525.Az

Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar


 

Başlığı insanları təbdən çıxaran xəbərlər - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Son vaxtlar qara fonda "Təcili", "Dəhşət", "Biabırçılıq" tipli başlığı olan, insanları təbdən çıxaran xəbərlər çoxalıb.

O xəbər agentliklərinin anormal davranışlardan bezdim.

Əgər zəlzələ 3 baldırsa, burada təcili olan, dəhşətlik nə var? Özünüzü gülünc günə qoymayın.

Kimsə çimərlikdə özünü günə verirsə, istirahətdədirsə, gedib tula kimi kənardan onu alt paltarında çəkib paylaşırsansa, hələ bir "Biabırçılıq!" da deyib oxucu cəlb edirsənsə, ayıb olsun! Vallah, sözüm yoxdur! Bəzi yazançı yozuçuların əlindən gələn ən "yaxşı" şey bir-birlərini güdmək, məsxərəyə qoymaq, qınamaq, aşağılamaqdır.

 

Ədalət Verdiyev, hərbi ekspert:

- Xankəndində "Natəvan" mehmanxanası və restoranı, şəhərin müxtəlif yerlərində "Xanabad" və "Salam, Xankəndi" restoranları fəaliyyət göstərir, yanacaqdoldurma məntəqələri, aptek, bərbər, mobil rabitə və kulinariya mağazaları, tibb məntəqəsi, avtomobil təmiri sexi açılıb. Müvafiq dövlət strukturları bərpa işləri həyata keçirir.

 

Fərid Pərdəşünas, texnobloger:

- TƏBİB tabeliyində olan Yeni Klinikanın HIMSS akkreditasiyasından keçməsini və regionda ilk bu sertifakata sahib olmasını əslində yaxşı göstərici hesab etmək olar.

HIMSS xəstəxana təsisinin elektron idarə olunması üzrə xüsusi beynəlxalq sertifikatdır ki, tam elektronlaşmanın (rəqəmsal transformasiyanın) göstəricisidir. Bu sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərini effektiv istifadə etməklə, səhiyyə keyfiyiyyətini artıran tibb insitutlarına verilir.

Düşünürəm ki, bu cür elektronlaşma, digər dövlət və özəl tibbi qurumlarında da həyata keçməlidir.

 

Asif Nərimanlı, jurnalist:

- Paşinyanın 4 kəndin qaytarılması haqda dedikləri Ermənistanın əsas məqsədinin nə olduğunu təsdiq edir. Erməni Baş nazir bildirir ki, "bu razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq".

Dünən bu haqda yazmışdıq: delimitasiya komissiyalarının razılaşmasında Alma-Ata bəyannaməsinin əsas götürülməsi Ermənistan üçün sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşməsi mövqeyində "istinad nöqtəsi" əldə etmək baxımından vacib idi və İrəvan 4 kənd qarşılığında bu qazancı əldə etdiyini düşünür, Paşinyanı sevindirən də budur.

Lakin razılaşma sənədində bir detal sərhədin digər hissələrinin delimitasiyası zamanı "SSRİ dağılanda mövcud olan xətlərin" nəzərə alınmamasına əsas yarada bilər. Görünür, Bakı 4 kəndin azad edilməsi üçün İrəvanın bu istəyinin razılaşmaya salmasını qəbul etsə də, delimitasiya prinsiplərinin dəyişdirilməsi imkanlarını da özündə saxlayır.

 

Günel Natiq, yazar:

- Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə, millət adı kiçik hərflə yazılır: türk, rus, azərbaycanlı, gürcü və s.

Eləcə də insanın hansısa rayona, kəndə mənsub olduğunu bildirən sözlər: qazaxlı, nehrəmli, salyanlı və s.

Bu sözlər böyük hərflə yazılanda istər-istəməz əsəblərimə toxunur.

Bəlkə orfoqrafiya qaydaları dəyişilib, xəbərimiz yoxdur?

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- DİN-nin "e-Polis" mobil tətbiqinin PlayStore-də yüklənməsi qısa müddətdə 50 mindən çox olub.

Xatırladıram ki, ePolisdə bir sıra əhəmiyyətli xidmətlər, arayışlar və məlumatları əldə etmək olar.

Bunların ən populyarları aşağıdakılardır:

- məhkumluq haqqında arayış

- 102 xidmətə onlayn müraciət (Virtual -102)

- avtomobilin yüklü olub-olmaması haqqında arayış

- DYP cərimələri üzrə müraciət (tətbiqdə  son 10 ilin arxivi var)

- etibarnamə üzrə müraciət

- şəxsin özü haqqında məlumat və s.

Bildiyim qədər ePolisdə ən qısa zamanda, itirilmiş əşyalarla bağlı arayışın verilməsi, "102 SOS" xidmətinin, nəqliyyat vasitəsində reklamın yayılmasına icazə üçün müraciətlərin qəbulu və s. daha bir neçə xidmətin də aktivləşdirilməsi nəzərdə tutulub.

 

Etibar Əliyev, millət vəkili:

- Bir kitabda neçə suala cavab tapmaq olar? Kitabın gücü bundadır. Karl Saqan dünyanın nəhəng astronomu, ABŞ kosmik proqramında müstəsəna rolu olan alimlərdən biridir. O, Pulitser mükafatı laureatı və bir neçə bestsellerin müəllifidir. K.Saqanın elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə, elmin populyarlaşdırılmasına verdiyi töhfələrin əvəzi yoxdur. "Brokun beyni" kitabı böyük alimin elmin perspektivləri və risklər haqqında dərin, poetik, romantik düşüncələridir. Kitabda aşağıdakı suallara cavab verilir:

Elm insan həyatında neçənci yeri tutur və onun psevdoelmdən fərqi nədədir?

Atlantida və Bermund üçbucağı haqqında mif hardan götürülüb?

Günəş sistemində hansı planet və sputniklərdə məskunlaşma baş tutacaq?

Planet və Qalaktikalara adlar necə verilib?

Alimlərin həqiqəti aşkarlamaq yolunda səhvləri nədən ibarət olub?

Dinin elmə münasibəti necədir?

Süni intellekt və kosmik tədqiqatların gələcəyi necə olacaq?

Bütün bu düşüncələr Saqanı Parisin İnsan muzeyinə səyahətə aparıb.  Onu təəcübləndirən Pol Brokun beyninin də yerləşdiyi kolleksiyası olub. Pol Brok-böyük antropoloqudur, beyində insanın aydın nitqinə cavabdehlik daşıyan hissəni kəşf edib.

Kitab əsl şedevrdir...

Kitab 456 səhifədir

"Əli və Nino"dan almışam.

 

Elxan Şahinoğlu, politoloq:

- Avrasiyada vəziyyət gərgindir. Müharibələrin və lokal toqquşmaların sayı artıb. Dövlət liderləri müharibələri sonlandırmaq və yenilərinin qarşısını almaq üçün səfərlərin saylarını artırıblar. Bölgədə qarşılıqlı səfərlərin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa və İran Prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə bağlıdır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışırlar. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanları artıb. Rusiyanın hərbi hissələrinin Qarabağdan çıxarılması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirdi. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əks halda bu tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu, Rusiyanın həm də türk xəttini nəzarətdə saxlaması demək olacaq. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşdırılmasını sürətləndirməyə hazırdır. Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yük daşıma yükünü artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Moskva və Tehran Rəşt-Astara dəmirloyunun tikintisi həyata keçirilməlidirlər. Beləliklə, İlham Əliyev ruriyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesini, Zəngəzur dəhlizinin gələcəyini, həm də iqtisadi əlaqələr və şimal-cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək.

Rəcəb Tayyib Ərdoğan da İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib. Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaqlar. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Kandil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaqlar.

İran Prezidenti İbrahim Rəisi Pakistana səfəri ilə bu ölkə ilə arasındakı anlaşmazlığı yoluna qoymaq istəyir. İran terrorçularla mübarizə adı altında Pakistan ərazisinə zərbələr endirmişdi. Pakistan da eyni adla İran ərazisinə zərbələr endirdi. Heç-heçə olduğundan hər iki tərəf barışmağa meyillidirlər. İran İsraillə növbəti toqquşmaya hazırlaşdığına görə, qonşuları ilə gərgin münasibətlər istəmir. Tehran üçün Azərbaycan istisnadır. Tehranın antiazərbaycan siyasətində fasilə yoxdur.  

Bu arada, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana planlaşdırılan səfəri də əhəmiyyətlidir. Ersin Tatar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılacaq. Ümumiyyətlə Azərbaycan Türkiyədən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa hazırlaşan ikinci dövlət olmağa yaxındır.    

ABŞ dövlət katibi Entoni Blinkenin bu həftə Çinə səfəri də beynəlxalq aləmin diqqət mərkəzindədir. ABŞ rəsmiləri və konqresmenləri Çini Rusiya, Şimali Koreya və İranla birgə düşmən ölkə adlandırsalar da, Pekinlə dialoqdan imtina etmirlər, liderlər də ara-sıra görüşürlər. "Mehriban düşmənlər" olan ABŞ və Çin qarşıdurma istəmirlər. Ancaq Çinin bölgədə hərbi günü artırması və Tayvanı ələ keçirməyə çalışması Vaşinqtonun və onun bölgədəki müttəfiqlərini ciddi narahat edir. Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı var. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı "Ream" adlı bazasında gəmilərinin sayı artıb. Hərbi baza Siam körfəzinin sahilində yerləşir. Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı, Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan "Texo Funan" kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu, Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsilə birbaşa "Ream" hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır. Entoni Blinken bu mövzuları müzakirə etmək üçün Pekinə gedir.

 





23.04.2024    çap et  çap et