525.Az

Laçında ilk dəfə: "Xalça belə yarandı..."


 

Laçında ilk dəfə: <b style="color:red"> "Xalça belə yarandı..."</b>

Bu, bir ilk olacaq. Xalçanın yaranışı göz önündə canlanacaq. Nağıl kimi bir gerçək. İbtidaidən aliyə, sıfırdan sonsuzluğa. İdeyanın mahiyyəti nədir?

Həmsöhbətim gələn ay Laçında baş tutacaq möhtəşəm layihənin müəllifi Elnarə Rəsulovadır, Azərbaycan Milli Xalça Muzeyinin sərgilər sektorunun müdiri, çox istedadlı, enerjili bir xanım, əsl ideya generatoru. Həyəcanlıdır, çünki bu, Elnarə xanımın mətbuata verdiyi birinci müsahibədir. Müsahibim danışmaqdan çox işləməyi sevir. İlk söylədiyi nədir? "Mən müsahibə verməyi bacarmıram". "Tamam", - deyib söhbətə başlayıram.

 

- Deyirsiniz, analoqu yoxdur bu layihənin?

- Yoxdur, yox.

- Analoqu olmayan ideyanın anası sizsiniz yəni.

- İdeyanın yox, layihənin... Bu ideyanı ilk dəfə xalça üzərində gerçəkləşdirən çox dəyərli xalça rəssamı Eldar Mikayılzadə olub.

- Hacı Eldarın "Yaranış" xalçasını deyirsiniz yəqin?

- Bəli. O əsərdə xalçanın yaranma prosesi mərhələ-mərhələ göstərilib. Qoyun-quzunun bəslənməsindən, yun qırxımından tutmuş ta xalçanın toxunmasına qədər. Rəssam bütün prosesi bir xalçanın ilmələrinə həkk edib.

- Bəs sizin təqdimatınız nəylə fərqlənəcək?

- Mənim təqdim etdiyim xalçada yox, real həyatda olacaq. Düşünün, açıq havada, Həkəri çayının sahilində - böyük bir meydan - bir tərəfdə qoyun-quzu, bir tərəfdə yun qırxımı, başqa köşədə həmin yundan ip əyrilir, digər köşədə iplər iri qaynar qazanlarda boyanır, bir yanda samovar pıqqıldayır. Xoruzquyruğu çay stəkanları sini-sini. Baş köşədə xana qurulur. Təzə toxunmuş xalça "salama" gəlir. El aşığı dəstəsini başına yığıb dastan danışır...

- Bəh-bəh-bəh... Lap film oldu ki...

- Film, tamaşa, sərgi, adını nə qoyursunuz qoyun.

- Axır ki əsl xalça bayramı, hə? Məqsəd?

- Demək istəyirəm ki, xalça tək bir müəllifin xidməti deyil. İstəyirəm ilk dəfə xalçanın yaranmasında əməyi keçən və arxa planda qalan bütün sənətkarlar görünsün, proses bütünlüklə sərgilənsin.

- İri miqyaslı bir işdir. Təşkilatçılıq hansı quruma aiddir?

- Laçında abadlıq işləri aparan Bakı Abadlıq Xidmətinə müraciət etdim. Xidmətin sözçüsü Lalə xanım Əliyeva ideyanı bəyənib rəhbərliyə təqdim elədi. Oradan da təsdiq cavabı gəldi.

- Bakı Abadlıq Xidməti niyə?

- Bilirsiniz, torpağımız işğaldan azad olunandan sonra Bakı Abadlıq Xidməti Laçında yalnız evlər tikmədi, insanların iş yerləri, mədəni həyatıyla da məşğul oldu. Mən də laçınlıyam axı. İstədim bu niyyətim öz vətənimdə baş tutsun. Sağ olsunlar, dəstəklədilər. Bir şey də deyim, BAX olmasaydı, bu layihəni mən təkbaşına keçirə bilməzdim. Mənə aid olan yalnız ideyadır, onun həyata keçməsi böyük zəhmət tələb edir. Bu mənada "Xalça belə yarandı" bizim birgə layihəmiz sayılmalıdır.

- İxtisasca xalça rəssamı deyilsiniz, eləmi? Amma sizin iki xalçanız Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.

- Elədir, nə rəssamam, nə xalça toxuyan. Xalça mənim sevgimdir. Dediyiniz o xalçalar süjetli əsərlərdir. 30 xalçadan ikisini seçib göndərdilər.

- Süjeti özünüz qurursunuz?

- Qoy lap əvvəldən danışım. Ağlıma bir fikir gəlir. Görmək istədiyim təsviri rəssama - Fəxriyyə Hacıyevaya söyləyirəm, sonra da bərabər işləyirik.

- Uzun prosesdir?

- İşin çətini burada baş verir - masada, xalçanın ideyası yaranır, mayası tutulur, ikimiz bir kollaj yaradırıq. İlkin variant kompüterdə reallaşır. Sonra toxuma prosesi başlanır.

- Laçın sərgisi barədə məlumatlarda bir ifadə diqqətimi çəkdi. İkiüzlü xalça. Adamın ikiüzlüsünü görmüşdük, xalçanın ikiüzlüsünü yox.

- İkiüzlü adamdan uzaq olaq, ikiüzlü xalça isə başqa aləmdir. Azərbaycanda bu texnologiya olmayıb, İranda olub ikiüzlü xalçalar. Laçında təqdim edəcəyim yeni xalçadansa heç yanda görə bilməzsiniz - nə İranda, nə Turanda.

- Dəqiq?

- Dövlət başçısına və ya sərkərdəyə həsr olunan süjetli ikiüzlü xalça toxumaq dünyada heç kəsin ağlına gəlməyib.

- Onda bir az ətraflı danışın...

- Biz Laçından didərgin düşəndə mənim 10 yaşım vardı. Böyük qardaşım Laçının müdafiəsində vuruşurdu. Evin sonbeşiyi idim. Çətinlik də gördük, kasıblıq da. Laçına qayıdanda isə 10 yaşlı qızımla getdim. Sevincimin həddi-hüdudu yox idi. Düşündüm ki, mütləq bu şükranlığımı bir xalça əsərində bildirməliyəm. Qərara gəldim ki, xalçanın bir üzü Ümummilli liderə, digər üzü cənab Prezidentə həsr olunsun. İpək və yundan toxunan xalça 2 il dörd aya tamamlandı. Əvvəl mənə dedilər ki, bu texnologiyanı Bakıda toxuya bilməyəcəklər, sifariş verək İranda toxunsun. Razı olmadım. Belə mövzulu, belə dəyərli bir iş yalnız öz xalçaçılarımızın əlindən çıxmalıydı. Bülbülə qəsəbəsində dörd gənc qız - Nailə Qəhrəmanova, Nəzakət Əhmədova, Zülfiyyə Güloğlanlı və Mina Məmmədova bu mürəkkəb işin öhdəsindən gəldilər.

- Unikal əsərdir deməli.

- Əsərin unikallığı həm də onun səsli olmasıdır.

- Səsli? Yəni xalça danışır deyirsiniz?

- Bəli, danışır. Laçında baş tutacaq layihədə xalçamızı həm ilk dəfə görəcəksiniz, həm də səsini eşidəcəksiniz.

- Niyə məhz Laçın?

- O xalçanın ilk ilməsi vurulandan əhd eləmişdim ki, təqdimatı Laçında olsun.

- Sağlıq olsun. Həyatda ilk gördüyünüz xalçanı, xalçayla ilk təmasınızı necə xatırlayırsınız?

- Laçını xatırlayıram. Nənəmgilin evindəki xananı. Xalamın o xanada xalça toxumağı yadımdadır. Bir də anamın cehizlik xalçası vardı. Özü qız vaxtı toxumuşdu. Hər naxışı, hər bəzəyi xatirimdədir. Anamın o xalçaya olan sevgisi bizə də keçmişdi.

- Sevgiyə baxmayaraq, xalçaçı olmadınız, amma xalça taleyinizə çevrildi. Necə?

- İki diplomum var - maliyyəçi və iqtisadçıyam. İndi də Türkiyədə qiyabi təhsil alıram. Bu, mənim üçüncü diplomum olacaq.

- Heç biri də sənətlə bağlı deyil?

- Yox.

- Bəs muzeyə necə gəlib çıxdınız?

- Tam təsadüfən. Adi evdar xanım idim, iki diplomlu evdar xanım. İşləməyə çox da can atmırdım. Uşaqlar xırdaydı, həyat yoldaşım dedi ki, muzey yaxşı yerdi, sakitlikdir, müraciət elədim, çox keçmədi, elmi işçi kimi fəaliyyətə başladım. Sonra böyük bir şöbəyə rəhbərlik etdim.

- Deməli, həyat yoldaşınız heç bir karyera yüksəlişini nəzərə almadan sizi muzeyə yönləndirib və ağlına da gəlmədən istedadınıza, gizlin yaradıcı potensialınıza təkan vermiş olub.  Ah, bu kişilər...

- Bu gün amma yoldaşıma çox minnətdaram. Elxan özü həkimdir, mənim işlərimə xüsusi həssaslıqla yanaşır. İlk qiyməti də, dəstəyi də ondan görürəm.

- Bəs həmkarlar? Yəni xalça mütəxəssislərinin verdiyi qiymət? Sizin işləriniz kanonları dağıdır axı.

- Rəssamlar İttifaqının üzvüyəm. İşlərimi bəyənməsələr, məni ittifaqa qəbul etməzdilər ki. Doğrudur, bizim xalça sənətinin öz qanunları, öz qaydaları var. Məsələn, bütün xalçaların haşiyəsi olur, çərçivəsi olur. Mənim xalçalarımda yoxdur o haşiyə. Çünki mən azadam yaradıcılığımda, sərbəstəm. Çərçivələri sevmirəm.

- Həyatda da azadsınız?

- Deməzdim. Evimdən kənarda öz çərçivələrim var.

- Evinizdə öz xalçanız necə, var?

- Yox. İşlərimin əksəriyyəti satılıb. Mən iqtisadçıyam axı. Xalçanı yaradıb evində saxlayan adamları anlamıram. Xalçam başqa evə gedirsə, lap başqa ölkəyə gedirsə içində bir məktubum da gedir, ismarışım da gedir.

- İlk belə məktubunuz hansı olub?

- Laçındaydıq, hələ köçkün düşməmişdik. Qarakənd faciəsi baş verdi. O zaman tikmə ilə İsmət Qayıbovun adını yazmışdım bir dəsmala. Laçından köçəndə itdi batdı, tapılmadı. Bax o, mənim ilk əl işim idi, ilk mesajım idi yəni.

- Bəs ilk xalçanız?

- İlk müəllif işim miniatür eskizli xalça idi. Şeyx Nizaminin "Yeddi gözəl"indən ilhamlanaraq yaratmışdım.

- İlk fərdi sərginiz?

- Laçında olacaq. Həmin xalça bayramında mənim xalçalarımdan ibarət sərgi də keçiriləcək.

- Həyəcanlısınız?

- Əlbəttə. 30 il əvvəl bir xalça da götürmədən tərk etdiyimiz yurdumuza belə bir xalça layihəsilə qayıtmaq hər laçınlıya qismət olmur. Görək bacaracammı?

- Bayaq deyirdiniz, guya müsahibə verməyi də bacarmırsınız.

- Bacardım ki? Alındı yəni?

- Elə alındı! Bal kimi. Layihəniz də elə belə keçəcək - bal kimi. Adım kimi əminəm.

Afaq VASİFQIZI

 

 





22.04.2024    çap et  çap et