525.Az

Kəlbəcərə Zəfər qarı yağdı...


 

XALQ ŞAİRİ VAHİD ƏZİZİN "KƏLBƏCƏRƏ QAR YAĞIR" ŞEİRİNİN TƏSİRİ İLƏ

Kəlbəcərə Zəfər qarı yağdı...<b style="color:red"></b>

Mən şeir dəlisiyəm!

Axı kəlbəcərliyəm:

Bəhmən, Sücaət,

Dədə Şəmşir nəfəsliyəm.

Bilmirəm ki, qələm əhliyəm,

yoxsa ötəri həvəsliyəm...

Səmimi etiraf edim: həmin gün bilmədim ki, sevimli Xalq şairimiz Vahid Əzizin "Kəlbəcərə qar yağır" şeirini neçə dəfə oxudum. Yadımda qalan dümağ qar oldu. Bəlkə də qar dənələrinin sayı qədər oxudum o şeiri, Vahid müəllim! Yalnız ona görə yox ki, "Türk totemi"nə müraciətiniz titrətdi məni. Həm də ona görə ki, bir qərinəlik həsrətimizi bəmbəyaz qarla sizin şeiriniz yuyub apardı: əllərimiz üşüsə də, qəlbimizdə bir Yurd ocağı, Dədə Qorqud tonqalı qalandı! Axı Oğuz yurdu heç vaxt namərd yağıya qala bilməzdi!

Əsrlərin o tayından bizlərə boylanan bir Yurd nisgili - yəni bütöv Azərbaycan arzusu uşaq qəlbimdə boy atandan bəri özümü aciz, zəif hiss edirdim. Uşaqlıqda yağı düşmənlərimizin məkrli olduğunu anlamırdım, lakin hiyləgərlikləri ilə bizi kökümüzdən ayırmaq siyasətini sonradan duyduqca, dərk etdikcə onlara nifrətim, az qala, Vətən sevdası qədər böyüdü!

Əslində bu qəmli mövzuda yazan şairlərimizi oxumaqdan yorulmadım. Bir gün baxdım ki, özüm də kəlmələrimin qanadında bütöv Azərbaycanımıza, yəni Təbrizimizdən başlamış Dəmirqapı Dərbəndimizə, türk ellərinin ata ocağı sayılan Borçalıyacan qanad açmışam. Bu yerlərin poeziya dillilərinin ayrılıq, həsrət dolu şeirləri ilə böyüdüm. Anam qədər sevdiyim Kəlbəcərimdən əlim üzüləndə uşaqlıq illərimdə qalanlar misralarıma düzüldü. Elə bildim ki, dili ağılı nənələrimizin bayatılarından doğulmuşam.

Düzü, nə gizlədim, "Oxuyub adam ol!" fəlsəfəsini unutmayıb alim də oldum - müqəddəs poetik-bədii sözün qəhrini də çəkdim, qəzəbini də gördüm. Çox zaman qılıncdan kəsərli sözlərim düşmən üçün nizəyə, qılınca çevrildi. Düşmənə nifrinlərimiz qaysaq bağlamayan yurdsuzluq yaramıza məlhəm olmadı. Əlac həm də əldə silah tutan cəngavər oğullarımızın qeyrətinə qaldı!

...Şükürlər olsun, Koroğlumuztək bir əlimizdə silah, birində isə sülhə çağırış kimi səslənən sözlərimizlə düşmən üstünə yeridik: birimiz ön, digərimiz arxa cəbhədə yağıya divan tutduq. İşğalda olan torpaqlarımızı azad edən igidlərimiz - Qarabağ və Şuşa fatehlərimiz dillərdə dastana çevrildi. Dili müdrik kəlamlı qələm adamlarımız bu Zəfərimizi də poetikləşdirdilər. Onlardan biri də sevimli şairimiz Vahid Əziz oldu.

 

Vahid müəllim bir gün bu şeiri ilə qəlbi yurd nisgillilərə üz tutdu:

Bu gün ağır bir gün;

üstəlik də ağrılı.

"Karantin" olduğuyçün

hamı evə bağlanır,

üstəlik "İnternet"də

görüntülü təsviri;

lopalar ağır-ağır,

Kəlbəcərə qar yağır.

 

Kəlbəcərə qar yağır;

30 il bundan qabaq

görə bildiyimiztək.

Baxıram doğma Yurda,

Bizim "xəbərçilər" də

olayı təsdiqləyir;

Onlar havadan deyir,

düşmən çəkib göstərir.

 

Eh, o gözəl zamandan

düz bir qərinə keçir,

nə ağırmış bu "görüş"!

Təkcə alovlar deyil,

sopsoyuq qar özü də

adamı göynədirmiş.

 

Kəlbəcərə qar yağır,

Laçına da yağır qar,

yağır Qubadlıya da,

sərhəd dirəyin yıxmış

qəsbkar erməninin

xaçına da yağır qar.

Cıdır düzü ağappaq,

İsa bulağı qarda.

 

Düzlərə səpələndik,

dağları uduzaraq,

kəndləri itirərək,

"dostlara" inanaraq,

vədlərə aldanaraq.

Kəlbəcərə qar yağır;

bu qədər yaxın olan

indi o qədər uzaq...

buna necə baxırsan -

Türk "totemi" - Yalquzaq?..

Şeirin yazıldığı tarixi yaddaşımızda yaxşı saxlayaq: 24 aprel 2020-ci il. Erməni şovinizminin dünya xalqlarını bu tarixdə - 24 apreldə törədilən saxta "erməni soyqırımı" ilə aldatdığını bilirik. Vahid Əzizin bu şeiri məhz həmin tarixdə yazması təsadüfi ola bilərdimi? Qətiyyən! Vahid Əziz zori balayanların saxta yalanlarını ifşa edir bu səmimiyyəti ilə.

"Kəlbəcərə qar yağır" şeiri yazılanda hələ 44 günlük Vətən müharibəsi də başlanmamışdı. Onda yalnız Lələtəpədə Zəfər sevincini bizə yaşadan oğullara yas tuturduq. Onda hələ Qarabağa qan, ya da qar yağdığından xəbərimiz yox idi. Sinoptiklər də aciz qalmışdı xalqımızın yanında. Bilmirdilər ki, Dəlidağ qara bürünüb, yoxsa yalnız başlıbellilərimizin günahsız axıdılan qanına bələnib!

Vahid müəllimin bu şeiri mənim kimi çox yurdsevəri oyatdı, ayıltdı. Əllərinə qələm və silah aldırdı...

Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist, AYB və AJB-nin üzvü

 





23.04.2024    çap et  çap et