525.Az

Səssiz dünyanın balaca sakinləri


 

Səssiz dünyanın balaca sakinləri<b style="color:red"></b>

Onların bizim kimi danışmaq, bizim kimi eşitmək imkanları məhduddur. Fərqli istedada malik bu uşaqlar eşitməkdən və danışmaqdan məhrum olsalar da, həyatın acı və şirin üzünü duymaq sarıdan kifayət qədər təcrübəlidirlər.

Şüvəlan qəsəbəsindəki yerləşən, 2 nömrəli xüsusi internat məktəbindəyəm. Sağlamlıq imkanları məhdud uşaqlarla bir qədər yaxından tanış olmaq məqsədilə üçün yolumu buradan salmışam.

İnternat məktəbi 1962-ci ildən fəaliyyətə başlayıb. O zaman məktəbin adı Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil respublika internat məktəbi adlanırdı. Hazırda isə məktəbin adı dəyişilərək Sağlamlıq imkanları məhdud uşaqlar üçün  2 nömrəli  xüsusi internat məktəbi adlanır. İnternat məktəbinin əsas məqsədi xüsusi təhsilə və qayğıya ehtiyacı olan uşaqların təhsil və tərbiyəsilə məşğul olmaq və  inkişaf etdirməkdir.

Məktəbin direktoru Umnisə xanım Nəcəfbəyovanın köməkliyi ilə məktəbdə sinif otaqları, emalatxana, uşaqların istirahət edib dərs keçdiyi digər otaqlarla tanış oluram. Buraya şagirdlərin qəbulu Psixoloji-tibbi-pedaqoji komissiyasının qərarı əsasında həyata keçirilir. Hazırda internat məktəbində 116 nəfəri oğlan, 61 nəfəri isə qız olmaqla 177 nəfər şagird təhsil alır. 2023/2024-cü tədris ilində internat məktəbinin I sinfinə 9 şagird qəbul olunub.

Danışıq və eşitmə məhdudiyyətli  uşaqlara təhsil öyrənmək üçün ən zəruri şərt onların ehtiyaclarını və idrak fəaliyyətinin xüsusiyyətlərini müəyyənləşdirməkdir. Bu uşaqların davranışlarındakı fərqlər əlavə öhdəliklərə gətirib çıxarır.  Uşaqların əldə etdikləri və mənimsədikləri biliklərin həyat fəaliyyətinə uyğunluğunu müəyyən etmək üçün məktəbdə müvafiq şərait yaradılıb. Son 5 ildə orta ixtisas təhsil müəssəsinə 3 nəfər,  peşə təhsili müəssisəsinə isə 24 nəfər qəbul olunub. Ümumilikdə burada 11 nəfər defektoloq-müəllim dərs keçir. Dərsləri zəif mənimsəyən şagirdlərə müəllimlər və tərbiyəçilər tərəfindən əlavə  məşğələlər təşkil olunur.

Umnisə Nəcəfbəyova bildirir ki, məktəb iki şöbəlidir: "10 illik I şöbədə zəif eşidən şagirdlər, 12 illik II şöbədə isə ağır eşidən və sonradan karlaşmış şagirdlər təhsil alırlar. Hər iki şöbənin şagirdlərinə 9 illik təhsil haqqında attestat verilir. I və IV siniflərdə yalnız Azərbaycan dili və riyaziyyat fənləri üzrə xüsusi dərsliklərimiz var. V-XII siniflərdə isə ümumtəhsil məktəblərinin dərsliklərindən istifadə olunur. Məktəbdə təhsildən əlavə,  "İbtidai" və "Rəsm" dərnəkləri təşkil edilib, şagirdlərimiz bu  dərnəklərə böyük maraq göstərirlər. Bütün fənlərdən əlavə, şagirdlərimizlə "Mimika və daktioloji iş", eləcə də əlavə hər bir şagirdlə xüsusi və fərdi cədvələ uyğun olaraq loqopedik təlimlər keçirilir. Bu təlimlər şagirdlərin nitq və eşitmələrinin inkişafı üçün nəzərdə tutulub. Məktəbimizin şagirdləri dəfələrlə şəhər, rayon və ümumrespublika müsabiqələrdə iştirak ediblər, qalib olublar".

Bu məktəbi bitirəndən sonra şagirdlərin taleyi necə olur, onlar hardasa çalışa bilirlərmi?

U.Nəcəfbəyova bildirir ki, məktəbi bitirdikdən sonra şagirdlər bir sıra peşə məktəblərinə və kolleclərə qəbul olunurlar: "Orada bir sıra problemlərlə və çətinliklərlə üzləşirlər. Yaxşı olardı ki, məktəbin özündə peşə yönümlü siniflər yaradılsın və tədrislə birgə şagirdlər müxtəlif peşələrə də yiyələnə bilsinlər. Şagirdlərimiz əsasən itieşitmə və səlist nitq qabiliyyəti tələb olmayan işlərdə işləyə bilərlər".

Məktəbdə kimya fənnini tədris edən mü

əllim, "Səssiz ünsiyyət-jest dilinin inkişafına dəstək" ictimai birliyinin sədr müavini Könül xanım Quliyevanın sözlərinə görə, məktəb 10 və 12-ci sinifə qədər olmasına baxmayaraq, bütün uşaqlar 9 illik şəhadətnamə ilə təmin edilirlər. Hazırda məktəbin 10-cu sinif şagirdi Mirzəzadə Sənan ABŞ-da keçirilən  robototexnika yarışmasına qatılıb və Azərbaycanı uğurla təmsil edir. K.Quliyeva deyir ki, şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün məktəbdə açıq idman meydançası, iki söhbətkeş  inşa edilib. Bundan əlavə, şagirdlər üçün tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik emalatxanaları qurulub və avadanlıqlarla təchiz edilib. Şagirdlərin arasında bacarıqlı və istedadlı uşaqlar az deyil. Aralarında şeir yazan, mahnı oxuyan, rəsm çəkənlər də var. Əl işlərinin hazırlanması üçün lazım olan materiallar məktəb tərəfindən təmin edilir. Zaman-zaman uşaqların hazırladıqları əl işlərindən ibarət sərgilər də  keçirilir.

Məktəbdə təhsil alan uşaqlar  əsasən zəif eşidirlər, amma heç eşitməyən uşaqlar da var. Elə uşaqlar var, eyni anda danışa və eşidə bilmirlər. Lakin buna baxmayaraq, onlar bir-biri ilə ünsiyyət qurur və oynayırlar. Bu uşaqların ehtiyacları maddi ehtiyac deyil, sevgi, qayğı və təhsildir. Burada uşaqlar hər gün bilik öyrənir və darıxmağa vaxt tapmırlar.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaxınlarda məktəbi ziyarət edib, şagirdlərin əl işləri ilə tanış olub.

Məktəbdə informatika fənnini tədris edən Aynurə xanım Həsənova bildirir ki, tədris zamanı vizual görüntülərə daha çox yer verilir. Səbəb şagirdlərin vizual proqramlarla keçirilən dərsləri daha yaxşı mənimsəmələridir. Təhsil alan uşaqların əksəriyyətinin nitq və eşitmə məhdudiyyətli olmasına baxmayaraq, onların arasında müəyyən qədər danışa bilənlər də var. Amma danışmaq, ünsiyyət yaratmaq istəsəm də, onlara nə sual verəcəyimi bilmirəm.

Müəllimlər deyirlər ki, burada təhsil alan uşaqların əksəriyyəti respublikamızın müxtəlif bölgələrindən gələnlərdir. Buna görə də məktəbin ərazisində onların qalmaları üçün hər bir şərait olan yataqxana tikilib. Məktəb rəhbərliyindən tutmuş ən sıravi işçilərə qədər burada hər kəsin tək istəyi uşaqların öz bacarıqlarını üzə çıxarmalarına yardımçı olmaq, onları təhsilə cəlb etməkdir.

Havar ŞƏFİYEVA

 





26.04.2024    çap et  çap et