525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Mən Rafiqə minnətdarlığımı bildirmək üçün söz tapa bilmirdim, axı məsələnin özü də qeyri-adiliyi ilə seçilirdi. Nəhayət, dözməyib, ürəyimdəkiləri ona demək istədim:

- Əzizim, mən sənin haqqında daim yüksək fikirdə olmuşam, sənin səmimiyyətin, alicənablığın mənim üçün ibrət mənbəyidir. Fərhada kömək əlini uzatmağın, bu məsələdə köhnə adətlərə və stereotiplərə məhəl qoymamağın isə, başqa kişilər üçün də nümunə olmalıdır. Qoy onlar da bədbəxt insanlara kömək göstərmək istəyəndə, dar düşüncəli adamların rəyinə fikir verməsinlər, cəsarətli hərəkət etsinlər. Bu yolla insanlığa xidmət, hökmən yeni ölçü və şəkil alacaqdır. II Dünya müharibəsindən sonra Parisdə Kristian Dior adlı dünya şöhrəti qazanan yeni kuturye meydana gəldi, o, dörd işğal ili ərzində hər cür əzablara qatlaşmışdı, indi isə fransız xanımlarına çox yaraşıqlı, bir qədər dəbdəbəli olan yeni modalar təklif etdi, əvvəlki sadə modanın ağalığına son qoydu. Onun üslubundakı, dizaynındakı paltarlarda qadın bədəninin gözəlliyi, proporsionallığı, fiqurada əyri xətlərin üstünlük təşkil etdiyi detallar, əslində ləyaqətlər daha aydın nəzərə çarpırdı. Axı, o, gözəllik aşiqi idi və öz prinsiplərinə sədaqətsizlik edə bilməzdi. Qnun soyadındakı söz "qızıldan olan" mənasına yaxındır. Füsunkar insani xüsusiyyətlərinə görə mən səni qızıldan olan kimi əsl "d'Or" adlandırardım. Çünki mənim zənnimcə, sənin ürəyin başqalarındakı kimi ət toxumalarının və damarların sintezindən deyil, qızıl sapların sehrli hörülməsindən əmələ gəlmişdir, sən yerdə gəzən insan olsan da, mələk təbiətlisən, elə bil ya cənnətdən qaçmısan, ya da göylərdən enmisən. Ezoterik tarixçilərin yazdığına görə, mələklər kişi cinsinə mənsubdur, onlar Yer üzünə düşəndə gözəl qızlarla yaxınlıq edib, dünyaya adi adamlardan fərqlənən qəhrəmanlar gətirmişlər. Ərim olduğuna görə deyil, yüksək insanlığına görə mən sənin haqqında bu fikirlərə düşürəm və güman edirəm ki, heç də səhv etmirəm.

Rafiq qəhqəhə çəkib güldü və dedi ki, belə getsə, məni lap Herkulesə bənzədəcəksən. Adamlar bunları eşitsə, bizi qəribəlikdə günahlandırıb, haqqımızda istehzalı şayiələr yayarlar. Bədbəxtliklə üzləşmiş Fərhada kömək etməyə gəldikdə, mən elə bir qəhrəmanlıq göstərməmişəm, sadəcə olaraq insanlıq borcunu yerinə yetirmişəm.

Teatrdakı işimə gəldikdə, bizim yeni tamaşalarımız tamaşaçını razı salır, sevindirirdi. Truppamızdakı bircə nəfər qadın bu sahədə mənimlə azacıq da olsa rəqabət apara bilərdi, lakin o, özü də hiss edirdi ki, mən təbii qəhqəhəmlə, qəmginliyi məharətlə təcəssüm etdirməyimlə, iri gözlərimi qəflətən dolduran göz yaşlarımla onu geridə qoyuram və onun mənə çatmaq, mən ötmək üçün etdiyi bütün cəhdlər istədiyinin əksinə olaraq, fayda vermir və ona görə də o, mənə qarşı paxıllıq etməkdən də geri qalmırdı. Mən artıq paxıllıq pozğunluğuna da öyrənmişəm, əvvəlki tək bunu özümə dərd eləmirəm.

Son vaxtlar oynadığımız, əsasən gülüş doğuran tamaşalar barədə mənim rəyimi öyrənmək istədikdə, jurnalistə açıqca dedim ki, mən onları heç də sənət nümunəsi hesab etmirəm. Sadə vodevillərdir, məişətdə hər gün demək olar ki, rastlaşdığımız hadisələrin sadə bir bədii parodiyasıdır. Mən bu tamaşaları kənd yerlərində yol qırağında bitən kollarda yenicə qızarmış böyürtkən giləmeyvəsinə bənzədirəm. Uşaq vaxtı, lap böyüklər özləri də bizdən geri qalmırdılar, hələ onlar tam yetişməsə də, koldan dərib yeyirdik, çox vaxt onların üstü yolun tozu ilə örtülü olurdu, bunu ağzımızda da hiss edirdik, lakin əhəmiyyət vermirdik, turşməzə olduğuna görə sadəcə xoşumuza gəlirdi.  Tamaşalarımız da mükəmməl əsər təsiri bağışlamasa da, turşməzəliliyi ilə tamaşaçının xoşuna gəlir, kollektivimiz isə bu kal xüsusiyyətli münasibətdən, həm də səhnə adamlarının maaş alması xatirinə istifadə etmək məcburiyyətində qalır. Axı aktyor da hava ilə dolanmır.

Gənc bir qız kimi hələ universitetdə oxuyanda filmlərə çəkilmişdim, onu bitirdikdən sonra teatr aləmində yenicə göyərməyə başlayan bir truppaya qəbul olunmuşdum. Truppa əcnəbi klub komandalarının təcrübəsinə əsaslanaraq, məişət mövzusunda, real qüsurları əks etdirməkdə melodramatik, satirik və qaba yumordan ibarət səhnələrə üstünlük verməklə, köhnə adlı-sanlı teatrları populyarlıq rəqabətində geridə qoydu. Kollektivimiz əsasən gənc artistlərdən ibarət idi, deyə bilmərəm ki, biz hər tamaşada sənət əsəri yaradırdıq, lakin buna çalışırdıq, gecəmizi gündüzümüzə qatırdıq, qan-tər içində həftələrin necə gəlib keçdiyini hiss etmirdik. Əlbəttə, bizim kollektivin generatoru olan, bir qeyri-adi həvəsi ilə hamıdan fərqlənən, bizdən fərqli olaraq professional təhsil görməyən bir üzvü özünün enerjisi və teatra sitayişi ilə hər birimizə pozitiv təsir göstərir, öz entuziazmı ilə bizi də görünməmiş qaydada həvəsləndirirdi. Aktyorlar və aktrisalar bu həvəs yarışında geridə qalmamaq üçün çox çalışır, səhnə tapıntıları ilə özlərini və tamaşaçıları sevindirməyə çalışırdılar. Bu zəhmətimiz cavabsız qalmadı, hamı bizim tamaşalara və onların ekran nümayişlərinə biganə qalmadığından, qısa müddətdə populyarlıq qazandıq. Bunun əsas səbəbi bizim ağır zəhmətimiz idi, bu işdə biz yaponlara bənzəyirdik, yorulmadan işləmək həvəsinə görə bizi workaholic adlandırmaq olardı. Təkcə tamaşalarımıza həvəslə baxmırdılar, kollektivin hər bir üzvü başqa aktyorlara nəsib olmayan populyarlıq qazanmışdı. Burada da mənə diqqət bütün hədləri ötüb,  keçirdi, məni hər yerdə tanıyırdılar və populyarlıqda qocaman istedadları da geridə qoyurdum. Qadın kimi də bizə qiymət verirdilər. Axı bizim kişilər qadın gözəlliyinin vurğunudur, səhnə isə öz boyaları və yaraşıqlı geyimləri ilə bu gözə çarpan xüsusiyyətləri xeyli böyütməyə nail olur. Az sayda gözəl olmayan və gombul aktrisalar satirik rollarda gülüş notlarına çevrildiyindən, həmçinin istisna şəklində olsa da, xalqın sevgi ünvanlarına çevrilmişdilər.

 

Populyarlığım getdikcə artır

 

Mən özümü gözəl hesab etmirəm, lakin bədən quruluşumda, sifət cizgilərimin cazibədarlığında təbiət heç də mənə elə bir xəsislik göstərməmiş, ən azı məni gözəgəlimli etmişdir. İri qara gözlərim, gur qara saçlarım, sifətimin proporsional, simmetrik cizgiləri sadəliyinə baxmayaraq, məni Afinanın Akropolundakı Parfenon kimi diqqət və sevgi obyektinə çevirmişdir. Bunu mənə Parfenona pərəstişlə yanaşan, onun arxitekturasının sadəliyinə, proporsinallığına heyran olan bir rəssam demişdi.

 Məni uşaqlıqdan fərqləndirən coşqunluğum, hadisələrə səmimi yanaşmağım, onlara görə sevinməyim və ya qəm çəkməyim səhnə üçün tapıntı hesab edilə bilərdi. Mən istənilən rolda özümü təbii qaydada olan kimi hiss edirdim, mənim sevincim də, qəm-qüssə ifadələrim də adətən səmimiyyət mayesində yoğurulurdu.

Populyarlığım isə bəzən məni utandırmaq dərəcəsinə çatdırırdı. Turist səfərinə gedərkən, məni aeroport işçiləri, sərhədçilər gülər üzlə yola salıb, qarşılayırdılar. Anlayırdım ki, mən nə Anna Manyani, nə Sofi Loren, nə Cina Lolobricida, nə Elizabet Teylor və ya Odri Höpbernəm, lakin öz ölkəmin sərhədləri daxilində çox sevildiyimi də inkar edə bilmərəm. Populyarlığımın həddi aşması ilə də razılaşmıram. Bəziləri iddia edirlər ki, mən tamaşaçıları hipnoz edirəm. Bu o deməkdir ki, mən onların şüuruna hakim kəsilirəm, onları öz iradəmə tabe edirəm. Mən səhnədə sadəcə obraz yaradıram, lakin etiraf edirəm ki, bəzən obraza elə girirəm ki, şəxsən özümü də yaddan çıxarıram, obrazın dünyasına qovuşmaqla, onun həyatını yaşayıram. Səhnənin möcüzəsi özünü büruzə verir, aktyor, aktrisa başqa mövcudluğa yiyələnir. Obrazda yaşamaq istedad tələb edir, əgər bu hipnoz qabiliyyətinə yiyələnirsə, deməli, obraz canlanmışdır, qəribə səhnə dünyasının vətəndaşlığına keçmişdir, axı teatr yunanların icadı olsa da, İngiltərədə böyük yüksəlişə nail olsa da, mövcud olduğu ölkəyə nisbi qaydada məxsusdur, əslində bəşəri dəyərlərinin carçısı kimi dünya vətəndaşıdır, kosmopolitdir. Teatr beynəlxalq varlıq olduğunu qoruyub saxlayırsa, öz təbiətinə xəyanət etmir, əksinə, sadiq qalır. 

Bəzən hansı tədbirə dəvət olunurdumsa, oradakı iştirakçılar məni ayaq üstə, gurultulu alqışlarla qarşılayırdılar, mən özüm də belə qəbula təəccüb edirdim. Belə bir qənaətə gəlirəm ki, özünün paslı silahı hesab etdiyi süni pafosdan ayrılmaq istəməyən aktyor oyunundan tamaşaçı artıq yorulmuşdur, cana doymuşdur, ona görə də bizim qədim yunan teatrı ənənələrinə sədaqət rəmzi kimi təbii oyunla tamaşaçını düşünməyə, özünü və ətrafındakıları dərk etməyə dəvət edirdik, onlar isə bunun əvəzində bizə öz minnətdarlıqlarını və sevgi hisslərini bildirirdilər. Teatrın gücü bundadır ki, bizim kimi sadə öləri adamları məşhurluq zirvəsinə yüksəldir. Düzdür, burada bizim istedadımızın da rolu az deyildir. Lakin onu da xalqa çatdıran, parladan məhz teatrdır, səhnədir. Ona görə də mən teatra bir məbəd kimi baxır, onun bizi xoşbəxtliyə çatdırmasına görə bu ilahi qüvvəyə tam səmimi olaraq sitayiş edirəm.

Populyarlıq bizim üzərimizə əlavə məsuliyyət qoyur, biz əvvəllər yol verdiyimiz, gülüş yaratmaq xatirinə edilən saxta oyunlardan uzaqlaşmağa çalışırıq. Ancaq onu da görürəm ki, bəzən lazımsız təkrarlara yol veririk, belə səhnələr tamaşaçını güldürsə də, bir az sonra onu yoracaqdır, kabab aludəçilərində hətta ətə də münasibətdə başqa, tam əks mənalı dəyişiklik yarandığı kimi, bizim tamaşalar da gözdən, əvvəlki maraqdan salına bilər. Ona görə də biz özümüzə qismət olmuş populyarlıq "xoşbəxtliyi" ilə mükafatlanmağımızla öyünməməliyik, onu artırmaq mümkün olmasa da, qoruyub saxlamaq qayğısına qalmalıyıq.

Mən deyəsən, teatr haqqında, onun kölgəsində özümdən də çox danışdım, axı artistin ən böyük təsir vasitələrindən biri, onun iti silah hesab etdiyi dilidir. Aktrisanın görkəmində yaşla əlaqədar olaraq təbiət müvafiq dəyişikliklər edir, lakin onun dili büdrəsə, pəltəkləməyə başlasa, əvvəlki hörmətini bir andaca itirməklə üzləşə bilər. Məni isə öz həmkarlarım da dildən pərgar hesab edirlər və tamaşaçılar qarşısında hesabat verərkən mənim şirin dilimə üstünlük verib, məni irəli buraxırlar. Bəzilərində belə bir səhv fikir yaranır ki, truppanın məxfi saxlanan lideri mən özüməm. Bu, qətiyyən belə deyildir, Allah xatirinə, bunu düşünməyə də ehtiyac yoxdur, belə bir fikrin yayılmasını, mən bədxahların mənim şəxsi həyatım barədə uydurduqları iftiralara bənzədərdim.

Öz şəxsi həyatıma gəldikdə, mən aktyorların ikinci sınaq fazasını yaxınlaşan səhnə fəaliyyətimlə yanaşı, gəncliyimdə baş verənləri danmaq, gizlətmək, retuş etmək fikrindən uzağam. Mənim uşaqlığım çətinliklər içində keçmiş, onların ətalətini yeniyetməliyimdə və gəncliyimdə də hiss etmişəm. Ərə gedəndən, ailə qurandan sonra mən özümü daha xoşbəxt hesab edirəm, çünki balalarım və canımdan artıq sevdiyim ərim vardır. Rafiq mənim həqiqi dayağımdır, həyati varlığımın onurğa sütunudur. Mən onunla öyündüyüm kimi, o da mənimlə fəxr etdiyini gizlətmir. Bəzən isə ilhama gələndə üstümə tərif şəlaləsi, leysanı tökür. Bəlkə də mən onlara layiq deyiləm, lakin onu inkar etmək də mümkün olmur, çünki hər iddiasını möhkəm arqumentlərlə əsaslandırmağı bacarır və mən artıq bu barədə onunla mübahisə etmirəm, uduzmaq qorxusu məni bundan çəkindirir.

(Ardı var)

 

 

 

 

 

 

 

 

 

 

 





24.04.2024    çap et  çap et