525.Az

Estetik əməliyyatlara maraq niyə artır?


 

Estetik əməliyyatlara maraq niyə artır?<b style="color:red"></b>

Neçə illərdən bəri bir çox Avropa ölkələrində dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa başlayıb. Əvvəllər estetik əməliyyatlara əsasən sənət adamları, şou-biznes nümayəndələri müraciət edirdilərsə, indi belələrinin arasında sadə vətəndaşlara da çox rast gəlmək olur. Estetik cərrahiyənin müəyyən üstünlükləri ilə yanaşı, fəsadları da az deyil. Mütəxəssislər dəfələrlə bildiriblər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Hətta ölkəmizdə də belə halların dəfələrlə şahidi olmuşuq.

Terapevt Fərqanə Səfərli "525"ə açıqlamasında bildirir ki,  insanların intellekt səviyyəsinin inkişaf etməsi onların xarici görünüşünə və bədən quruluşuna daha çox əhəmiyyət verməsinə gətirib çıxarır: "İnsanda xarici görünüşündəki qüsurlar aradan qalxdıqca özgüvən artır, psixoloji olaraq həyata bağlılığı çoxalır. Plastik cərrahiyyə rekonstiktiv və estetik olmaqla iki qola ayrılır. Rekonstruktiv cərrahiyyə zəruri olan qüsurları aradan qaldırmaq və qismən əvvəlki vəziyyətə gətirməkdir. Buraya çapıqların aradan qaldırılması, xərçəng əməliyyatından sonrakı defektlərin götürülməsi, doğum sonrası bədən qüsurlarımın şəkillənməsi və sairə aiddir. Estetik cərahiyyə isə xarici görünüşü dəyişmək və pasiyentin öz istəyi ilə bədənə yeni şəkil verməkdir".

F.Səfərlinin sözlərinə görə, bədən şəkilləndirmənin müsbət tərəfləri ilə yanaşı, çətin və qorxulu tərəfləri də var: "Bu, fərdi risk daşısa da, digər əməliyyatlar kimi bəzən həyati risklər də yaradır. Estetik əməliyyatlar zamanı  şəkərli diabet xəstələri, ürək-ağciyər çatışmazlığı olanlar, allergiya riski daşıyanlar və xəstələr daha diqqətli olmalıdırlar. Fəsad hər zaman gözləniləndir, bunun üçün həmişə peşəkarlara müraciət edilməli və yüksək keyfiyyətli xəstəxanalara üz tutulmalıdır. Məsələn, aparılmış liposaksiya prosedurunda həkim lazımi miqdarda artıq çəkinin azalmasına yol verərsə, bu, maddələr mübadiləsinin, həm lokal, həm də ümumi qan dövranının pozulmasına gətirib çıxarır. Eyni zamanda, estetik əməliyyatlarda hematoma (dərialtı və bədən boşluqlarına qan yığını) və yüksək infeksiya təhlükəsi qaçılmazdır. Demək olmaz ki, hər insan orqanizmi əməliyyata eyni cür reaksiya verir. Amma həkimin məsləhətlərini dinləmək, vaxtlı-vaxtında müayinələrə getmək, öncədən ətraflı müayinə olunmaqla gözəl görünmək istəyinə daha sağlam şəkildə çatmaq olar. Düzgün aparılmış estetik əməliyyatın faydaları da kifayət qədərdir. Məsələn, rinoplastikadan (burun əməliyyatı) sonra nəfəs yollarında hava axının rahat bərpası həm komfort hissini bərpa edir, həm də sonradan ortaya çıxacaq problemləri aradan qaldırır".

Psixoloqlara görə, estetik əməliyyatların psixoloji tərəfləri də var. Bəzi insanlarda özgüvən problemi yaşanır və özlərini daha yaxşı hiss etmək üçün onlar estetik əməliyyatla üz tuturlar. Psixoloqlar onu da məsləhət görürlər ki, bir insan plastik cərrahiyyəyə getməzdən əvvəl psixoloqa müraciət etməlidir.

Sosioloq Lalə Mehrəli açıqlamasında bildirir ki, son dövrlər gənc nəslin, xüsusilə qadınların üz-bədən quruluşları onları qane etmir: "Şahidi oluruq ki, estetik əməliyyatlardan istifadə edən bir çox insanlar bir-birinə bənzəyirlər. Bunu adətən şəhər yerlərində daha çox müşahidə etmək olur. Araşdırsaq görərik ki, bəzən normal buruna sahib olan insanlar da estetik əməliyyata girməyə meyillidir. Bir çox insanlar bədənə müdaxilənin sonrakı fəsadlarından məlumatsızdırlar. Özündə bir şeyi bəyənməmək qəbul olunandır, lakin qəliblərə salmaq, kiminsə diktəsindən sonra öz orqanizmdə dəyişikliyə meyilli olmaq artıq sağlam psixologiyadan kənardır.  Əvvəlki illərə nisbətən hazırda spesifik gözəlliyi olan qızlara çox az rast gəlinir. Əvvəllər bir qızın gözəlliyindən bəhs etmək üçün  hansısa bir nişanəsi olurdu. Lakin indi hansısa təbii gözəlliyi olan qıza çox az rast gəlinir. Bunun səbəbi isə bütün nahiyələrinə standart vəziyyətə gətirilməsidir. Bu, başqa adamların fikirlərinə önəm verməkdən irəli gəlir. İnsan yaradanın verdiyi görünüşü ilə qane olmaya bilər, lakin bunu silsilə hala gətirib, estetik əməliyyatlardan asılı qalmaq   psixologiyanın yerində olmadığının göstəricisidir".

Havar ŞƏFİYEVA

 





19.04.2024    çap et  çap et