525.Az

Yerli "Dostoyevski"lərimiz


 

Yerli "Dostoyevski"lərimiz<b style="color:red"></b>

Bəlkə, Dostoyevski?
O da, yəqin, kart sıxır.

Aqşin

 

Deyilənə görə, Dostoyevskinin yaxşı kart sıxmağı varmış. Hətta məşhur "Qumarbaz" romanını da yığılıb qalmış borclarını ödəmək üçün cəmi iyirmi beş günə tamamlamışdı.

Müşahidələrimə söykənərək onu deyə bilərəm ki, ölkəmizdə Dostoyevski kimi qumarbaz olmaq istəyənlərin sayı get-gedə artır. Yeniyetməsindən ağsaqqalına kimi əksəriyyət bu bataqlığa sürüklənir.

Deyirəm, indiki vaxtda qumar oyunları da təkamül prosesi keçirib. Belə baxanda adı da yumşalıb, əvvəlki kimi vahiməli səslənmir. Vaxt var idi, kiminsə qumarbaz olduğunu eşidəndə istər-istəməz adam tıncıxırdı. İndi filankəsin "Topaz"da kupon yazmağı heç kəsi narahat etmir. Doğrudan, karta-filan da ehtiyac yoxdur, müxtəlif saytlarda bu prosesi asanlıqla yerinə yetirmək olur. Camaat "Misli.az", "Topaz", "Aviator.az" və digər sosial-platformalardan istifadə edərək "qaz vurub qazan doldurur".

Bir dəfə qonşumuz bizə qonaq gəlmişdi, nədənsə başı telefona bərk qarışmışdı. 40 yaşlı daydayın gözləri qan çanağına dönmüşdü. Bu dəm ondan nə işlə məşğul olduğunu xəbər aldım. Qayıdasan ki, "kofisent yazmışam, "Misli" oynayıram".

Soruşdum, bəs neçə müddətdir oynayırsan və nə qədər pul qazanmısan?

Cavabında "iki-üç aydır oynayıram, beşdən-üçdən çıxır, Allah bərəkət versin!" - dedi.

Gülümsündüm. Əmin idim ki, o, zərərdədir, sözüm onda deyil.

Mənə bir şey maraqlıdır, insanlarda bu şövq, həvəs, ehtiras və vaxt hardandır?

Hayana gedirsən futbol oyunlarından, kuponlardan danışırlar.

Əlbəttə, bikar adamlar belə şeylərə daha çox meyilli olurlar. Fikirləşirlər ki, onsuz da iş-güc yoxdu, qoy heç olmasa, bir qoyum beş götürüm.

Amma sən saydığını say, gör fələk nə sayır. Hər şey kənardan göründüyü qədər sadə deyil.

Mərc saytlarının təşkilatçıları, moderatorları avam deyil ta, camaata boş yerə pul paylasınlar.

Təəssüf ki, ilin-günün bu vaxtında tipik azərbaycanlılar arzu edirlər ki, nə vaxtsa "Cekpotu" udacaqlar. Ümidlərini mərc saytlarına bağlayıb haçansa rahat pul qazana biləcəkləri xəyalındadırlar. Ancaq birmənalı şəkildə qazanan həmişə təşkilatçılar olur.

Ümumiyyətlə, belə işlərə girişəndə tədricən aludə olursan. Əvvəl-əvvəl qəpik-quruş götürürsən. Daha sonra adam şirniklənir. Tutaq ki, bir manat qoyursan, beş manat götürürsən, sonra on manat, sonra on beş manat. Tədricən on beş manatı da birdəfəlik qoyursan və batırırsan. Borc-xərc edərək yenə əlavə beş manat, on manat, on beş manat... qoyursun və onlar da gedir bada. Bir də onda ayılırsan, xeyli borcun var...

Uzun sözün qısası, Dostoyevski kimi həmyerlilərimizin olması, təqdirəlayiqdir, fəqət qumarbazlıq yox, sənətkarlıq cəhətdən...

 

 

 

 

 

 

 

 





23.04.2024    çap et  çap et