, bütün ölkə ərazisində bayrağımızın dalğalanması, Rusiya sülhməramlılarının artıq Azərbaycan ərazisini tərk etməyə başlaması və s. addımların hər biri ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi həyata keçirilir.

Rusiya sülhməramlılarının Azərbaycandan getməsi ilə bağlı qərarın qəbulu həm də iki qonşu dövlətin - Azərbaycan və Rusiyanın  münasibətlərindəki qarşılıqlı anlaşmanı, qonşuluq və strateji tərəfdaşlıq səviyyəsini göstərir. Bu, eyni zamanda Azərbaycan və Rusiyanın bir-birlərinin suverenliyə hörmət etmələrinin nümunəsidir. Başqa tərəfdən, qeyd edilən qərar Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor hesab olunmalıdır. İki ölkə arasında münasibətlər onsuz da yaxşı səviyyədədir, qonşuluq prinsiplərinə əsaslanır. Şübhəsiz ki, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Çünki Qarabağ mövzusu artıq bitib, münaqişə həll olunub, indi bölgədə yeni reallıqlar yaranıb, belə olan halda, Rusiya ilə ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponent mövcud deyil.

Münaqişənin həllindən sonra Rusiya anladı ki, burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açacaq. Üstəgəl, iki ölkə liderinin şəxsi münasibətləri də Azərbaycan-Rusiya əlaqələrini gücləndirən faktordur.

Yeri gəlmişkən, sülhməramlıların çıxarılmasına dair ABŞ-dan da reaksiya gəlib. Belə ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi mövzunu şərh edərkən Rusiyanın "etibarsız müttəfiq olduğunu" bildirib. Vaşinqtonun sülhməramlıların çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi ABŞ-nin rikayarlığının növbəti göstəricisidir. Bu, bir daha onu təsdiqləyir ki, ABŞ və Fransa region dövlətləri arasında anlaşmanın, xoş münasibətin əleyhinədirlər. Hər vəchlə bölgəyə nüfuz edib, onu qarışdırmağa çalışan, yeni gərginlik ocağı yaratmaq istəyən bu güclər məhz regionda münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar.

İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyması da dediklərimizi sübut edir. Aydındır ki, ABŞ regionda sabitlikdə, Azərbaycanla Ermənistan arasında sülhün olmasında maraqlı deyil. Çünki, bu, Vaşinqtonun planlarına uyğun deyil.

Əks halda necə ola bilər ki, dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ indi Azərbaycan ərazisindən Rusiya kontingentinin çıxarılmasına fərqli reaksiya verir.

Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

Onu da vurğulamaq yerinə düşür ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Avropa İttifaqı  görüşü keçirilmişdir. Bu, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas olub. Bu görüş ABŞ və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərdi.

Mövzunu "525"ə şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib ki, 10 noyabr üçtərəfli bəyanatına görə Rusiya sülhməramlıları 2025-ci ilə qədər bölgədə qalmalı idilər. Bəzi marginal qruplar belə iddialar irəli sürürdülər ki, onların müddəti yenidən uzadılacaq: "Mən bütün dəyərləndirmələrimdə, müsahibələrimdə deyirdim ki, Rusiya süıhməramlıları Azərbaycandan gedəcəklər və bu, iki halda baş verə bilər. Ya 2025-ci ilə qədər özləri çəkilib gedəcəklər, ya da 2025-ci ildə vaxtları bitəndə ərazini tərk edəcəklər. Əslində Azərbaycan ötən il 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə yeni reallıq yaratdı. Rusiya sülhməramlılarının bölgədə olmaları üçün nəzərdə tutulan obyekt, subyekt artıq sahədə qalmayıb. Onlar düşünürdülər ki, sahəyə gəlib yerləşəndə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ilə məşğul olacaqlar. Ancaq Azərbaycan, "Dəmir yumruq" elə reallıq yaratdı ki, Rusiya sülhməramlılarının bölgədə fəaliyyətinə heç bir səbəb və ehtiyac qalmadı. Rusiya tərəfi bəlkə də düşünürdü ki, elə bir vəziyyət yarana bilər ki, ermənilər Qarabağa qayıdarlar. Lakin gördülər ki, ermənilər bölgəyə qayıdıb, Qarabağda yaşamaq istəmirlər. Ümidlər, gözləntilər özünü doğrultmadı. Bu səbəbdən də Rusiya qərar verdi ki, sülhməramlıları bir qədər erkən çıxarsın. Bu, Azərbaycanın siyasi iradəsinin qələbəsi sayılır. Çünki dediyim kimi, cəmiyyətimizdəki marginal qrup hər zaman dövləti "niyə sülhməramlılar ərazimizdədir" deyib sorğulayırdılar. Təbii ki, bizim strateji niyyətimiz o idi ki, Rusiya sülhməramlıları ərazimizdə olmamalıdır və buna nail olduq. Digər bir məsələ Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın çox böyük hərbi gücə ehtiyacı var. Nə qədər Rusiya sülhməramlıları desək də, onlar Cənub Hərbi Dairəsinin hərbi hissəsi idi. İlkin mərhələdə ərazimizə 1960 nəfərlə ezam olunmuşdular. Sonradan bir hissəsini çıxardılar. Əgər Rusiyanın Ukrayna ilə müharibədə çox böyük hərbi gücə, şəxsi heyətə ehtiyacı varsa, onlar niyə gəlib Qarabağda vaxtlarını keçirməlidirlər?! Xüsusilə də təyinatına görə yerinə yetirəcək hərbi tapşırıqları yoxdur. Bu, Rusiya hökuməti tərəfindən zamanında verilmiş doğru qərardır".

Hərbi ekspert hesab edir ki, Rusiya hərbçilərinin bölgəmizdən çıxmasından sonra Azərbaycan - Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyacaq: "İki qonşu dövlətin bir-birinin ərazisində silahlı qüvvələri olmadan münasibətləri daha da şəffalaşmış olacaq. Ona görə də bu gözləntidə olanların hamısını təbrik edirəm".

Milli Məclisin deputatı Könül Nurullayeva isə bildirib: "Rusiya sülhməramlıları Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarıldı. Bu barədə Azərbaycan və Rusiya rəhbərləri birgə qərar verdilər. Bu, onu göstərir ki, nəyi, necə və nə vaxt etmək lazım olduğunu dövlət başçımız bilir. Məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti öz müsbət nəticələrini verməkdədir. Əslində, 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında uğurla reallaşdırılan antiterror əməliyyatı düşünülmüş və vahid planın tərkib hissəsi və uğurlu nəticəsidir".

Onun sözlərinə görə, sülhməramlı missiya Azərbaycan ərazisinə yerləşərkən rəsmi şəkildə bəyan olunmuşdu ki, bu, müvəqqətidir və 2025-ci ildə missiyanın mandatının uzadılıb-uzadılmaması məsələsinə yenidən baxılacaqdı: "Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən, Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət növbəti 5 ilə uzadılır.

Amma Azərbaycan regionda elə reallıq yaratdı ki, bu gün missiyanın vaxtından əvvəl ölkəmizi tərk etməsinə şahidlik edirik. Eyni zamanda missiyanın fəaliyyəti dövründə separatçılar onlardan təhlükəsizlik çətiri kimi istifadə edə biləcəklərini düşünürdülər. Doğrudur, bu müddət əzində sülhməramlıların bəzi davranışları rəsmi Bakını qane etmirdi və narazı qaldığımız məqamlar da var idi. Amma tədricən Azərbaycan öz məsələsini özü həll edərək, separatizmin kökünü birdəfəlik kəsdi və bununla da artıq kənar vasitəçi missiyalara ehtiyac qalmadı".

Deputat bildirib ki, sülhməramlıların Azərbaycanı tərk etməsilə bağlı qərarın iki ölkənin ali rəhbərliyinin birgə razılığı əsasında verilməsi Bakı ilə Moskva arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir: "Məlumdur ki, bütün müttəfiqlər Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır və qarşılıqlı-faydalı əməkdaşlıq çərçivəsində rəsmi Bakının milli maraqlarını heç bir qüvvə gözardı etmir. Buna cəhd olduğu halda adekvat cavab özünü çox gözlətmir. Bu mənada 44 günlük Vətən müharibəsindən sonra proseslərin Azərbaycanın maraqlarına uyğun şəkildə davam etdiyini görürük".

  

 





19.04.2024    çap et  çap et