525.Az

Azərbaycan - Rusiya münasibətlərində yeni səhifə


 

Azərbaycan - Rusiya münasibətlərində yeni səhifə<b style="color:red"></b>

Azərbaycanla Rusiya arasında münasibətləri müsbət dinamika üzrə inkişaf etməkdədir. Tarixi köklərə və qonşuluq münasibətlərinə əsaslanan bu əlaqələrin artıq yeni mərhələyə qədəm qoyduğunu söyləmək mümkündür. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərindən, antiterror tədbirlərindən sonra regionda yaratdığı yeni reallıqlar, rus sülhməramlıların ərazimizi tərk etməsi və digər səbəblər Moskva ilə də münasibətlərdə yeni səhifə açır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfəri bu mənada mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan lideri Baykal-Amur Magistralının (BAM) inşasına başlanmasının 50 illiyi münasibətilə rusiyalı həmkarı tərəfindən bu ölkəyə dəvət edilmişdir. Dövlət başçıları təkbətək görüş zamanı bir sıra vacib məsələlər, o cümlədən,  logistika, təhlükəsizlik mövzusunda danışıqlar aparıblar.

Həmçinin, Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş keçirilib. Qeyd edək ki, Ulu öndər Heydər Əliyev keçmiş SSRİ-nin Baş nazirinin birinci müavini vəzifəsində çalışanda BAM-ın inşasına şəxsən nəzarət edib. Görüşdə Ulu öndərin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri vurğulanıb.

Prezident Putin deyib ki, hökumət komissiyasına rəhbərlik edən Heydər Əliyev bütün Sovet İttifaqı üçün mühüm olan BAM-ın təşkilatçılarından biri olub: "Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik. Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər".

Rusiya lideri ikitərəfli münasibətlərə toxunaraq, Azərbaycanla əmtəə dövriyyəsinin artdığını, 4 milyard dollardan çox olduğunu deyib. Dollar ekvivalentində, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır.

Prezident İlham Əliyev bəyan edib ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndirilir. Dövlət başçısı deyib ki, tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.

Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub".

Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini "Əsrin layihəsi" adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

Yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Ümummilli lider bu nəhəng layihənin idarəedilməsi sistemini qura bilmişdi. Çox çətin şərtlərlə icra edilən 4324 kilometr uzunluğundakı BAK-ın tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. Rusiya mətbuatının yazdığına görə, 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Prezident Putin görüşdə deyib ki, Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur. Söhbət "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafından gedir. Əslində, o, Şimal dənizi marşrutunu Fars körfəzi ilə birləşdirir və ya demək olar ki, birləşdirə bilər və birləşdirməlidir.

Ümumittifaq tikinti layihəsinə çevrilən və bütün İttifaq respublikalarının mənafeyinə xidmət edən BAM kimi, "Şimal-Cənub" nəqliyyat dəhlizi də ən geniş beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilməlidir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov "525"ə deyib ki, Azərbaycan Prezidentinin BAM-ın 50 illiyi münasibətilə Rusiyaya dəvət edilməsi Heydər Əliyevin sovet dövründəki xidmətlərinə qiymət verilməsinin, həmçinin münasibətlərimizin yüksək səviyyədə olduğunun təzahürüdür: "BAM o dövrün ən böyük layihələrindən biri idi, bu layihə sovetlər birliyində yüksək vəzifə tutan Heydər Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilib. Bu səfər həm də onu nümayiş etdirdi ki, Azərbaycan - Rusiya münasibətləri yüksək səviyyədədir, iki ölkə arasında hansısa münaqişə yaradan hər hansı bir problem yoxdur. Səfər zamanı böyük bir layihə - Şimal-Cənub layihəsinin genişlənməsi məsələsi də müzakirə olundu. Şimal-Cənub dəhlizi Azərbaycandan keçəcək, ola bilsin ki, bu dəhliz Rusiya üçün heç də BAM-dan az əhəmiyyəti olmayan bir layihəyə çevriləcək".

R.Musabəyov hesab edir ki, liderlərin bir çox digər məsələri də müzakirə etdiklərini demək olar, amma hələ ki, ictimaiyyətə açıqlanan bunlardır: "Hər bir halda səfər və mətbuata açıqlanan məlumatlar onu göstərdi ki, Azərbaycan - Rusiya münasibətləri çox yaxşı vəziyyətdədir".

Deputat düşünmür ki, Azərbaycan-Rusiya yaxınlaşması Qərb dairələrində Bakıya qarşı təzyiqlərə səbəb ola bilər: "Ermənistan indiyədək Rusyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya İqtisadi İttifaqında təmsil olunur, həmin dairələr onun başını sığallayırlar, hərbi yardım göstərirlər. Onlar bundan sonra Azərbaycana ağızlarını açıb hər hansı söz demək iqtidarında deyillər".

Deputat Naqif Həmzəyev isə "525"ə deyib ki, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərinin əsas məqsədi BAM-ın inşasının 50 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak idi. Bununla yanaşı, dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü baş tutdu və bu görüşdə ölkələr arasındakı iqtisadi inkişafın artan temp üzrə inkişaf etməsindən, bütün sahələr üzrə münasibətlərin günü-gündən yaxşı səviyyəyə qalxmasından danışıldı: "Eyni zamanda, regional təhlükəsizlik məsələləri də gündəmin əsas mövzularından biri idi. Xüsusilə də Ulu öndər Heydər Əliyevin sovetlər birliyində önəmli vəzifə tutduğu zaman BAM inşasında əsas aparıcı şəxs olması və bu meqalayihənin reallaşmasında çox mühüm rol oynamasından danışıldı, Ulu öndərin əziz xatirəsi ehtiramla yad edildi. BAM-ın inşasında iştirak etmiş veteranlarla görüş zamanı həm Prezident İlham Əliyev, həm də Prezident Putin çıxış etdilər. Azərbaycanla, Ulu öndərlə bağlı çox müsbət fikirlər, xatirələr söylənildi. Bu, təbii ki, bizi qürurlandırır. Xüsusilə də Rusiya Prezidentinin Azərbaycana olan isti münasibəti, Ulu öndər Heydər Əliyevin əməyinin, zəhmətinin itirilməməsi, çox yaxşı bir haldır. Prezident Putin qeyd etdi ki, Heydər Əliyevin bu əməyi, zəhməti təkcə Rusiyada yox, bütün keçmiş sovet ittifaqı, hazırda isə MDB məkanında yad edilir, əziz xatirəsi həmişə ehtiramla anılır. Putinin dəvəti ilə cənab Prezidentin Rusiyaya işgüzar səfəri düşünürəm ki, bizim münasibətlərimizin daha da inkişaf etdirilməsi və müttəfiqlik səviyyəsində bir çox yeni sənədlərin imzalanmasına dair müzakirələrin aparılması üçün əla bir fürsət oldu. Xüsusilə də Azərbaycanın mərhələli şəkildə torpaqlarını işğaldan azad etməsi, suverenliyini tam təmin etməsi, mövcud narahatlıqları, narazılıqları, problemləri Ermənistanla mərhələli şəkildə həll edə bilməsi, bütün bu proseslərdə Rusiyanın açar dövlət olaraq Azərbaycanın mövqeyinə və atdığı addımlara hörmətlə yanaşması Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir, diplomatiyamızın qələbəsidir. Rus sülhməramlıların artıq Azərbaycandan çıxarılmasına start verilməsi onu göstərir ki, Rusiya və Azərbaycan arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulub və müttəfiqliklə bağlı öhdəliklər, eyni zamanda qarşılıqlı verilmiş sözlər yerinə yetirilir. Rusiya da Azərbaycanın daxili işlərinə qarışmır, onun suverenliyini tanıyır, Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşır. Missiyası vaxtından əvvəl başa çatmış rus sülhməramlılarının da mandatı bitmədən çıxarılması bütün bu sadaladığım amillərlə birbaşa bağlıdır".

Deputat deyib ki, ümumilikdə Cənubi Qafqazda və regionumuzda milli təhlükəsizliyin təmin edilə bilməsi üçün qonşularımızla, xüsusilə Rusiya ilə münasibətlərin normal və yaxşı səviyyədə qorunub saxlanılması çox vacibdir: "Hazırda Azərbaycan şaxələndirilmiş və balanslaşdırılmış siyasət həyata keçirir. Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirməklə yanaşı, bunun qonşular və böyük güclər tərəfidən də qəbul edilməsinə nail ola bilib. Bir sözlə, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Rusiya da Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ölkəmizlə bərabərhüquqlu münasibətlərin qurulması, qorunması və inkişaf etdirilməsində maraqlıdır. Düşünürəm ki, bu səfər Azərbaycanın gələcək dövrlər üçün mövcud risklərin qarşısının alınması və qarşıya qoyduğu bütün məqsədlərə mərhələli şəkildə çatması üçün əla bir dəstək və təkan olacaq".

 





24.04.2024    çap et  çap et