525.Az

"Rəssamlıq çox qazanmaq istəyənlərin məslək seçimi ola bilməz"


 

SƏNƏTŞÜNAS ELNARƏ MUSAYEVA: "İNCƏSƏNƏTİ SEVİN, O, SİZƏ MÜTLƏQ QARŞILIQ VERƏCƏK"

"Rəssamlıq çox qazanmaq istəyənlərin məslək seçimi ola bilməz"<b style="color:red"></b>

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Musayeva ilə müasir dövr Azərbaycan rəssamlığının aktual problemlərindən olan bayağılıq meylləri barədə söhbət

 

- Elnarə xanım, müasir dövr rəssamlığımızda bayağılığın artmasını şərtləndirən əsas amillər hansılardır?

- Elə bir dövrdə yaşayırıq ki, təkcə əvvəlki nəslin həyat tərzi keçmişə atılmır, həm də mənəvi komponent dəyişir. XXI əsrin əvvəlləri incəsənət tarixində bədii irsin yenidən nəzərdən keçirilməsi prosesinin baş verdiyi və təsviri sənətin gələcək inkişaf istiqamətlərinin göstərildiyi müəyyən keçid dövrüdür. İnsanlar və onların düşüncələri bir növ yenilənir və bütün bunlar yeni dövrün astanasında baş verir. Tarixin belə məqamlarında həmişə olduğu kimi yeni ideyaların doğulması məhsuldar olsa da, onların arasında bədii və ideoloji çəkiyə malik olanlarla yanaşı, qeyri-müəyyən, qeyri-adi və bəzən qeyri-ciddi münasibət əks etdirən axtarışlar həmişəkindən daha çox seçilir. Müasir dövr incəsənəti ilə bağlı söylənən bir çox fikirlər  bəzən obyektiv olmaya bilər, bu dövrün tendensiyalarını yalnız tam formalaşdıqdan sonra dərk etmək mümkündür. Çünki təsviri sənətin nə isə başqa bir şeyə çevrilməsi və konseptualizm şəklində yeni məna kəsb etməsi fikrini heç kim istisna etmir. Lakin bu, rəssamlıq üçün qeyri-təbii olardı. Müasir sənət tədqiqatçılarının əksəriyyəti deyir ki, XX əsrin əvvəllərində avanqard rəngkarlığın növbəti canlanması olan yeni konseptual sənət meylləri klassik rəngkarlıq xəttinin davamı üçün bir zərbədir. Öz təbiətinə görə avanqard öncəki dövrün ənənələrini  inkar edir və bununla da klassik ənənələrin roluna mənfi təsir göstərir. Ancaq özlüyündə az tədqiq edilmiş və buna görə də aktual olan avanqard XXI əsrin əvvəllərində konseptual sənət şəklində təsviri sənətin inkişaf tarixinin bir hissəsinə çevrilib.

- Deməli, bu, lokal yox, daha çox dövri problemdir.

- Bu problemi lokal xarakterli hesab etmirəm. Yəni hər bir region, ölkə və sənət ənənələrinə görə bu problem dəyişkəndir. Dünyada baş verən bir çox proseslər hər bir coğrafiyada və hər bir sənət sahəsində müsbət və ya mənfi şəkildə öz təsirini göstərir. Bu gün ölkəmizdə təəssüf ki, hər bir sənət sahəsində bayağılığa meyl artdığı kimi, təsviri sənət sahəsində də bu, müəyyən dərəcədə özünü büruzə verir. Mən buna bayağılıqdan çox, incəsənəti bəsitləşdirmək, dərin məna və məzmundan məhrum etmək deyərdim.

- Müasir dövr Azərbaycan rəssamlığında sözügedən problemi necə xarakterizə edərdiniz?

- Janr, texnikaların və üslubların müxtəlifliyi fərqli keyfiyyət və mənalı əsərlərin böyük kütləsini yaradır. İndi Azərbaycan müasir rəssamlarının əsərləri arasında məna, məzmun, süjet, texnika və s. baxımından görkəmli əsərlərə rast gələ bilərik. Lakin bununla yanaşı, bəzi müasir rəssamların yaradıcılığındakı tendensiyalar mənəvi axtarışlara laqeydlik əlaməti kimi də dəyərləndirilə bilər. Bu isə öz növbəsində bizdə təsviri sənətin  gələcəyi ilə bağlı qorxu yaradır. Çağdaş dövrümüzdə hər bir tarixi dövrdə olduğu kimi, təsviri sənətin dərk edilməsinə və onun cəmiyyət üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinə bir çox amillər təsir edir. Məna itkisi və sənətkarın nəyi nə üçün demək istədiyinin anlaşılmaması məhz bu amillərin məziyyətidir. Bunun da səbəbi kütləvi mədəniyyətin təsirləridir. Çünki bu təsirə məruz qalan insanlar daha sadə, tez anlaşılan, asanlıqla əldə edilə bilən sənət növlərinə üstünlük verməyə çalışırlar. Sadələşdirməyə olan meyl əsas ehtiyaclara, universal insan duyğularına, aktiv və süni klişelərə əsaslanan şablonlar yaradır. Belə insanlar üçün düşünmək, axtarmaq, təhlil etmək çətin və darıxdırıcıdır axı... Onların nəzərində təsviri sənətin irsi qədim zamanların əfsanəsindən ibarət, şou üçün ruhsuz bir eksponat, darıxdırıcı və müasir olmayan bir şeydir. İncəsənətin kütlə üçün sadələşdirilməsi və ona ayrılan vaxtın azaldılması tendensiyası təəssüf ki, davam etməkdədir. İnsanlar iş, karyera, sosial şəbəkələrlə məşğuldur və təsviri sənətə dərindən dalmağa vaxt tapmırlar.

- Təbii ki, kütlənin prosesin gedişatına təsiri danılmazdır. Ancaq çoxluğun bayağılıq diktəsini bayraq edib, istedadsızlığını ört-basdır edən rəssamlar da gündən-günə artmaqdadır.

- Əlbəttə, elələri də var ki, onlar üçün incəsənət bir peşə, çağırış və ya xoş əyləncədir. İncəsənətin vəzifəsi cəmiyyətin estetik zövqünü düzgün şəkildə inkişaf etdirmək, maarifləndirməkdir. Savadsız, zövqsüz, dünyagörüşü dar çərçivəli olan kütlənin zövqünü oxşamaq üçün öz ideallarından imtina edən əsl sənətkar sayıla bilməz. Əgər elə olsaydı, o zaman dünyada incəsənət ümumiyyətlə inkişaf etməzdi. Dahi rəssamların yaradıcılıq yoluna nəzər salsaq, bunu açıq aydın görə bilərik.

Qeyd etdiyiniz kimi, hər şeyi cəmiyyətin üzərinə atmaq bu problemin həlli deyil. Azərbaycan cəmiyyətində bu gün az da olsa öz intellektual səviyyəsini yüksəltməyə çalışan, incəsənətlə maraqlanan gənc nəsil var.

İncəsənət tamaşaçı üçün aktual və maraqlı olmazsa, mənasını itirə bilər. Əgər sənət əsəri insanların qəlbində, şüurunda əks-səda doğurmursa, o zaman əhəmiyyətsizləşir. Bu günün dəyərləri ilə dünənki dəyərlər arasında uçurum çox böyükdür. Təəssüf ki, incəsənətin keçmiş zamanda qaldığını zənn edən və  muzeylərə gedib orada vaxt keçirməyin heç bir faydası olmadığını düşünən insanlar da çoxdur.

- "Ac qalmamaq üçün". Bu şüarı kütlə ilə hesablaşan rəssamlarımızdan tez-tez eşidirik. Sizcə, bu, tutarlı arqumentdirmi?

- Maddiyyat incəsənətin məna və məzmununu bayağılaşdırmağın, dəyərsizləşdirməyin səbəbi ola bilməz və olmamalıdır. Əgər söhbət həqiqətən əsl sənətin nə olduğunu anlayan, bu sənəti nə üçün seçdiyini, nə istədiyini bilən, yüksək mənəvi dəyərlərə sahib olan bir rəssamdan gedirsə, o, heç vaxt diqqətdən kənarda qalmayacaq. Rəssamlıq hədəfi böyük qazanc olan insanların məslək seçimi ola bilməz. Amma bu o demək deyil ki, rəssamlar az pul qazanırlar. Məncə, bu, fərdidir.

- Sizcə, təsviri sənətin təbliğində əsas problemlərimiz nələrdir?

- Müşahidələrimə görə, təsviri sənətdə əlaqə və mənaların qırılmasına təsir göstərən mühüm amillərdən biri də dildir. Qəribədir ki, rəsm əsərlərinin başa düşülməsinə mənfi təsir edən həm yazılanlar, həm də yazılmayanlardır. Təsviri incəsənətlə bağlı yazılan mətnlərə diqqət yetirin. Bir çox mətnlər çox zəif yazılıb. Ünsiyyət yoxdur - anlaşılma yoxdur. Geniş auditoriya ilə sənət arasındakı vasitəçilərin bir çoxu təəssüf ki, heç də həmişə öz işlərinin öhdəsindən gəlmirlər. Mədəniyyət və incəsənət sahəsində təhsilin zəif olması da sənətdə məna və əhəmiyyətin itirilməsinə səbəb olur. Bir insana başa düşmədiyini izah edə bilməzsən. Əgər insan muzeylərin niyə mövcud olduğunu, niyə rəsm əsərlərinin sərgilədiyini və niyə bu rəsmlərə baxmağa getdiyini başa düşmürsə, belə bir insanın beyninə müəyyən bir rəsm əsərinin müəllifinin nə demək istədiyi barədə məlumatı yükləmək faydasız işdir. Çünki zamanında bu bilgi və məlumatları almayıb, incəsənət haqqında heç bir anlayış yaradılmayıb. Başqa sözlə, sənət anlayışına yaxınlaşmaq üçün güclü təməl lazımdır. Amma insan sənətə mənəvi, intellektual dəyər verməsə, heç bir əsas ola bilməz. Rəsmin dəyərinin onun qiymətində ifadə olunduğunu düşünmək isə böyük yanlışdır.

- Bəs nə etməli? Yaxud da haradan başlamalı?

- Qlobal kontekstdə bu iş nə qədər çətin olsa da, təsviri sənət əsərlərinin mənası haqqında məlumatların necə qurulacağı, mühafizəsi və geniş şəkildə yayılması üzərində düşünməyə dəyər. Bu mənanı anlamaq emosional zəkamızı inkişaf etdirmək, təcrübəmizi zənginləşdirmək və dünya haqqında anlayışımızı genişləndirmək üçün bir açardır. Hər bir insan fərdi qaydada səy göstərərək sənətin nə olduğunu anlamağa çalışsa, müəyyən bir nəticə əldə edə bilər. Rəsm əsərinin mənasını dərk etmək üçün xüsusi bir istedad tələb olunmur, bu, qazanıla bilən bir bacarıqdır. Ali riyaziyyat da deyil, öyrənilməsi mümkündür. Sənət əsərinin mənasını başa düşmək üçün onun müəllifi, məzmunu və konteksti ilə tanış olmaq lazımdır. Həmçinin simvolların dilini mənimsəməli və detalları diqqətlə nəzərdən keçirməlisiniz. Bunun üçün hər bir kəs özü də araşdırma apara bilər və ya mütəxəssislərdən - sənətşünaslar, ekskursiya bələdçiləri, təsviri sənət sahəsində bilik və təcrübələrini bölüşməyə hazır olan hər hansı digər incəsənət sahəsində çalışan insanlardan kömək istəyə bilər. Rəsmin mənasını müəyyən etmək sizə özünü rəssamın və ya sənətşünasın yerinə qoymaq, rəsm dövründə və ya süjetin aid olduğu dövrdə yaşamış bir insanın rolunu sınamaq imkanı yaradır. Bununla yanaşı, siz həm də özünüz, zövqünüz və üstünlüklərinizlə də yaxından tanış olursunuz.

Gələcəyimiz keçmişimizə əsaslanır. Rəsmlər, gələcəkdə hara gedəcəyimizə qərar verməzdən əvvəl keçmişi ziyarət edə biləcəyimiz bir körpüdür. İnsanın bu gün yaşadığı bir çox duyğular, təəssüratlar və ideyalar artıq bizim sələflərimiz tərəfindən bu və ya digər şəkildə yaşanmış, hiss edilmiş və dərk edilmişdir. Bağlantıların, suallar doğuran əkslərin və gizli mənbələrin axtarışı araşdıra bilən insan üçün olduqca maraqlı fəaliyyət sahəsidir. İncəsənəti sevin, o, sizə mütləq qarşılıq verəcək.

Aytac SAHƏD

 





22.04.2024    çap et  çap et