Mısmırıqlı, qaradinməz adamlarla elə də aram yoxdur. Daha doğrusu, onlardan ya uzaq qaçıram, ya da mütləq sözüm çəp gəlir. Amma qəhrəmanımla elə olmadı. Niyə? Çünki onun o çatılmış qaşlarının, əsəbilik yağan üz-gözünün dərinliyinə hakim bir kədər vardı. İlk baxışdan qaşqabaqlı görünsə də, əslində, nə qədər kövrək, az qala, dindirsən uşaq kimi ağlayacaq küskünlükdə idi. Bilmirəm, bəlkə də, premyera öncəsi həyəcan, ya da “amansız rejissor”unun sənət və həyat tənələrindən yorulmuşdu. Bütün hallarda, ilk andan gözüm onu aldı və elə oradaca qərar verdim ki, iki daşın arasında da olsa, mən onunla həmsöhbət olacam. Oldum da...
Əməkdar artist Aidə Qasımovanı Ağdam Dövlət Dram Teatrının son onillikləri ilə tanış hər kəs yaxşı tanıyır. Ömrünü, sizə zarafat gəlməsin, bütün ömrünü bu teatra həsr edib. Beləcə, nisgilli uşaqlığını, həsrət dolu gəncliyini, qayğı dolu orta və ahıl yaşını başı qovğalı Ağdam teatrı ilə baş-başa verərək keçirib. Düzdür, o, taleyindən razı deyil. Daha doğrusu, narazı görünməməyə çalışır. Amma bir Allah bilir ki, internatda uşaqlıq yaşamadan böyüyən və həyatın amansız sınaqları ilə anadan olandan döyüşən bu qadın hələ danışmadan nələr deyər. Zərif, çəlimsiz, az ala çiyinlərində Ağdam boyda dağılmışlığın xatirə yükünü daşıyan qadın həyata inad yenə səhnədədir, sənətdədir, teatr adlı öz-özünü ovundurmaq ünvanındadır. Nə bilim, bəlkə də aldatmaq?..
Onunla söhbəti “Qisas” tamaşasının premyerasından sonra elədim. Tamaşada da əzabkeş, atılmış, tərk edilmiş, asanlıqla dəyişdirilmiş qadını – Ananı oynayırdı. Yəqin elə buna görə də həyatı ilə obrazı arasında çarmıxa çəkilmiş İsa sayağı əzab çəkir, göz yaşları sözünə qulaq asmırdı. Tamaşa bitdi, alqışlar, təbriklər səsləndi. Amma Aidə xanımın eyni açılmadı ki, açılmadı.
Onu ovqata kökləmək üçün teatrın iki gənc və istedadlı aktyorunu – Anar Əhmədovu və Hakim Cəfərlini ayaqüstü söhbətə tutdum. Onlardan rayon teatrında çalışmağın, gənc kimi bölgədə, ucqar səhnədə nə umub, nə tapdıqlarını xəbər aldım. İnsafən, hər ikisi çox optimist danışdılar. Hərçənd xeyli yorğun, daha doğrusu, yeni bilgilərə, maraqlı yozumlara, fərqli rejissor baxışına ac təsiri bağışladılar. Oynadıqları tamaşalardan, ümumən, rollarından sevgi ilə bəhs etdilər.
Sözsüz ki, təhsilləri və istedadlarının daha da artması, püxtələşmək, yeni səhnə, sənət meyl və maraqlarına, forma və üslublara adekvat əsərlər, quruluşçular arzularını da gizləmədilər.
Onlarla söhbəti özüm qəsdən uzadır və əsas qəhrəmanımın – Ağdam teatrının ən bəxtəvər, Ağdamın ən abad günlərini görən Aidə xanımın xatirələrilə reallıq arasındakı təzaddakı halını görmək istəyirdim. Nəhayət, söhbətə o da qoşuldu. Özü də keçmiş və indiki sənət dostlarını xatırlamaqla: “Ağdam teatrının əsas binası dağıldı. Təkcə binamı? Gör nə qədər insanın taleyi məhv oldu. Teatr məbəddir, onu dağıtmaq olarmı? Amma mənfur qonşular dağıtdılar. O teatrda mənim ruhum qalıb. Gəncliyim, sevgim, ömrüm, arzularım... Mən həyatımı danışsam, çox kədərli bir roman, uzun film alınar. Çünki mən tək, tənha olmuşam. Heç kimin həyatı mənimki qədər kədərli ola bilməz, yəqin. Çox zülmlər çəkmişəm. Göydə Allah, yerdə də mən tək olmuşam. Anlaya bilirsən, qızım, tək?!.” deyəndə duruxdum. Bir az baxışdıq. Davam elədi: “Gedə bilərdim. Amma getmədim. Axı o teatra bağlanmışdım. Ora mənim yuvam idi. Çıxsam, qanadım qırılardı. Kim məni qanadları altına alardı o teatrdan, teatrdakılardan başqa?!”
“Gəlin lap əvvələ gedək. Elə sizin də, bizim də qayğısız uşaqlığımıza” deyəndə elə qəhqəhə ilə güldü ki, elə bildim, divarlar, teatrın hazırda yerləşdiyi Quzanlıdakı Mədəniyyət evinin tabdan düşmüş divarları çilik-çilik olacaq. Bir anlıq obrazda olduğunu zənn edib diqqət kəsildim: “Nə? Qayğısız? Ah, siz deyəsən məni dinləmirsiz, axı, xanım qız. Bayaq dedim, mən... Yaxşı, başlayaq da” deyib titrək əllərini saçlarında gəzdirdi. Üzü bir az aydınlandı, baxışları mədəniyyət evinin açıq qapısından uzaqlara – təzəcə çiçək açan ağacların budaqlarında “sallaşdı”.
Sevindim, anladım ki, nə isə gözəl xatirə tapıb: “14 iyul 1951-ci ildə doğulmuşam. Ağlım kəsəndə evim internat olub. Buraları keçək. Hə, Ağdam teatrı hələ açılmamışdı. Rejissor vardı, rəhmətlik Əməkdar artist Heydər Şəmsizadə. Bir gün internata gəldi. Dedi ki, teatra həvəskarlar yığırıq. Baxdı, bir neçə yeniyetməni seçdi. Amma bir gözü məndə idi. Qəribə oldum ki, bu mənə niyə belə baxır. Nə isə, mən teatrı istəmədim. Müğənni olmaq istəyirdim axı. Amma o da alınmadı. Nə isə... 1968-ci ildə Ağdam Teatrına gəldim. Həmin adamı burada görəndə çaşdım. Öyrəndim ki baş rejissordur. İlk rolum Bəxtiyar Vahabzadənin “Vicdan” əsərində Mirəstər oldu. 17 yaşımda 40-45 yaşlı qadının rolu ilə gəldim səhnəyə. Elə bil, o vaxtdan ruhumu qocaltdılar. Amma sevərək oynadım. Yadımdadır, Bəxtiyar Vahabzadə özü də gəlmişdi premyeraya. Qısacası, Ağdam teatr pərdələrini açanda səhnədə mən də vardım.
Həyatda heç nə qazanmasam da, sənətdə qazancım fəxri adım, rollarım, qısacası, sənət ömrümdür”.
Qadın üçün bölgədə çalışmaq, aktrisa olmaq elə də asan deyil. Ailə ilə sənəti bir yerdə saxlamaq onda müşkül idi, yəqin ki.
Həmsöhbətim yuxarıdakı fikrimin davamı olacaq sualımı gözləmədən “Amma indi mühit, münasibət daha yaxşıdır. Onda da teatrımızda yaxşı ailə mühiti vardı, hətta evli cütlüklərimiz də... Çünki Heydər Şəmsizadə, Rauf Atakişiyev, Məmmədkamal Kazımov kimi böyük, zəngin mənəviyyatlı rejissorlar çalışıb bizim teatrda. Dövr üçün maraqlı tamaşalar oynanılıb”, - dedi.
Mənim “Amma rejissorlar heç də həmişə haqlı, ədalətli olmurlar” fikrimlə qismən razılaşsa da, sənət həyatından sitatı da unutmadı: “Düzdür. Amma mənim aktyor taleyimdə yaxşı rejissorlar daha çoxdur. Mərhum Əməkdar artist Vaqif Şərifovun quruluşunda “Sən nə üçün yaşayırsan?” tamaşasında Neylanı oynayırdım. Dublyorum da onun həyat yoldaşı, gözəl aktrisamız, bənzərsiz Simuzər Namazovaidi. Amma Vaqif müəllim məşqlərin birində məni təriflədi. Əslində, bizdə ən yaxşı aktrisalardan idi Simuzər. Ümumiyyətlə, o cütlük möhtəşəm idi. Onu da düz deyirsiniz ki, teatr adamları çox vaxt səhnədə mehriban dost, arxada isə düşmən olurlar. Sizə “Amma bizdə belə deyildi” kimi yalan da danışa bilmərəm. Sadəcə, o vaxt sağlam rəqabət vardı. Hər kəs ən yaxşısı olmaq üçün çalışırdı, əmək sərf edirdi. Özünüz də bilirsiniz axı, teatrda daim belə intriqalar, söz-söhbətlər olur. Yəqin teatrın da sirri bundadır.
Amma mən heç kimin paxılı olmamışam. Fəxri adımı da 2013-cü ildə almışam. Heç inanmırdım, gözləmirdim də. Adımı siyahıda görəndə gözlərimə inanmadım”.
Teatra həvəskar kimi gələn və müğənniliyi aktrisalığa dəyişməyə vadar olan A. Qasımova 1978-ci ildə indiki ADMİU-nun Dram və kino aktyorluğu fakültəsinə daxil olur. Ustad sənətkar-pedaqoqlardan dərs alır. Deyir təhsil alıb qayıtdıqdan sonra rollarım daha da artdı: “Fərqli rollar oynadım. Eh, xeyli arxivim, şəkillərim vardı. Hamısı Ağdamda qaldı. Canımı götürüb qaçdım. İndi kimlərinsə arxivində o şəkillərdən tapanda elə bilirəm, dünya mənimdir. Axı, o ağ-qara fotolar ani səadətimin, çətin ömrümün səhnədə keçən xoşbəxt analarımın yadigarlarıdır. Ağdam işğalda olanda çox çətin oldu. Özümə gələ bilmədim. Savaş və müəyyən haqsızlıqlar məni incitdi. Amma müharibə bütün əzabların betəridir. Ağdam işğal olunanda elə bildim ki, ruhum ölüb. Özümlə bircə köhnə çamadanımı götürdüm. Üstünü toz basan o çamadan mənim Ağdama, yeni teatr binamıza aparacağım tək şahidimdir. İnşallah, ömür macal verər və mən Ağdam teatrının binasının yerləşdiyi o əzəmətli meydanda yenidən dolaşaram. Axı, mənim keçmiş ilə bağlı gerçəkləşməyən arzularım var...”
Həmsöhbətim deyir 1968-ci ildən üzü bəri 100-dən artıq tamaşada müxtəlif rollar oynamışam. Özüm üçün siyahısını da tutmuşam: “Nə bilim, xatirədir də. Çoxunun afişası, proqramı qalmayıb. Amma yaddaşımda izi əbədidir və nə yaxşı ki, məni yaşatmaq üçün teatr adlı səbəbim olub. Bilirsiz, bu teatrın böyük tarixi var. Nəhəng rejissorlar, aktyorlar çalışıb bu teatrda”.
Sonra onunla Ağdamdakı son məşq gününə qayıtdıq: “Köhnə, doğma binamızda son məşqimiz, son tamaşamız Altay Məmmədovun “Erməni parlamentindən reportaj” əsəri idi. Rəhmətlik sənət dostumuz, böyük aktyor Tofiq Qarayev hazırlayırdı. O an atışma başladı və məşq yarımçıq qaldı. Binamızın arxasındakı əraziyə qaçışıb yerə sərildik. Atışma səngiyən kimi oradan evimə qaçdım. Qapımı da bərk-bərk bağladım. İstədim, ölsəm də, orada – güclə qurduğum balaca yuvamda qalım. Axı mənim teatrdan başqa evim heç vaxt olmamışdı. Onu da yenicə qurmuşdum. Amma... Bax, belə...
Sonra didərginliklə çarpışdım. Mənim kim olduğum Allaha bəllidir. Heç oralara qayıtmayaq. Hə, bir qızım var. Sevgimi ona verirəm, analıq hissim nənəliklə əvəzləndi. İndi də iki nəvəm var. Belə bir həyat. Bir-birimizə söykənərək yaşayırıq...”
“Deyəsən öz nəslinizin aktyorları üçün yaman darıxırsınız. Bütün sözləri, sitatları onlardan gətirirsiniz” deyəndə sözümü ağzımda qoydu: “Əlbəttə, çünki o zaman hər nəsildən zəngin truppamız vardı. İndi isə teatrın ən yaşlı aktrisası mənəm. Bilmirəm buna sevinim, ya... amma sevinmirəm, əksinə, çox pis oluram. Darıxıram onlar üçün. Qurban Mirzəyev, Narınc Məlikova, Qaflan Muradov, İbrahim Yusifov, Yəhya Rzayev, Oqtay Xəlilov, Firəngiz Abbasova, Cəmilə Məmmədzadə, Simuzər Namazova, Fəqumə Yusifova, Suliddin Quliyev və daha kimlər, kimlər... Teatr qaynayırdı e...
Bax, indi gəlirəm, məşq edirəm, tamaşamı oynayıb gedirəm. Dərdləşməyə, söhbətləşməyə heç kimim yoxdur. Düzdür, onlardan – gənclərdən hörmət, xoş münasibət görürəm. Amma mən dünən üçün, dünəndə qalanlar üçün çox darıxıram”.
Sonra nə oldusa dayandı, oturduğu yerdən cəld qalxaraq ərkyana əlini çiynimə vuraraq “Dur, gedək bir az gəzək. Sonra Bakıya gedib “Ağdamda belə bədbin qarı vardı” deyərsən. Düzdür, 73 yaşım var. Yəni deyinə bilərəm. Amma məni belə xatırlamağını da istəmirəm. Danışdıq?” deyib güldü. Bu dəfə obrazlı yox, özü gülürdü deyə xeyli sevindim...
Həmidə Nizamiqızı


çap et