525.Az

Sülhə mane olan adamın Sülh Mükafatına namizəd göstərilməsi


 

DÜNYANIN TANINMIŞ PR ŞİRKƏTLƏRİ TERRORÇULUĞU MALİYYƏLƏŞDİRƏN VARDANYANIN "TƏBLİĞAT ŞOUSU"NA QOŞULUBLAR

Sülhə mane olan adamın Sülh Mükafatına namizəd göstərilməsi<b style="color:red"></b>

Məlum olduğu kimi, Bakıda həbsdə olan erməni biznesmen Ruben Vardanyan Nobel Sülh Mükafatına namizəd kimi göstərilib. Belə bir təşəbbüsün irəli sürülməsi saysız-hesabsız cinayətlər törədən bu adamın əməllərinə haqq qazandırmaq deməkdir. Axı, Vardanyanın “backround”unda sülh adına heç nə yoxdur. Belə olan halda, təbii ki, burda bir sıra dairələrin maraqları özünü göstərir.

Vardanyanın ofisindən bununla bağlı bildirilib ki, hansısa təşəbbüs qrupu tərəfindən “Sülh təşəbbüslərinin inkişaf etdirilməsi” və Qarabağda “humanitar fəlakət”in qarşısının alınmasında xidmətlərinə görə o, Nobel Sülh Mükafatına namizəd göstərilib.

Vardanyanın bu mükafata nəinki namizəd kimi irəli sürülməsi, onun adı ilə yanaşı sülh sözünün işlənməsi belə yolverilməzdir. Bu şəxs təkcə Azərbaycana qarşı cinayətlər, qanunsuz əməllər törətməyib, eyni zamanda, adı hər zaman çirkli pulların yuyulmasında, terrorçuluğun maliyyələşdirilməsində, qara işlərdə keçib. “Troyka” investisiya şirkətinin rəhbəri və əsas tərəfdaşı olan Vardanyanı milyarderə çevirən də elə bu cür cinayətləri olub. “Troyka” çirkli pulların yuyulması ilə məşğul olub. Vardanyanın qanunsuz əməlləri, maliyyə fırıldaqları bir sıra ölkələri əhatə edib. “Troyka Camaşırxanası”na 75 ofşor şirkət daxil idi. Bu şirkətlər təkcə 2006-2013-cü illər ərzində hazırda fəaliyyətini dayandırmış Litva bankının köməyi ilə 4,8 milyard dollar məbləğində maliyyə vəsaitini saxta əməliyyatlar yolu ilə çıxarıb.

2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” (Troika Laundromat) adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb. Bu, təbii ki, Vardanyanın bütün cinayətləri deyil.

O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Azərbaycan ərazilərinə gəlib, özünü separatçı rejimin “dövlət naziri” elan edib və sülhə mane olmaq, bölgədə separatizmi daha da alovlandırmaq üçün addımlar atıb. İndi sülhə mane olan, təhdid yaradan, terroru dəstəkləyən, maliyyələşdirən birinin belə bir mükafata namizəd irəli sürülməsi necə izah oluna bilər?

Onunla bağlı bu mükafat barədə düşünmək belə simasızlıq və ikiüzlülükdür.

Xatırladaq ki, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirlərindən sonra Vardanyan saxlanılıb və o, Azərbaycanın Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli bilinir. Azərbaycan ərazisində törətdiyi cinayət əməlləri ilə bağlı kifayət qədər faktlar və sübutlar var. Vardanyan “xüsusi missiya” ilə Azərbaycan ərazilərinə gəldiyini özü də heç vaxt gizlətməyib.

O, 2023-cü ilin yanvarında “HardTalk”a müsahibəsində radikal, qızışdırıcı açıqlamalar verib, guya Laçın yolu bloklanıb və buna görə də Qarabağda “humanitar fəlakət” hökm sürür.

O, təxribatlarını, pozucu və qanunsuz əməllərini davam etdirərək, məşhur “Hard Talk” verilişinə müsahibəsində “Biz özümüzü Azərbaycanın bir parçası olduğumuzu təsəvvür edə bilmərik. Biz ayrı bir ölkəyik. Mən “Artsax”dan danışıram. “Artsax Azərbaycanın bir hissəsi olmaq istəmir” deyib. Bundan əlavə, “Forbes” jurnalına müsahibəsində mifik və qondarma “Artsax xalqı” barədə uydurmalar danışıb. Hətta Azərbaycanı hədələyib, təhdid də edib: “Bunu hərbi yolla həll etmək cəhdi birbaşa itkilər baxımından Azərbaycana çox baha başa gələcək”.

Yada salaq ki, Vardanyan təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verib və Kiyev tərəfindən sanksiyaya məruz qalıb. Ukraynalı deputatlar onunla bağlı Nobel Komitəsinə etiraz məktubu göndəriblər. Deputatların müraciətində Vardanyan həm Rusiyanın özündə, həm də digər qonşu dövlətlərin daxilində, o cümlədən, Azərbaycanın daxilində də terroru maliyyələşdirən şəxs olduğu vurğulanıb. Ukraynada gedən müharibə zamanı da terroru maliyyələşdirənin məhz o olduğu qeyd edilib. Nobel Komitəsinə çağırış edilib ki, onu birdəfəlik bu namizədlər siyahısından çıxarsınlar.

Görünən odur ki, Vardanyanın təbiğat kampaniyasına başlayıb, bu prosesə dünyanın məşhur PR şirkətləri cəlb ediliblər.

Qəribə olan isə budur ki, “Vardanyan şou”da ABŞ mediası və PR şirkətləri iştirak edirlər.

Rusiya təhlükəsizlik orqanlarının agenti olan oliqarxa Qərbin bəzi dairələrinin (USAİD, Samanta Pauer, ABŞ-ın EDELMAN PR şirkəti və s.) dəstək verir. Vardanyanın pulu müqabilində bu gün CNN kimi telekanallar onu “qəhrəman” obrazında təqdim edirlər. Necə olur ki, ABŞ şirkəti Ukraynada separatizmə birbaşa dəstək verən rusiyalı oliqarxı dəstəkləyir? Eyni zamanda, USAİD-in rəhbəri Pauer kimi yüksək çinli amerikalı məmurun da bu dəstəyi suallar yaradır.

Vardanyan Qarabağa Rusiyanın müvafiq orqanları tərəfindən göndərilmişdi və Ermənistanda Paşinyanı devirəcək fiqur kimi “stavka” olunmuşdu. Amma indi Vardanyanın timsalında aydın gördüyümüz budur ki, ABŞ şirkətləri, rəsmiləri, nəhəng media imperiyaları Qərbin dəstəklədiyi Paşinyana rəqib kimi ortaya atılan rusiyalı oliqarxın təbliğatı ilə məşğul olurlar.

Göründüyü kimi, çoxlu cavabsız suallar var. Qərbin riyakarlığı, ikiüzlülüyü Vardanyan keysində yenidən ortaya çıxır. Belə bir cinayətkara, terrorçuya Vaşinqtondan dəstək göstərilməsi, “Edelman” kimi nüfuzlu şirkətin bu işə cəlbi, Vardanyanı “qəhrəmanlaşdırmaq”, ona yeni həyat vermək istəyənlərin planlarının əsl mahiyyəti yəqin ki, yaxın günlərdə aydın olacaq.

 





26.04.2024    çap et  çap et