525.Az

42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır


 

42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, görkəmli alim Heydər Hüseynov haqqında düşünərkən gözlərim önündə ilk növbədə onun acı taleyinin son səhifələri canlanır.  ...1950-ci il avqustun 15-də Şüvəlandakı bağ evində ona qarşı olan dözülməz haqsızlıqlara və aparılan qarayaxma kampaniyasına etiraz əlaməti olaraq özünü asan Heydər Hüseynovun ölümü ilə bağlı mətbuatda rəsmi məlumat verilməmişdi. Halbuki Azərbaycanın ilk akademiklərindən biri, dövrün ən yüksək təltifi olan Stalin mükafatına iki dəfə layiq görülmüş, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda İctimai elmlər bölməsinin sədri, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fəlsəfə kafedrasının müdiri, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru kimi çox məşhur olan bu şəxsiyyətin ölüm xəbəri bütün SSRİ-yə yayılmış, hətta ölkə başçısı Stalinə də məruzə edilmişdi.

Burada isə hadisə yerinə tezliklə çoxlu milis (polis), prokurorluq işçisi gəlib adamları sorğu-sual etmiş, onun özünü asdığı yerin qapısını möhürləmişdilər. Sonra da həmin amansız insanlar onun yetim qalmış üç körpə qız uşağını və onların anasını bu ölümün günahkarı kimi uzun-uzadı sorğu-suala tutmuşdular. Atanın faciəsindən hələ özlərinə gəlməmiş uşaqlar da, bədbəxt olmuş ana da bu dəhşətdən sarsılaraq bir tərəfdən də sorğu-suallardan necə yaxa qurtarmaq haqqında düşünürdülər.

Körpələr də, ana da bir-birinə qısılıb ağlaşırdılar. "İstintaq aparanlar" sualları dolu kimi üstlərinə yağdırırdılar: "Hadisə necə oldu? Ola bilməz ki, siz bilməyəsiniz? Nəyi gizlədirsiniz? Niyə vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə özünüz buna şərait yaratmısınız?"

Körpələr isə yalnız ağlaşırdı. Ana da hönkür-hönkür göz yaşı tökürdü. Deyə bilmirdilər ki, bu dəhşəti yaradan sizi bura göndərən "sifarişçilərdir". Yalnız üstündən xeyli vaxt keçdikdən sonra bütün həqiqətlər məlum olacaq, bu böyük şəxsiyyətin tarix qarşısında gördüyü nəhəng işlər həqiqi qiymətini tapacaq, onun dəyəri bilinəcəkdi.

İndi isə sifarişlə "istintaq aparanlar" sorğu-sualdan əl çəkmir,"ağa"larının günahlarını kiminsə boynuna qoymağa, kiməsə "sədaqətlərini" sübut etməyə çalışırdılar. Nəhayət "gərgin" istintaq prosesindən sonra akademik Heydər Hüseynovun uşaqları tərəfindən yox, özünü asdığı müəyyənləşdi, "istintaqı" aparanlar bir kənara çəkildilər, uşaqları da, ananı da sakit buraxdılar.

Onu Fəxri xiyabanda yox, adi şəhər qəbiristanlığında dəfn etdilər. Dəfnə tanınmış adamlar, "dostlar", partiya, dövlət xadimləri gəlmədi...

 

 (Əvvəli qəzetin ötən sayında)

 

II Dünya müharibəsinin gedişi dövründə SSRİ-yə daxil olan respublikalarda filialların bazası əsasında müstəqil Elmlər Akademiyalarının yaradılması işinə başlanılır. 1944-cü ilin oktyabr ayında SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Leontoviç Komarov Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə şəxsən tanış olur, mövcud imkanları öyrənir. Bundan sonra o, 24 oktyabr 1944-cü ildə SSRİ Xalq Komissarları Soveti sədrinin müavini Vyaçeslav Mixayloviç Molotova Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazır.

Bu təqdimatdan sonra, 1945-ci il yanvarın 23-də SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında 131 nömrəli qərar qəbul edir. SSRİ hökumətinin qərarının icrası ilə əlaqədar Azərbaycanın rəsmi dövlət qurumlarında və Azərbaycan filialında zəruri hazırlıq işlərinə başlanılır. Azərbaycan hökumətinin tapşırığı əsasında respublikanın ali məktəblərindən və elmi-tədqiqat institutlarından Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərini və həqiqi üzvlərini seçmək üçün təkliflər alınır. 1945-ci ilin fevral-mart aylarında respublikada çalışan 41 nəfər tanınmış alimin (Heydər Hüseynov da daxil olmaqla) namizədliyi haqqında təkliflər hazırlanır.

1945-ci il fevralın 21-də Heydər Hüseynovun Moskvada  ingilis və rus dillərində çıxan "Moscow News" qəzetində "Azərbaycan öz Elmlər Akademiyasını yaradır" başlığı altında iri həcmli müsahibəsi dərc edilir. O, Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması üçün yalnız müsahibəsi ilə yox, bütün qüvvə və bacarığı ilə fəaliyyətə başlayır. Onun işgüzarlığına yaxşı bələd olan ölkə rəhbəri M.C.Bağırov müstəqil Elmlər Akademiyasının yaradılması ilə bağlı bir çox təşkilati işləri Heydər Hüseynova həvalə edir.

1945-ci il martın 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzası ilə "Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında" 316 nömrəli qərar qəbul olunur. Qərara əsasən, bütün ölkə ziyalılarının çoxdan gözlədiyi Azərbaycan SSR Elmlər Akademiyası yaradılır, Nizamnaməsi təsdiq edilir. Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk təsisçiləri - akademiklər müəyyən olunur. 1945-ci il martın 31-də Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinin birinci Ümumi yığıncağında EA-nın rəhbər heyəti müəyyənləşir. Mirəsədulla Mirqasımov Akademiyanın prezidenti, Heydər Hüseynov və Şamil Əzizbəyov vitse-prezidentləri, Mirəli Qaşqay akademik-katib seçilir. Ümumi yığıncaqda eyni zamanda 5 nəfərdən ibarət ilk Rəyasət Heyəti formalaşdırılır: Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay və Yusif Məmmədəliyev.

Akademiyanın dörd bölməsindən (Geoloji-Kimya, Fizika-Texnika, Biologiya və Kənd Təsərrüfatı,  İctimai Elmlər bölmələri) birinə - İctimai elmlər bölməsinə rəhbərlik Heydər Hüseynova həvalə edilir.

Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılır. Vitse-prezident Heydər Hüseynovun səlahiyyətinə daxil edilir:

I. İctimai elmlər bölməsinə və aşağıdakı institutlara rəhbərlik:

1. Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu;

2. Nizami adına Ədəbiyyat İnstitutu;

3. Azərbaycan İncəsənət İnstitutu;

4. Fəlsəfə İnstitutu;

5. İqtisadiyyat İnstitutu;

6. Azərbaycan Tarixi İnstitutu;

7. Nizami Muzeyi.

II. Aşağıdakılar daxil olmaqla Rəyasət Heyəti aparatına rəhbərlik:

1. Redaksiya-nəşriyyat şurası;

2. Nəşriyyat;

3. "Xəbərlər" redaksiyası və "Azərbaycan SSR Elmlər Akademiyasının məruzələri" (ictimai elmlər şöbəsi üzrə);

4. Azərbaycan Ensiklopediyasının nəşri üzrə komissiya;

5. Elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi;

6. Elmi təbliğat şöbəsi;

7. İşlər idarəsi;

8. Kadrlar şöbəsi;

9. Aspirantura şöbəsi;

10. Plan-maliyyə şöbəsi;

11. "Azərbaycan Vətən müharibəsində" şöbəsi;

12. Mərkəzi mühasibat.

Bu zaman - yəni Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və Rəyasət Heyətinə üzv seçiləndə onun cəmi 37 yaşı var idi. Nəzərə alanda ki, artıq qeyd edildiyi kimi, çətin həyat yolu ona yalnız 19 yaşında orta məktəbi bitirmək imkanı vermişdi və cəmi 18 il ərzində parlaq istedadı və tükənməz zəhmətsevərliyi sayəsində ildırım sürətilə bu qədər inkişaf etmişdi. İndi akademik olmaqla yanaşı, həm də onun qarşısına çox mürəkkəb tapşırıqlar qoyulmuşdu. Ona həvalə edilən işlərə hədsiz məsuliyyətlə yanaşan Heydər Hüseynov onların öhdəsindən şərəflə gəlməyə, bütün qüvvəsini Azərbaycan elminin lazımi istiqamətə yönəlməsinə, milli ruhun oyanmasına, fəlsəfi fikir tarixinin inkişafına, bu sahədə kadrlar yetişdirilməsinə sərf edir.

Bir il ərzində Elmlər Akademiyasının işlərində qazandığı uğurlarla yanaşı, şəxsi yaradıcılığında da xeyli nailiyyətlər əldə edir. Bu müddətdə 7 kitabı çap edilir, 2 monoqrafiyası çapa hazırlanır, redaktorluğu ilə 4 kitab çap olunur, rəhbərliyi ilə 2 nəfər dissertasiya müdafiə edir, 3 nəfər isə dissertasiya işini müdafiəyə hazırlayır.

Bütün bunlardan başqa, dövrü mətbuatda bir sıra məqalələri dərc olunur. Fədakar vətənpərvər olan Heydər Hüseynov təkcə Azərbaycanda deyil, ümumittifaq miqyasında çap olunan kitabları, nəşr olunan məqalələri diqqətlə nəzərdən keçirir, xalqımızla, tariximizlə bağlı rastlaşdığı nöqsanlara və yanlışlıqlara sərt mövqe bildirir, həm də şəxsi münasibətlərindən yararlanaraq belə fikirləri müntəzəm ölkə rəhbərliyinə çatdırırdı. Məsələn, erməni A.İonesyanın SSRİ Elmlər Akademiyasının "Xəbərlər"ində dərc olunmuş "XIII yüzilliyin 60-cı illərində erməni milli azadlıq hərəkati" məqaləsi ilə bağlı Heydər Hüseynov qəti etiraz səsini ucaldır və həmin mürəkkəb tarixi dövrdə cəsarətlə yazır ki, məqalədə Azərbaycan həqiqətləri kobud şəkildə təhrif edilmiş, XIX əsrin birinci yarısında fəaliyyət göstərən Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy İran salnaməçisi kimi təqdim olunmuş, Qarabağda hakimiyyət uğrunda gedən feodal mübarizəsi isə məliklərin milli-azadlıq hərəkatı kimi qələmə verilmişdir. Heydər Hüseynov A.İonesyanın XVIII əsrin əvvəllərinə qədər Qarabağda müsəlman xanlığının mövcud olmaması barədə irəli sürdüyü iddiaları da tarixi faktlarla rədd edir, onu qəsdən verilən kobud səhv adlandırır.

1946-cı ildə M.C.Bağırovun etimadı ilə Heydər Hüseynov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin İnstitutunun (sonralar Partiya Tarixi İnstitutu adlanırdı) Azərbaycan filialının direktoru vəzifəsinə təyin olunur. Həmin dövr üçün çox yüksək siyasi vəzifə hesab edilən bu postda da o, milli təəssübkeşlik qayğılarını unutmur, gənc alimlər Zülfəli İbrahimov, Miryusif Mirhadıyev, Məmməd Qazıyevi İnstituta işə dəvət edir, institutun direktor müavini erməni A.Petrosyanı isə tutduğu vəzifədən azad edir.

Heydər Hüseynov Marksizm-Leninizm institutunun direktoru olduğu müddətdə Moskvadan göndərilən komissiya üzvlərinə və onun sədri erməni Burçalova çəkinmədən Azərbaycana, onun tarixinə göstərilən sayğısızlığa görə  sərt etirazını bildirir, faktlarla onların tarixi saxtalaşdırdığı barədə fikirlərini söyləyir. Alimin bu cəsarətli addımları M.C.Bağırov tərəfindən dəstəklənsə də, respublikanın "beynəlmiləlçi" rəhbər dairələrində müəyyən qıcıq doğurur.

1947-ci ilin fevralında Heydər Hüseynov Azərbaycan Ali Sovetinə deputat seçilir.

Onun təşəbbüsü ilə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinin nəzdində Fəlsəfə bölməsi, 1947-ci ildə isə Filologiya fakültəsinin nəzdində Məntiq və psixologiya bölməsi yaradılır. O, ADU-da yaradılmış Fəlsəfə kafedrasının müdiri seçilir. Onun pedaqoji fəaliyyəti ilə tanış olduqda bir müəllim kimi də böyük məharətinin şahidi oluruq. Heydər Hüseynovun natiqlik bacarıqlarını müşahidə etməyə, dərin məzmunlu mühazirələrini dinləməyə başqa ali məktəblərdən, kənar müəssisələrdən, qəzet redaksiyalarından da gələnlər çox olurdu.

Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi tərkibində onun təşəbbüsü ilə Fəlsəfə və Hüquq İnstitutunun fəaliyyətə başlaması ölkəmizdə fəlsəfə məktəbini yaratmaq arzusunun reallaşmasına doğru atılan bir addım idi. Heydər Hüseynov gənc tədqiqatçıları dəvət edərək Qərb fəlsəfəsi klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə etməyə başlamışdı. Həmin illərdə onun rəhbərliyi altında çap edilən "Azərbaycan SSR EA-nın Xəbərləri", "Azərbaycan SSR EA-nın məruzələri", "Azərbaycan SSR EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Əsərləri" jurnallarının nəşrə başlaması gənc elmi işçilərin əsərlərinin çap olunmasına və ölkədə elmin inkişafına stimul verirdi.

Müharibədən sonra ölkədə qıtlığın, aclığın tüğyan etməsinə, maddi və mənəvi çətinliklərə baxmayaraq, gənc akademik Azərbaycanda milli fəlsəfə məktəbi yaratmağa nail oldu. Yetişdirdiyi ilk milli kadrlar - Firudin Köçərli, İrşad Əliyev, Aslan Aslanov, İqrar Əliyev, Hüseyn Abbaszadə, Qədriyyə Salmanova, Məqsəd Səttarov, Ziyəddin Göyüşov və başqaları üçün elm yolunun qapılarını açmaqla bərabər, həm də onlara atalıq qayğısı göstərirdi.

1948-ci ildə Heydər Hüseynov, Miryusif Mirbabayev və Əliheydər Orucovun 4 cildlik "Tam rus-Azərbaycan lüğəti" kitabları II dərəcəli Stalin mükafatına layiq görülür. Azərbaycan K(b)P MK Bakı Komitəsinin 1948-ci il 5,6 may tarixli plenumunun qərarı ilə Heydər Hüseynov Bakı Şəhər Partiya Komitəsi Bürosuna üzv seçilir.

Alimin bu uğurları onun şöhrət qazanmasına, bütün ölkədə tanınmasına şərait yaratdığı kimi, Moskvada və Azərbaycanda olan düşmənlərini bir qədər də fəallaşdırırdı. Yuxarı təşkilatlara ünvanlanmış qərəzli məktublar və teleqramlar Heydər Hüseynova xoşagəlməz olaylar yaşadırdı. Atası, qardaşları, yaxın qohumları barədə aparılan "araşdırmalar" onun 1948-ci il noyabrın 15-də M.C.Bağırovun adına izahat yazması ilə nəticələnir. Mərkəzi Komitədə onun izahatını müzakirə edib töhmət vermək qərarına gəlirlər. Bu qərar həssas təbiətli, şair qəlbli Heydər Hüseynova çox pis təsir edir. Onun xətrini çox istəyən və alim kimi yüksək səviyyədə dəyərləndirən ölkə başçısı M.C.Bağırov bunu eşidən kimi həmin qərarı ləğv etdirir.

Bu fakt da göstərir ki, 1949-cu ilin əvvəllərinə kimi M.C.Bağırovun böyük alimə olan münasibəti çox yaxşı olmuşdur. Lakin Heydər Hüseynovun sürətlə artan şöhrəti, nüfuzu, həm Azərbaycanda, həm də SSRİ miqyasında ona rəğbətin sıçrayışla yüksəlməsi bəzi adamları həm qıcıqlandırır, həm də qorxudurdu. Onlar Heydər Hüseynovun ən yüksək vəzifələrə namizəd olduğunu hiss edərək, belə bir hadisə baş verərsə, onları nələrin gözlədiyini təsəvvürlərində canlandıraraq bu təhlükəni aradan qaldırmaq, digər tərəfdən də respublika rəhbərinə yarınmaq üçün M.C.Bağırovun qılığına girir, bu akademikin gələcəkdə onun üçün böyük problemlər yaradacağı barədə proqnozlar verir, onu müxtəlif üsullarla gözdən salmağa, gələcəkdə isə aradan götürtməyə çalışırdılar.

Heydər Hüseynov isə bu abu-havaya, Akademiyadakı gərgin işinə, universitetdəki elmi-pedaqoji fəaliyyətinə, İnstitutdakı çoxşaxəli problemlərinə baxmayaraq, elmi yaradıcılıqla da ciddi məşğul olur, çox dəyərli tədqiqatlar aparırdı. Sanki dünyadan tez köçəcəyini əvvəlcədən hiss edirmiş kimi vətən qarşısındakı borclarını icra edib bitirməyə çalışırdı. Belə gərgin bir iş rejimində, 1948-ci ildə başa çatdırdığı "XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən" kitabı dediklərimizə sübut ola bilər. 734 səhifəlik bu kitabda  Azərbaycan türk mütəfəkkirlərinin dünyagörüşlərini hərtərəfli şəkildə tədqiq etməklə yanaşı, onların türk və islami kimliyini göstərmişdir. Həmin dövrün sərt qadağalarına, qanlı repressiyalar mərhələsi kimi tarixə yazılmış 1937-ci ildən cəmi 11 il keçməsinə baxmayaraq, müəllif zəngin mədəniyyətimizin, fəlsəfəmizin ilk rüşeymlərinin hələ Zərdüştlük dövründə yarandığını, sonrakı mərhələlərdə Hafiz Əziz oğlu, Əbdüləziz Həsən oğlu, Məkki Əhməd oğlu, Abdulla Abdul Məlik oğlu, Bəhmənyar, Əbu Üla, Xaqani, Nizami, Məhsəti Gəncəvi, Əbülhəsən Şirvani, Məhəmməd Fələki, Əcəmi Naxçıvani, Mahmud Şəbüstəri, Nəsimi, Füzuli, Hacı Zeynalabdin Şirvani və başqaları tərəfindən davam etdirildiyini, özü də bir çox xalqların inkişafına böyük təsir göstərdiyini qeyd edir.

Çox maraqlıdır ki, kitab XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixinə həsr edilsə də, Heydər Hüseynov Bəhmənyar, Əbülhəsən Şirvani, Məhəmməd Fələki, Əbdül Qədir, Şükrülla Şirvani kimi adları o vaxta qədər heç kəsə məlum olmayan, qədim və orta əsrlərdə yaşamış fikir nəhənglərini Azərbaycan fəlsəfəsinin bünövrəsini qoyan dahi şəxsiyyətlər kimi səciyyələndirir. Bu qədər gərgin bir həyat yaşayan bu insan belə nadir dühaları necə və nə vaxt tapıb müəyyənləşdirə bilmişdi? Onları tarixin toz basmış səhifələrindən axtarıb üzə çıxarmaq üçün böyük tədqiqat mərkəzlərinə on illərlə vaxt lazım olduğu halda görəsən, Heydər Hüseynov bir-iki il ərzində təkbaşına bu işləri necə edə bilmişdi? Yalnız nəhəng fitri istedad, vətənə, xalqa fanatik bağlılıq, tükənməz enerji və yorulmazlıq ona belə addımları atmağa şərait yaradırdı.

Kitabın giriş hissəsində Azərbaycan xalqının XIX əsrə qədərki elm yolu haqqında indiyədək heç yerdə yazılmamış zəngin informasiyaları qələmə aldıqdan sonra XIX əsr tarixinə həsr olunmuş əsas hissədə bu torpağın yetişdirdiyi iki nəhəng şəxsiyyət - Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşov haqqında geniş oxucu kütlələrinə ilk dəfə məlumat vermişdir.

Qısa, lakin parlaq ömür, acı tale, həm də böyük işlər görmək şansı, şöhrət və dəhşətli paxıllıqlar, böyük himayədarlar və nəhəng düşmənlər paradoksal həyat yaşamış Heydər Hüseynovun qisməti idi. Şərəf çələngləri ilə acı tale daim onu müşayiət etmişdir. Sonralar düşmənlərinin onun əleyhinə kompromat kimi istifadə edəcəyi bir çox cəsarətli fikirləri qələmə alanda dərin zəka sahibi, çox güman, bilirdi ki, yazılanlar, itən, qırılan varislik bağlarını bərpa etmək, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırmaq sadə missiya deyil. Dostu Səməd Vurğunun yazdığı kimi "çarıqlı kiçik bir ölkə", "gülüş hədəfi olan çoban torpağı" "Nizamilər, Füzulilər yetişdirə bilməz" ideologiyasını darmadağın edən bu kitabı yazarkən, sözsüz ki, özünü böyük təhlükə qarşısında qoyurdu.

"XIX əsrdə Azərbaycanda sosial-iqtisadi vəziyyət" adlanan birinci fəsildə Heydər Hüseynov Azərbaycanın bölünməsi məsələsinə öz münasibətini bildirir. Azərbaycanın Rusiyaya ilhaq edilməsini "əbədi xoşbəxtlik" kimi qələmə verənlərdən fərqli olaraq Heydər Hüseynov "kəfəni boğazına dolayaraq" yazırdı: "XIX əsrin əvvəllərində Azərbaycanda yaranmış tarixi şərait, Azərbaycan xalqı qarşısında alternativ vəzifə qoydu - ya feodal, geridə qalmış İran şahlığı və sultan Türkiyəsi tərəfindən zəbt edilməli, ya da Rusiyaya birləşdirilməli. Belə bir tarixi şəraitdə Azərbaycanın Rusiyaya birləşdirilməsi daha az müsibət idi". Məhz "böyük səadət" yox, "daha az müsibət"!!! Azərbaycan tarixçilərinin yazdıqlarından fərqli olaraq Heydər Hüseynov repressiyanın bu ağır illərində belə Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsini bir xoşbəxtlik kimi deyil, nisbətən "az ziyan" kimi təqdim edir, hadisəyə Rusiyanın müstəmləkəçilik siyasəti kontekstində yanaşaraq yazırdı: "Şimali Azərbaycan çarizmin müstəmləkəsinə çevrildi. Azərbaycanın zəhmətkeş kütlələri ikiqat zülmə məruz qaldılar; bir tərəfdən yerli feodallar, digər tərəfdən çar hökuməti tərəfindən istismar olundular. Çarizm Azərbaycana özünün müstəmləkəsi kimi baxmaqla, onu inkişaf edən Rus kapitalist sənayesinin aqrar əlavəsinə çevirdi. Bundan əlavə, Rus çarizmi Azərbaycanda xalqın milli mədəniyyətinin inkişafına çəpər çəkməyə başlayırdı".

Haqqında çox yazılmış olsa da, bütün "yollar" ora aparmış olsa da, bu gün bir qədər böyük tarixi məsafədən təhlil edərkən Heydər Hüseynovun həyatının acı sonluğunun səbəblərini yalnız bu kitabla bağlamaq olmur. Kitab, oradakı fikirlər onu ləkələmək, ittiham etmək üçün bir vasitə olmuşdur, buna şübhə yoxdur. Əsas "günahkar" isə onun istedadı, zəkası, cəsarəti, şöhrəti, orta məktəbi bitirdikdən 7-8 il sonra bütün ölkədə məşhur sima kimi tanınmasına səbəb olan şəxsi keyfiyyətləri idi.

Həqiqət naminə isə kitabın da rolunu ayrıca qeyd etmək lazımdır. Ancaq burada da fikir ayrılıqları mövcuddur. Bəzi tədqiqatçılar "Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən" kitabında məhz yuxarıda qeyd edilmiş fikirlərin - Azərbaycanın Rusiyaya  ilhaq edilməsi məsələsində Heydər Hüseynovun radikal düşüncələrinin  əsas yaratdığını qeyd edirlər. İkinci bir fikir mövcuddur ki, guya Heydər Hüseynovun bolşevik repressiyasına məruz qalmasına səbəb onun son əsərində fəsillərin birinə Şeyx Şamil haqqında deyilmiş bir fikri iqtibas seçməsi və ümumiyyətlə, Şeyx Şamil hərəkatına və onun ideyalarına müsbət münasibət bəsləməsi olmuşdur. Doğrudan da, M.C.Bağırovun kitaba hücumları aşkar şəkildə məhz bu Şamil məsələsi ilə əlaqələli görünür. Tarixi faktlara baxaq:

1949-cu il sentyabrın 21-də Nizami adına Ədəbiyyat İnstitutunun, Nizami muzeyinin və Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun birgə yığıncağında Heydər Hüseynovun "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" əsərinin Stalin mükafatına təqdim olunması ilə bağlı məsələ müzakirə olunur. Müzakirələrdə dövrün tanınmış alimləri Məmməd Arif Dadaşzadə, Əlövsət Quliyev, Məmməd Ağa Quluzadə, Həmid Araslı, Yevgeni Alekseeviç Tokarjevski və Mir Cəlal Paşayev çıxış etmişlər. Yığıncaqda əsərin Stalin mükafatına təqdim olunması haqqında müsbət qərar qəbul edilir.

Bu barədə Xalq yazıçısı Mirzə İbrahimovun xatirələri çox maraqlıdır. O yazır ki, "o vaxt mən Moskvada idim. Bir gün dedilər ki, Aleksandr Fadeyev məni görmək istəyir. O, həm SSRİ Yazıçılar İttifaqının, həm də "Stalin mükafatları komitəsi"nin sədri idi. Mən də həmin komitənin üzvü olduğumdan Fadeyev görüşümüz zamanı özünəməxsus bir işgüzarlıqla söhbətə birbaşa Heydər Hüseynovun kitabından başladı. Çox mənalı və qiymətli tədqiqat əsəri olduğunu və Stalin mükafatına irəli sürmək istədiyini bildirib, mənim rəyimi soruşdu. Söz yox ki, fikir mənə də xoş gəldi və sevinclə dedim ki, əla olar. O zaman mənim ağlıma gəlməzdi ki, bu təklif kimə və ya kimlərəsə xoş gəlməyə bilər. Kitabı SSRİ Yazıçılar İttifaqı Stalin mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mükafatlar komitəsində müzakirə zamanı danışanlar kitabı təriflədilər. Həm açıq, həm də gizli səs vermədə əsər mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi".

Həmin dövrdə Azərbaycan Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyən Həsən Məhəmməd oğlu Həsənov xatirələrində yazır ki, "o vaxt Stalin mükafatı Komitəsinin üzvü olan Mirzə İbrahimov Moskvadan mənə zəng etdi ki, Heydər Hüseynovun kitabını Stalin mükafatına təqdim ediblər, Azərbaycanın fikrini soruşurlar, mən bu barədə M.C.Bağırova zəng etdim, o, dərhal razılığını bildirdi".

Kitab böyük müvəffəqiyyət qazanır, Heydər Hüseynovun ünvanına Azərbaycan, Gürcüstan, Estoniya, Qazaxıstan, Özbəkistan, bir sözlə, SSRİ-nin hər yerindən təbrik teleqramları axışır.

1949-cu il dekabrın 21-də başda M.C.Bağırov olmaqla Azərbaycan nümayəndə heyəti Moskvaya Stalinin 70 illik yubileyinə həsr olunmuş tədbirə getmişdilər. Həmin tədbirdə Heydər Hüseynov da iştirak etmişdi. 1949-cu il 27 dekabrda nümayəndə heyəti Bakıya qayıdır və həmin gün elan verilir ki, 28 dekabrda indiki İqtisad Universitetinin binasında Heydər Hüseynovun Stalinlə görüşü haqqında məruzəsi olacaq. Həmin tədbirdə iştirak edən Fuad Qasımzadənin dediyinə görə, zal dinləyicilərlə dolu idi və o, məharətli natiq kimi heç bir konspektdən istifadə etmədən səlis rus dilində 3 saat danışdı.

Moskva səfərindən sonra Heydər Hüseynovun Ümumittifaq  və respublika miqyasında nüfuzunun artması, respublika rəhbərinin xüsusi münasibəti bəzi vəzifəli şəxsləri narahat etməyə başlayır. Həmin şəxslər onu gözdən salmaq üçün vasitələr axtarır, ətrafında olan adamları öyrədir, haqqında müxtəlif məzmunlarda qərəzli donoslar yazılır.

Lakin doğrudanmı təzyiqlərin əsl səbəbi məhz bu aşkar ifadə olunan "şamilpərəstlik" günahından ibarət idi? Heydər Hüseynovun geniş və hərtərəfli fəaliyyətini diqqətlə izləyərək belə qənaətə gəlmək mümkündür ki, Moskvanın dəstəyini qazanaraq Stalin mükafatına layiq görülmüş bir şəxsiyyətin belə bir qondarma ittihamla mühakimə edilməsi həqiqətə yaxın deyil. Çünki onun günahı hələ yüz il əvvəl Mirzə Kazım bəy tərəfindən söylənərək Rusiya mətbuatında çap olunmuş bir ideyanı ancaq təkrar çap etdirməkdir. Bu ideyanın nə Heydər Hüseynovun fəaliyyət sferasına, nə də Azərbaycana bilavasitə dəxli var idi. Müridizm ancaq bəhanə idi. Alimin ittihamına səbəb olan 734 səhifəlik kitabın cəmi 5 səhifəsini əhatə edən Şamil hərəkatını və müridizm təlimini müsbət tərəfdən dəyərləndirən məqalənin bu qədər səs-küyə səbəb olacağını heç kəs ağlına belə gətirməzdi. Bəlkə də bu bəhanə məkrli Moskvanın xoşuna gəlməyən həqiqi səbəblərdən yayındırmaq üçün vasitə idi.

Məlum məsələdir ki, Heydər Hüseynov sadəcə bir tədqiqatçı deyildi. O, Azərbaycanda ictimai elmlərin başında duran və onlara ideoloji yön verən bir şəxsiyyət idi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda gələcək tədqiqatların istiqaməti onun dünyagörüşündən və mövqeyindən çox asılı idi. Həmin mövqe isə Moskva üçün təhlükəli həddə - qırmızı xəttə gəlib çatmışdı. Heydər Hüseynov marksist ideologiyasının pozitiv məqamlarına istinad etməklə milli şüurun və milli mədəniyyətin inkişafı naminə imperiyanın yol verə biləcəyindən qat-qat çox işlər görmüşdü. Onun tamamilə xalqa məhəbbətdən və vətənə xidmətdən ibarət olan fəaliyyətini izlədikcə təkcə əsərlərinin yox, həm də əməli işlərinin qayəsini və ana xəttini təşkil edən milli təəssübkeşliyi, milli məfkurəni aydın sezmək olur. İndi həmin tarixi mərhələni nəzərdən keçirəndə aydın olur ki, 40-cı illərdə respublikamızda ictimai elmlərin, ictimai-siyasi fikrin, humanitar düşüncənin inkişaf tempi heyrətamiz dərəcədə yüksək olmuşdur, bu hadisənin lokomotivi isə Heydər Hüseynov idi.

(Ardı var)

 





24.04.2024    çap et  çap et