525.Az

Tanqo terapiyası nədir?


 

Tanqo terapiyası nədir?<b style="color:red"></b>

Bədən ruhun aynasıdır deyirlər. Düşüncə, ruh və bədən arasındakı əlaqəni araşdırarkən istifadə olunan vasitələrdən biri də rəqs terapiyasıdır. Sənət terapiyası adlanan rəqs terapiyasının əsas məqsədi düşüncə ilə hərəkətlər arasındakı uyğunluğu tapmaqdan ibarətdir. Bir çox araşdırmaçılara görə, insan fiziki aktivlik göstərəndə bu, onun emosional və psixoloji vəziyyətinə də təsir edir. Terapiya növü kimi müraciət edilən rəqslər arasında ən çox adı çəkilənlərdən biri də tanqodur.

Xoreoqraf, müəllim, "Gülistan" rəqs ansamblının bədii rəhbəri, "Baku Tango Therapy" məktəbinin yaradıcısı və müəllimi Lenay Seidəli-zadə "525"ə açıqlamasında bildirib ki,  gündəlik gərginliklərini aradan qaldırmaq və özgüvən hissi əldə etmək üçün tanqo terapiyasına fərqli peşələrdən gələn insanlar var: "Bu terapiya ilə məşğul olan zaman orqanizmdə plastiklik artır və insanda "mən öz bədənimi daha yaxşı idarə edə bilirəm" - fikri formalaşır. Tanqo yaxın təmasla bağlı olan bir rəqsdir. Bizə müraciət edənlər arasında qadınlar  çoxluq təşkil edir. Ailə quran cütlüklərlə məşq zamanı onların hansı etaplardan keçdiyinin şahidi oluruq. Tanqoda cütlüklər özlərini necə göstərirlərsə, şəxsi münasibətlərində elə davranırlar. Onlar tanqoya gələndə həm rəqsi öyrənir, həm də psixoloji problemlərini həll edir və nəticə olaraq özlərini yaxşı hiss edirlər.

Tanqo terapiyasının aradan qaldırdığı problemlərə stress, özgüvən əskikliyi, həyəcan, təşviş və s. daxildir. Bəzən tanqonu meditasiya, teta healing terapiya növləri ilə əlaqələndirirlər. Lakin meditasiya zamanı bədən passiv vəziyyətdə olduğu halda tanqoda həm də fiziki anlamda hərəkətdə olur. Tanqonu əhatə edən bədən, zehin və ruhdur. Bəzən terapiyaya  başlayanlar məşq etsələr də, rəqslərə qoşulmaq istəmirlər. Bu, ilk günlərdə insanın özünü həssas hiss etməsindən irəli gəlir. Belə anlarda müəllimin rolu böyükdür. Uzun illər ərzində həm Argentina tanqosu, həm də milli rəqslər, rəqs terapiyası, digər nəzəri fənlər üzrə müxtəlif ustad dərsləri keçirmişəm və fərqli insanlara rast gəlmişəm. Onların arasında çox tez öyrənənlər də, rəqsləri çətin və uzun müddətə mənimsəyənlər də olub".

Mütəxəssislərin qənaətincə, tanqo dərsləri bir çox xəstəlikləri də sağaldır. Burada hərəkətlərin ardıcıllığı xüsusi önəm daşıyır. Daha effektli nəticəyə nail olmaq üçün tanqo ilə məşğul olanlara  özlərini rahat hiss edə biləcəkləri atmosfer yaradılmalıdır.

Qeyd edək ki, Argentina tanqosu YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil olunub. 2019-cu ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq Tanqo Festivalına ev sahibliyi edib.

Alimlərin araşdırmalarına görə, tanqonun insanlara məlum olmayan bir çox müalicəvi xüsusiyyətləri var. Məşğul olmağa başlayandan dərhal sonra insanlarda bu rəqsə münasibət dəyişir.

"INSUN" Yaşam Mərkəzinin mütəxəssisi, psixoterapevt Roza Şıxlinskaya açıqlamasında bildirir ki, Tanqo terapiyası 18 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulsa da, istisna hallarda 16 yaşda da qəbul olunur: "Tanqo insanlarda  emosional intellekti inkişaf etdirir. Əgər insanlar davranışlarını dəyişdirmək istəyirlərsə, tanqodan başlaya bilərlər. Terapiya zamanı baş verən dəyişiklik insanın istəyindən asılıdır. Elə insanlar olur ki, sadəcə rəqs edib getmək istəyirlər, elələri də var ki, ciddi şəkildə tanqonun fəlsəfəsini daha dərindən öyrənmək istəyir".

Mütəxəssislər bildirirlər ki, tanqo fəlsəfi rəqs olduğuna görə insanın xarakterini də dəyişir. Məsələn, uzun müddət bu terapiya ilə məşğul olanlar daha təmkinli və  özgüvənli olur, partnyorunu dinləməyi bacarırlar. Bu rəqs  terapiyası daha çox problemlərini açıq şəkildə danışmağı bacarmayan şəxslər üçün məsləhət görülür.

Havar ŞƏFİYEVA

 





19.04.2024    çap et  çap et