525.Az

Gəncədə yeni kitab evi açılıb


 

Gəncədə yeni kitab evi açılıb<b style="color:red"></b>

Gəncə şəhərində “BookZone" Kitab Evinin açılışı olub.

525.az xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, yeni kitab ocağının təsisçi və təşəbbüskarları, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun, nəşriyyatların nümayəndələri, kitabsevərlər və maarifçi fəallar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər rəhbəri Niyazi Bayramov “BookZone" Kitab Evinin Gəncədə kitaba və kitabçılığa olan marağın artırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, gənclərin maarifləndirilməsi baxımından bu cür məkanların faydası olduqca böyükdür.

“BookZone” Kitab Evinin icraçı direktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, yazıçı Mahir Hüseynov bildirib ki, təsisatın əsas hədəfləri Gəncə şəhərinə yeni maarifçi nəfəs gətirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında kitaba olan marağı artırmaq, cəmiyyətdə Vətənini sevən, ziyalı fərdlərin yetişdirilməsinə töhfə verməkdir.

İştirakçılar yeni Kitab Evi ilə tanış olublar. Burada kitab alış-verişi, mütaliə, daxili kafedə səmərəli istirahət imkanları mövcuddur. Uşaqlar üçün ayrıca bölmə fəaliyyət göstərir. Yeni kitab evinin fondunda ən müxtəlif yöndə - ədəbiyyat, tədris, elm, biznes, əyləncə və digər sahələr üzrə nəşrləri əhatə edən minlərlə kitab var.

Zakir MURADOV, 

Gəncə

 





22.04.2024    çap et  çap et