525.Az

İsrail İranı vurdu


 

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ TƏHLÜKƏSİ

İsrail İranı vurdu<b style="color:red"></b>

Aprelin 19-da səhər tezdən İsrailin İran ərazisinə raket zərbəsi endirməsi ilə bağlı məlumatlar yayıldı. İranın Fars xəbər agentliyinin məlumatına görə, partlayış İranın İsfahan əyalətinin şimal-şərqindəki Kəhcəvaristan şəhərində baş verib. Bu şəhər İsfahan hava limanı və İran Ordusu Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında yerləşir. İranın üç rəsmisi "The New York Times"a açıqlamalarında hərbi bazaya hücum edildiyini təsdiqləyiblər. Lakin onlar zərbənin hansı ölkənin hərbi qüvvələri tərəfindən həyata keçirildiyini dəqiqləşdirməyiblər. "The New York Times"ın İsraildəki mənbələri isə əməliyyatın SAXAL tərəfindən həyata keçirildiyini bildiriblər.

İranın "Mehr" agentliyi İsfahan üzərində üç pilotsuz uçuş aparatının məhv edilməsi ilə bağlı məlumat yayıb. İran Kosmik Agentliyinin nümayəndəsi Hüseyn Dalirianiyə istinad edən agentlik raket hücumu ilə bağlı məlumatın olmadığını qeyd edir. 

"Fars News" agentliyi isə İsfahan əyalətində yerləşən nüvə obyektlərinin hücum zamanı zədələnmədiyini və tamamilə təhlükəsiz olduğu haqqında məlumat yayıb. Nüfuzlu CNN-in agentliyi də bu məlumatı təsdiq edib.

"Tasnim"in məlumatına görə, hava hücumundan müdafiə sistemi Təbrizdə də işə düşüb. Fars agentliyi qeyd edir ki, Təbrizdə hava hücumundan müdafiə sistemi Təbriz neft emalı və neft-kimya zavodundan 2-3 km aralıda yerləşir. Hücumdan sonra İran hakimiyyəti Tehran, İsfahan və Şiraz da daxil olmaqla bir sıra hava limanlarında uçuşları dayandırıb.

CNN-nin məlumatına görə, aprelin 18-də İsrail ABŞ-ı İrana zərbə endirmək planları barədə xəbərdar edib, Agentliyin məlumatına görə, Vaşinqton İsrailin hərəkətlərini dəstəkləməyib. Pentaqon İsrailin hücumu ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

İran-İsrail münaqişəsinin gərginləşməsi aprelin 1-də İsrailin Suriyanın Dəməşqdəki İran konsulluğunu vurmasından sonra başlayıb. Bu zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Rza Zahedi də daxil olmaqla 13 nəfər həlak olmuşdu. İran isə aprelin 14-də İsrail ərazisinə ilk dəfə birbaşa raket zərbəsi ilə cavab vermişdi. Hava hücumu zamanı İran İsrailə 170 pilotsuz uçuş aparatı, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raketlə zərbə endirməyə çalışmışdı.

Həmin hadisədən sonra İsrail buna cavab verəcəyini vəd etmişdi. Lakin heç kim hücumun bu qədər tez olacağını gözləmirdi. Belə məlumatlar vardı ki, İsrail İrana may ayında zərbə endirəcək. Ancaq İsrailin aprelin 19-da, İranın ali dini lideri Seyyid Əli Xameneinin doğum günündə İran ərazisinə zərbə endirməsi münaqişənin daha da qızışacağının işarəsi kimi dəyərləndirilir. Bu hücumdan öncə İranın nüvə müdafiə və təhlükəsizlik qərargahının komandiri briqada generalı Əhməd Həktalaba İsrailin İran ərazisinə hücum edəcəyi təqdirdə, onun nüvə mərkəzlərini vuracaqları ilə hədələmişdi. İranın bu vədinə əməl edib-etməyəcəyi bütövlükdə münaqişənin gələcəyini müəyyən edəcək.

Bir sıra ekspertlər İsraillə İran arasında münaqişənin böyüyərək Üçüncü Dünya müharibəsinə çevriləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Üçüncü Dünya müharibəsinin artıq başladığı fikirində olan ekspertlər var. Bütün bu yanaşma və dəyərləndirmələrdə ümumi bir fikir var. Bu da ondan ibarətdir ki, bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi münaqişələri yaşayır. Təəssüf ki, mövcud hərbi münaqişələrə başqalarının əlavə olma ehtimalı da var. 

 





23.04.2024    çap et  çap et