525.Az

“Bu qərarın faydası haqqında fikir söyləməkdən uzağam"


 

“Bu qərarın faydası haqqında fikir söyləməkdən uzağam"<b style="color:red"></b>

“Bu qərarın necə icra olunması və onun ali təhsilə necə fayda verməsi barədə bu gün fikir söyləməkdən uzağam"

525.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Nazirlər Kabinetinin "Dövlət ali məktəblərinin işçilərinin əmək haqlarının və ona əlavələrin verilməsi barədə qərarı"nın ləğv edilməsindən sonra ali məktəb rəhbərliyi istədiyi müəllimə müəyyən çərçivələr daxilində əmək haqqı verməlidir:

“İndiyədək bu çərçivə bəlli idi və Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilirdi. Buna görə də indi hər halda həm nazirlik, həm də hər bir ali məktəb səviyyəsində müəyyən çərçivə sənədləri hazırlansa və ilkin vaxtlarda bu məsələ tənzimlənsə, daha səmərəli olar".

Nazir qeyd edib ki, hazırda ali məktəb rəhbərlərləri də bu məsələ ilə bağlı ona tez-tez müraciət edirlər. Ümumilikdə Nazirlər Kabinetinin son qərarını ürək açan bir sənəd hesab edən nazir deyib ki, hər bir zaman təhsil müəssisələrinə muxtariyyət hüququnun verilməsi arzu edilib:

“Ali məktəblərin bu hüquqları nə qədər geniş olsa, bir o qədər yaxşı olar. İndi də Azərbaycan Hökuməti Maliyyə Nazirliyinin təklifi ilə ali məktəb işçilərinin əmək haqlarının müəyyənləşdirilməsi məsələsini ali məktəblərin rəhbərliyinə - Elmi Şuraların ixtiyarına verib. Bu, əslində sevindiricidir. Amma mən uzun müddət ali məktəbdə çalışmış bir insan kimi bu qərarın necə icra olunması və onun ali təhsilə necə fayda verməsi barədə bu gün fikir söyləməkdən uzağam".

S.QARAYEVA

 





12.11.2012    çap et  çap et