525.Az

“100 illik şanlı tarix” adlı tədbir keçirilib


 

“100 illik şanlı tarix” adlı tədbir keçirilib<b style="color:red"></b>

Xalq şairi Rəsul Rzanın ev-muzeyində Naxçıvan Muxtar Respublikasının yubileyinə həsr olunmuş “100 illik şanlı tarix” adlı tədbir keçirilib. Tədbirdə Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllim və tələbələri iştirak ediblər. 

Kollecin dil-ədəbiyyat müəllimi Ramilə Səlimova ilk olaraq Naxçıvan şəhərinin yaranma tarixindən bəhs edib. O bildirib ki, dünyanın ən qədim insan məskənlərindən olan Naxçıvan Azərbaycanın əzəli, əbədi və tarixi ərazisidir: “Naxçıvan qədim tarixi, maddi mədəniyyət abidələri ilə zəngindir. Atabəylər və Möminəxatun məqbərələri Azərbaycan memarlığının nadir incilərindən hesab edilir. Görkəmli fikir, söz bahadırları, siyasi, hərbi xadimlər, tişə və fırça ustaları Naxçıvanda göz açıblar. Milli dərdlərimizin, ağrılarımızın danışan dili, xalqımızın düçar olduğu bəlaları – cəhaləti, nadanlığı, köləlik psixologiyasını sözün gücü, qüdrəti ilə ifşa edən, sağaltmağa çalışan qoca Şərqin “Molla Nəsrəddin”i, böyük Mirzə Cəlil, filosof şair-dramaturq Hüseyn Cavid, böyük nasir, məşhur tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi bu torpağın övladlarıdır. Görkəmli şair və nasirlər Məmməd Araz, Hüseyn İbrahimov, Davud Ordubadlı, Əbülfəz Naxçıvanlı və başqaları bu torpaqda dünyaya göz açıblar. Görkəmli rəssam Bəhruz Kəngərli, hərb tariximizin tanınmış simalarından Cəmşid Naxçıvanski, neçə-neçə alim, rəssam, heykəltaraş, incəsənət və mədəniyyət xadimi bu misilsiz diyarın yetirmələridir”. 

Çıxışçı məruzəsində ədəbiyyatımızda yeni ədəbi hadisə sayılan, Azərbaycançılıq məfkurəsinin əsasını qoyan, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirən Cəlil Məmmədquluzadə və yaradıcısı olduğu, sorağı, adı-sanı Amerikadan uzaq şərqə qədər yayılan “Molla Nəsrəddin” jurnalının yaranmasından da bəhs edib.

Tədbirdə tələbələr “Azərbaycanın Uralı, şah damarı Naxçıvan”, “Təbii bulaqlar muzeyi Naxçıvan” adlı məruzələrlə çıxış ediblər. 

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayış olunub, Naxçıvanın ədəbi mühitinin nümayəndələrinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib. 


 

 





26.04.2024    çap et  çap et