525.Az

Böyük Zəfərin davamı - 4 kəndin qaytarılması


 

Böyük Zəfərin davamı - 4 kəndin qaytarılması<b style="color:red"></b>

Məlum olduğu kimi, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən, anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

Beləliklə, görüşün nəticələrinin ən mühüm detalı işğal altında olan 4 qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasıdır. Bu da şübhəsiz ki, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbəti böyük qələbədir. Bu onu göstərir ki, delimitasiya prosesinin ilk addımı atıldı və məhz Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini hələ 2020-ci ildə qaldırmışdı və bu məsələ daim Bakının gündəliyində idi. Ermənistanla normallaşma prosesinə dair keçirilən bütün görüşlərdə mövzu gündəmə gətirilirdi.

Anklav olmayan 4 kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğulayan dövlətimizin başçısı bəyan etmişdi: "O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır - Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir - bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir".

Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində əldə olunan zəfərdən sonra üç rayonun - Ağdam, Kəkbəcər, Laçın, bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. İndi də 4 kəndin qan tökülmədən, bir güllə atılmadan geri qaytarılması növbəti qələbədir.

Eyni zamanda, bu, regionu qarışdırmaq, yeni müharibəyə təhrik etmək istəyən qüvvələrə tutarlı cavabdır. Fransa başda olmaqla bəzi xarici güclər uzun müddət idi ki, Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığına dair yalan və qərəz dolu iddialar irəli sürürdülər. Baxmayaraq ki, rəsmi Bakı hərbi planlarının olmadığını bəyan edirdi, üstəgəl, həmin dairələrin əlində hər hansı sübut yox idi, amma yalan ittihamlar səsləndirməkdə davam edirdilər. İndi vasitəçi olmadan Bakı ilə İrəvan arasında əldə edilmiş bu razılaşma həm də onun nümayişidir ki, tərəflərin vasitəçiyə ehtiyacı yoxdur.  Azərbaycan dəfələrlə İrəvana vasitəçi olmadan dialoq təklif edib. Bu da iki ölkənin üçüncü tərəf olmadan apardığı danışıqların nəticəsi. Bu eyni zamanda sülh sazişi prosesin üçün də mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, Prezident İlham Əliyevin diplomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir: "Xalqımız son günlər bir-birinin ardınca sevindirici xəbərlər alır. Belə ki, bir neçə gün əvvəl Rusiya sülhməramlıların ərazilərimizdən çıxmasına sevinən xalqımız, bir neçə gün sonra Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması xəbərini də böyük sevinclə qarşıladı. 44 günlük Vətən müharibəsindən sonra yaratdığımız yeni reallıq işğal altında qalmış ərazilərimizi güllə atılmadan, silah işləmədən azad olunmasına yol açır. Bu proses Laçın, Kəlbəcər və Ağdam rayonlarının azad olunması ilə başlandı və bu gün də Qazaxın 4 kəndinin azad olunması ilə davam edir. Bu, həm də Azərbaycan -Ermənistan dövlət sərhədinin delimitasiya prosesinin başlanması mərhələsidir. Bundan sonra digər sərhəd ərazilərinin mərhələli şəkildə delimitasiyası aparılacaq və Ermənistan tərəfində qalmış 4 kəndin azad olunması məsələsi də müzakirə ediləcək. Biz delimitasiya prosesinə Azərbaycanın tələbi ilə başlamaqla sülhə daha da yaxınlaşırıq".

Deputat deyib ki, bu, həm də Qərbin regionda gərginliyin artırılması üçün göstərdiyi cəhdlərin iflasa uğraması deməkdir: "Çünki Azərbaycan müharibənin 3 il əvvəl başa çatdığını bəyan edərək Ermənistana sülh əlini uzatmasına baxmayaraq, bir müddət idi ki, ABŞ və Aİ Ermənistana yenidən hücum ediləcəyi ilə bağlı bir xof yaratmışdı. 19 apreldə baş tutan görüşdə əldə olunan razılıq Azərbaycanın heç bir müharibə planı olmadığını sübut etdi. Son qısa tariximiz göstərib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar prosesi kənar oyunçular daxil edilmədən ikitərəfli formatda daha uğurlu olur. Bu baxımdan ikitərəfli danışıqlar masasında müzakirə olunan məsələlər daha uğurla nəticələnir. Ona görə də yerdə qalmış digər məsələləri də ancaq Azərbaycala Ermənistan arasında müzakirə olunub razılaşdırılmalıdır. Bu, həm də dünyada baş verən münaqişələrin həll olunmasına bir nümunədir".

A.Badamov hesab edir ki, Azərbaycanla Ermənistan arasında aparılan iktərəfli danışıqlara kənar müdaxilələr olmasa, sülh müqaviləsi də yaxın zamanlarda imzalana bilər: "Biz Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana quru yolla getdiyimizin də şahidi olacağıq. Dövlət başçımızın siyasi kursu Azərbaycana ancaq qələbələr, inkişaf və sülh gətirir".

 

 





23.04.2024    çap et  çap et