525.Az

"Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"


 

"Əliağa Vahidin portreti" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şahanə Mansırovadır. Onunla rəssam Tofiq Kərimovun "Əliağa Vahidin portreti" əsərindən danışmışıq.

Tofiq Sultan oğlu Kərimov 7 mart 1957-ci ildə Bakıda anadan olub.

30 ildən artıq kinostudiyada fotoqraf-rəssam kimi fəaliyyət göstərib.

Rəssam 2011-ci ildə vəfat edib.

 

- Əliağa Vahid obrazını bir çox incəsənət nümunələrimizdə görə bilərik. Bu siyahını sadalayarkən, siz birinci hansı əsərin adını çəkərdiniz?

- Düşünürəm ki, bu suala cavab verərkən ilk növbədə İçərişəhərdə ucaldılan Əliağa Vahidin abidəsini qeyd etməliyik. Abidənin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir. Əliağa Vahidin obrazı nəinki heykəltaraşlar, eyni zamanda, bir çox rəssamlar tərəfindən də portreti işlənib. Həmin rəssamlardan biri də Tofiq Kərimovdur.

- Əsərin rəng həlli necədir?

- Rəssam obrazın daxili dünyasını rənglər, simasında təsvir etdiyi qırışlar vasitəsi ilə verməyə çalışıb. Şairin geyimi çox sadə və səliqəli formada təsvir olunub. Əsərin rəng qammasına diqqətlə fikir versək, ağ, qara, boz rəngli tonlardan istifadə edildiyini görə bilərik.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Rəsmdə qurulan kompozisiya portret janrına aid olduğu üçün obrazın bütün xarakteristikası demək olar ki, özünə yer tapır. Əsərdə Vahidin nisbətən yorğun, ömrünün son çağlarının təsviri verilib. Kompozisiyanın sol yuxarı hissəsində portret yarımçıq görünür. Burada təsvir olunan obrazı simasından müəyyən edə bilmirik. Ancaq həmin təsvir bir qədər Məhəmməd Füzulini xatırladır. Şairin öz obrazı burada oturmuş vəziyyətdə verilib. Onun əlində kitab var, bu isə şairin durmadan öz üzərində çalışdığını və yeni-yeni incilər yaratdığını simvolizə edən motivdir. Stolun üstündə biz kitab və çayın təsvirini görə bilərik.

- Əliağa Vahidin qızı ilə müsahibəmdə o, atasının çayı çox sevdiyini demişdi. Çox güman, rəssam bu məqamdan çıxış edərək rəsmdə çaya yer verib.

- Bəli, burada sözügedən motiv var. Ümumiyyətlə, rəssam xırda detallar vasitəsilə şairə dair müəyyən mesajlar verir. Burada solğun rəng tonlardan istifadə olunub. Bu isə bir növ şairin həyatı ilə səsləşir desək, yanılmarıq. Vahidin obrazına diqqətlə fikir versək, gərgin, ağrılı-acılı həyatın cizgilərini görə bilərik. Şairin yorğun baxışları tamaşaçıya yox, məhz kənarda qeyri-müəyyən bir hissəyə yönəlib. Bununla da rəsmdə şairin hazırda başqa bir dünyada olduğuna işarə vurulur. Şairin əllərindəki qırışlar keçirdiyi həyat yolunun məşəqqətli olduğunu simvolizə edən motivlər arasındadır.

- Tablo harada saxlanılır?

- Əsər hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssam əsərdə müxtəlif semantik mənalar verməyə çalışıb. Bunları kompozisiyada öz əksini tapan motivlər vasitəsi ilə açmaq olar. Əsərdə savad, bilik, kitaba hörmətin  təsviri özünü göstərməkdədir.  Ümumiyyətlə, rəssamlarımızın məhz Azərbaycan ədəbiyyatının nümayəndələrini təsvir etməsi bir növ Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edir.

Əliağa Vahidin portreti həyatın təlatümlərinə duruş gətirə bilən insanın keçirdiyi hisslərin bədii dildə nümunəsidir.

Aytac SAHƏD

 





24.04.2024    çap et  çap et