525.Az

Şimali Koreya Yapon dənizinə ballistik raket buraxdı


 

Şimali Koreya Yapon dənizinə ballistik raket buraxdı<b style="color:red"></b>

Koreya Respublikası və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını bildirib.

525.az xəbər verir ki, "Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını açıqlayıb.

Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın yerli vaxtla saat 15:04-də ballistik raket buraxdığını təsdiqləyib. Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, raket Yaponiyanın milli eksklüziv iqtisadi zonasından kənara düşüb. Baş nazirlik binasında raketin düşdüyü ərazidə mümkün zərərin müəyyən edilməsi üçün təcili yardım qrupu yaradılıb. Yaponiyanın Baş naziri Kişida Fumio bölgədə "gözlənilməz vəziyyətlərə qarşı" bütün ehtiyat tədbirlərinin görülməsini əmr etdiyini bildirib.

Sınağın ABŞ Kosmik Qüvvələrinin komandanı general Stiven Uitinqin Cənubi Koreyanın paytaxtı Seula səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib. Yaponiya dövlət televiziyası NHK bildirib ki, Şimali Koreya ilin əvvəlindən bəri 10-cu dəfə müxtəlif tipli və mənzilli raketləri sınaqdan keçirib.

Pxenyan administrasiyası ötən həftə Sarı dənizdə "super böyük döyüş başlığı" və yeni tip "Pyoltsi-1-2" adlı zenit raketindən istifadə edərək "Hvasal-1Ra-3" qanadlı raketini sınaqdan keçirib.

Malik Atilay 

 





24.04.2024    çap et  çap et