525.Az

FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar


 

FİFA-nın ikiüzlülüyü - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

İlham Əzizov, yazıçı:

- Dünən dramatik "Mançester Siti"-"Real" oyununa baxa-baxa düşündüm ki, Rusiya klublarını beynəlxalq futbol oyunlardan uzaqlaşdırmaq qərarı çox absurd və ədalətsiz qərardı. Futbolun siyasətə nə dəxli var?

Top oyunudur bu, top!

"Spartak", "Zenit", MOİK, "Dinamo" kimi klublar çempionatlara rəng qatırdı. İllərlə bizim torpaqlarımız işğalda qaldı, Ermənistan millisi, klubları hər yerdə oynadı, İsrail, Amerika da o cümlədən.

İdman oyunları, əsas da futbol insanları birləşdirən və ölkələri sevdirən azsaylı nəsnələrdəndir. Dünyanın bəlkə də yarısı ölkələri bu oyuna görə tanıyıb sevir. Dünyada da ən çatışmayan şey sevgidir.

FİFA ikiüzlülük edir...

 

Səadət Məmmədova, jurnalist:

- Biz tələbə olanda bu cür layihələr, tədbirlər xəyal kimi görünürdü...

Ürəyimiz gedirdi ki, fakültəmizdə ictimai tədbirlər olsun, peşəkarlar gəlsin, yaradıcı görüşlər keçirilsin, onlarla ünsiyyətdə olaq, özümüzü media proseslərinin bir parçası hiss edək...

Xəyallar gerçəkləşir, düzdür onlar reallaşanda sən artıq bunu arzulayan tələbə olmursan, gerçəkləşən xəyalın özü olursan... Bu gün doğma fakültəmdə Mətbuat Şurası otağının açılışı edənlərdən olmaq qismətimdə varsa, çox qürurluyam...

Bəlkə də indiki tələbələrin xəyalları və hədəfləri tam başqadır... Amma şəxsən mən özümü orada Mətbuat Şurası sədrinin müavini ilə bərabər, həm də xəyalları gerçəyə dönən tələbə kimi hiss etdim. Hələ dərs keçdiyimiz auditoriyaya da getdim, üzüm, ürəyim güldü: düz 30 il əvvələ qayıtdım - 1994-2024!

BDU rektoru Elçin Babayev də Jurnalistika fakültəsində "Azərbaycan Mətbuat Şurası" auditoriyasının açılışına elə tələbə qədər maraqla və həvəslə gəlmişdi. Dedi ki, arada mən də gəlib bu auditoriyadakı tədbirlərdə oturacam, dinləyəcəm.

Bir sözlə, Jurfakdakı "Mətbuat Şurası" auditoriyası

tələbələrin praktik bilik və bacarıqlara yiyələnmələrinə kömək edəcək.

 

Asif Nərimanlı, jurnalist:

- Rusiya sülhməramlıları Qarabağdan çıxır. 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizminin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər:

- Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür;

- Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər.

Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxdı. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar.

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var idi. Bu haqda hələ 10 noyabr razılaşmasından sonra yazmışdıq.

- Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə, münaqişə bitməyəcəkdi;

- Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəflərin - ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi;

- Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi;

Rusiya qoşunlarının bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırkı nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir.

 

Etibar Cəbrayıloğlu, jurnalist:

- Televiziya kanallarındakı bayağı, "dartma yaxam cırıldı" verilişlərindən çoxları gileylənir, narazılığını bildirir.

Amma efirdə görünən maraqlı, intellektual layihələr barədə də danışmağa, müzakirə açmağa sanki xəsislik edir.

ATV kanalında yayımlanan "Səhnə" verilişi mənim fikrimcə, çox maraqlı və lazımlı bir layihədir. Xalq artisti Fəxrəddin Manafovun aparıcı kimi seçilməsi də doğru addımdır, məncə.

Azər Xəlilov başda olmaqla ATV komandasına, "Səhnə"nin ideya müəllifi və layihə rəhbəri Ələkbər Tağızadəyə, əməyi keçən hər kəsə təşəkkürlər.

Layihənin epiqrafında deyildiyi kimi, teatr həyatın bir hissəsi deyil, əksinə, həyat teatrın bir parçasıdır...

 

Lalə Əliyeva, Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri:

- Axır vaxtlar hansısa serialda yumora reaksiya verdiyim yadıma gəlmir. Amma "Alatava"ya baxıb az qala hər epizoda güldüm. Düzdü, mənə yoldaşlıq edən Abdulqanidən utanırdım bir az. Elə Abdul da başını aşağı salmışdı. Niyə? Hə, niyəsi qəliz məsələdir...

İş ondadı ki, əvvəllər istedadlı insanların məşhurlaşmaq üçün televiziyaya ehtiyacları vardı. İndi tam əksinə. Telekanallar yutub və s. şəbəkələrdə populyarlıq qazananlardan reytinq cədvəlində qədlərini düzəltmək üçün kömək umurlar.

Yəni son illər kiçik büdcəli filmlərdə sözlərini demiş Əlixan Rəcəbov, Taleh Yüzbəyov öz yollarına sadiqdirlər. Ölkədə ən ağır sınaqlarla üzləşən, yaşamaq uğrunda mübarizədə əzilən, tapdanan təbəqənin yanındadırlar. Rus demiş, "razve çto" janrın tələblərinə uyğun, adətən açıq səsləndirdikləri ağır söyüşləri hələ ki, İTV-nin xatirinə bir birinin qulağına pıçıldayırlar... "hələ ki" ifadəsini ona görə işlətdim ki, söyüş də təbiiliyin, səmimiyyətin, həqiqət və ədalətin tərkib hissəsi sayılır, onsuz süjetin və dialoqların "ədvası" azalır ki, adlarını çəkdiyim rejissor, ssenarist, layihə rəhbərləri buna uzun müddət yol verməzlər.

Yaxşı bəs İTV niyə yolunu dəyişir? Çiçəklənən vətən naminə konyukturaya ciddi riayət edib, sosial həyatdakı qatı qaranlıqları çömçə ilə qarışdıran məşhur aparıcıların canlı efirlərinə qədər "əyilmədiyi" halda, "Əqrəb mövsümü", "Alatava" kimi seriallar vasitəsilə problemlərin və söyüşlərin qaynaşdığı acı gerçəyin bədii mənzərəsini prime time rahat əks etdirir?

Bəlkə İctimai kanal cəmiyyətin bütün təbəqələrini qucaqlamaq istəyir? Bəlkə də reytinq savaşında zirvələrə bayraq sancacaq? Bilmirəm. Mən hər halda bu məsələni də xeyirə yozuram. Amma yenə də... nə olursa olsun... efirdən "bildiyin p..x", "q...ə", "o...ş" və qeyri ibarələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsinin əleyhinəyəm.

 

Elxan Şahinoğlu, politoloq:

- Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycan üçün zərəri yoxdur. Əksinə, Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, iki bölgənin - Mərkəzi Asiyanın və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasıyla bağlıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır. Ermənistan da bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər, bir şərtlə ki, Azərbaycanla sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsın. Tokayev Paşinyana bunları anlatmağa çalışıb. Tokayevin Azərbaycanla Ermənistan arasında danışıqlarda Qazaxıstanın platforma kimi istifadəsi təklifi də müsbət dəyərləndirilməlidir. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bir-birimizi tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Qazaxıstan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq Qazaxıstanın görüşlər üçün məkan yeri seçilməsi tərəflər üçün məqbuldur.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Rusiya sülhməramlılarının ölkəmizi nəzərdə tutulduğundan da tez tərk etməyə başlaması həqiqətən nəhəng bir işdir.

Xüsusən də vaxtından tez çıxması ağlasığmazdır .

Bir çox siyasətçilər düşünürdü ki, Rusiya ölkəmizə uzun müddət qalmaq üçün gəlib. Çoxlarının proqnozları alt-üst oldu.

Müstəqil Azərbaycan üçün çox böyük uğurdu.

Bununla da Azərbaycan suverenlik məsələsini tam və qəti olaraq həll etmiş oldu.

lll

Bu günə olan məlumata görə, aşağıdakı xarici TV kanalların və platformalarn Azərbaycanda fəaliyyəti dayandırılıb:

Megogo

İLOOK TV

VipDrive

TVLider

MeLord

İseeTV

ZeDoom

BrendTV

TOP İPTV

TTV

SHARA-CLUB

Only4.tv və s.

Bəzi xarici TV-lərin saytları Azərbaycanda aktiv olsa da, artıq onlarda da qeydiyyat və istifadə  mümkünsüzdür.

Məlum olduğu kimi, bir müddət öncə Audiovizual Şura ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xarici internet TV kanalların, yayımla məşğul olan xarici platformaların internet resurslarının bloklanması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Cari ilin əvvəli məhkəmə yuxarıda adı çəkilən və bu siyahıda olmayan digər bir çox audiovizual subyektlərə Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

RİNN də bu qərarın icrası üçün provayderlərə müraciət edib.

Xatırladıram ki, "Media haqqında qanun" qüvvəyə minəndən sonra ölkə ərazisində internet üzərindən  əlçatan olan bütün xarici TV subyektlər "platforma yayımçısı" və "sifarişli yayım operatoru" olaraq Audiovizual Şuradan lisenziya almalıdır.

 





19.04.2024    çap et  çap et