525.Az

Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar


 

Hər şey sülh müqaviləsinə doğru - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Xaqani Səfəroğlu, jurnalist:

- "Alatava"nın 3-cü seriyasına baxdım. Ötən iki seriyadan xeyli fərqlənir.

İntriqa və aktyor oyunu yaxşıdır.

Abbas Qəhrəmanov obrazı gözəl yaradıb.

Şamil Süleymanovu nəhayət ki, donuq obrazlarından sonra xarakter yaradan fakturada görə bildik.

Şamil bəy unikal aktyordur.

Dialoqlarda bəzi əyər-əskiklər düzəlsə, lap yaxşı olar.

 

Səadət Məmmədova, jurnalist:

- Ay əziz həmkarlar, bacılar və qardaşlar!

"Körpənin cinsi kişidir" nədir? Bu cümlələri kim düzüb-qoşur?!

"Oğlan uşağı dünyaya gəlib" demək vallah, daha rahat, sadə, düzgün, qulağa yatımlıdır.

 

Fərid Pərdəşünas, texnobloger:

- Mediada yayılan məlumatlara görə, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başlayıb. Yəni sərhədlər dəqiqləşdirilir, ölçmələr aparılır. Özlüyündə çox gözəl və ümid verən xəbərdir. Hər şey iki ölkəni sülh müqaviləsinə doğru aparır.

 

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın radikal müxalifətinin Baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb.

 

Asif Nərimanlı, jurnalist:

- Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma "soyqırımı" yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir.

- Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilər qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər;

- 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın "məğlubiyyət günü" (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan Ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü;

- 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra - 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür;

- 24 aprel qondarma "erməni soyqırımı"nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir.

lll

ABŞ-da Bakıya qarşı gündəmə gələn "sanksiya siyahısı"nın əsas səbəbi kimi Azərbaycanda insan haqları və s. göstərilsə də, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir. Təşəbbüsün müəllifinə və mahiyyətinə diqqət edəndə bu, aydın görünür.

Birincisi, "Azərbaycanda sanksiyalara baxış aktı" adlanan sənədin müəllifi Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir, Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər.

İkincisi, Titus bu təşəbbüslə bağlı ötən həftə ANCA-nın qondarma "erməni soyqırımı" münasibətilə keçirdiyi mərasimdə danışıb və açıq şəkildə bildirib ki, "bu sənəd "artsax"da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır".

Üçüncüsü, "sanksiya siyahısına" 44 günlük müharibədə və antiterror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin daxil edilməsi bunu təsdiq edir, misal üçün, general Hikmət Mirzəyevin də adı bu siyahıdadır: erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni separatçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir.

Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-nin xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma "soyqırımı"nın ildönümündə ANCA-ya "hədiyyəsi" də hesab etmək olar.

Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Sual yaranır: bu təşəbbüsü alqışlayanlar "sanksiya siyahı"sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu/lobbisinin əlinə oynamaqdır.

 

Etibar Əliyev, millət vəkili:

- Dəyərli kitabsevərlər!

30 ildən çoxdur ki, kitabxana qururam və məndən çox kitab mağazalarına gedən və  kitab alan yoxdur. Feysbuk səhifəmdə 200 kitabın təqdimatını aparmağı qarşıma məqsəd qoymuşam. Kitab mağazalarına və Bukinistə gələnlərin demək olar ki, əksəriyyətini tanıyıram. Bütün kitab mağazalarındakı yeniliklərdən xəbərdaram. Bunu kitab satıcılarından soruşa bilərsiniz. Aprelin 27-28-də kitab festivalı keçirmək təşəbbüsü ilə aləmə car çəkənlərin (başda Şəmil Sadiqov  olmaqla) heç birinin kitabla əlaqəsi yoxdur. Onlar özlərinin nəşriyyatlarının çap etdiyi kitabları (broşürları) və özlərinin müəllifi olduğu mənasız kitabları (xalturaları) satmaq məqsədilə bu tədbiri təşkil edirlər.

Dəyərli kitabsevərlər!  Övladlarınıza və özünüzə kitab almaq üçün istirahət günlərində "Bakı Kitab Mərkəzinə", "Akademiya Kitab Mərkəzinə, "Libraff", "Əli və Nino" kitab mağazaları şəbəkələrinə baş çəkin. Kitab festivalı adı altında yalançı özünütəbliğ və külli miqdarda pul qazanmaq fürsəti avantüradan başqa bir şey deyil. Kitabı gözdən salmaqdır...

P.S. Kitab festivalını Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi keçirməlidir.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanda süni intellekt həlli hazırlamaq üçün zəruri olan superkompüter dövlət qurumu və biznes üçün əlçatandırmı?

Tutaq ki, bizdə hansısa bir qurum, dövlət qurumu, yaxud özəl qurum, yaxud da bir elmi-tədqiqat qurumu hansısa bir süni intellekt həlli yaratmaq istəyir.

Onlar indiki anda bunu reallaşdıra bilərlərmi?

Təəssüf ki, hazırda bu, real görsənmir.

Bunun üçün 4 əsas şərt vacibdir:

1. Superkompüter, yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter.

Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub  

2. Data, hansı ki, əsasən hökumətin əlində cəmləşib - maraqlı tərəflər üçün əlçatan deyil.

3. Dilin Milli Korpusu, hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur. 

4. Enerji, varımızdır, həm də yaşılından.

Qəribədir, indiki anda bütün işləri "xodlamaq" üçün zəruri olan, başqalarının arzuladıqları enerji təminatı bizdə var.

Amma bunun əsasında, yəni bizdə olanın əsasında başqalarının hazırladıqları özümüzdə yoxdur.

Düşünürəm ki, hökumət təcili maraqlı tərəflər üçün əlçatan olan belə bir infrastruktur formalaşdırmalıdır.

Yəni dövlət qurumlarının, biznes və elmi institutların süni intellekt əsaslı işləri üçün əlçatan olan bir mərkəz formalaşdırılmalıdır.

Bildiyim qədər RİNN-in Aİ Lab qurumu tərəfindən bu istiqamətdə müəyyən işlər görülürdü. Lakin görünən odur ki, hələlik ortada real nəticələr yoxdur.

Bu sektorda olan maraqlı tərəflər, RİNN, İN, ETN, biznes qurumları   və s. birgə səylərini gücləndirməlidirlər. Bura böyük resurslar yatırılmalıdır.

Dünyada, qonşu ölkələrdə bu istiqamətdə böyük investisiyalar yatırırlar. Elə region ölkələri də xarici qurumlarla əməkdaşlıqla belə bir infrastrukturun formalaşdırılması ilə məşğuldurlar. Qazaxıstan və Ermənistan bu sahədə daha aktiv görsənirlər.

Biz isə çox gecikirik.

Düşünürəm ki, ölkəmizdə süni intellekt həllərinin yaradılması və tətbiqi məqsədilə yaşıl enerji təminatlı bir superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi.

 

Qismət Rüstəmov, şair:

- Bədii ədəbiyyatdan zövq almaq, müəllif şüuruna, onun estetik perspektivinə yaxınlaşmaq üçün söz duyumu, ritm hissi çox vacibdir. Yadıma gəlir, bir dəfə hansısa essedə "ağ-ağ masalar" yazmışdım, kimsə irad yazmışdı ki, iki dəfə "ağ" sözünə nə ehtiyac var? Əlbəttə, soyuq məntiqlə heç bir ehtiyac yoxdur. Ancaq bədii mətni cari yazılardan fərqləndirən elə bu cür xırda detallardır. "Ağ masalar" ilə "ağ-ağ masalar" arasında söz artıqlığı yoxdur, ritm fərqi var. Bədii mətndəki söz/cümlə sırası hamıya məlum sintaktik qaydalardan başqa özündən əvvəlki və sonrakı cümlələrin yaratdığı təcilə, ritmə, intonasiyaya əsasən tənzimlənir. Ədəbiyyatçı ilə ədəbiyyatçı olmayanın fərqi də budur: birinə ritm kimi gələn, o birinə aritmiya kimi gəlir.

 





26.04.2024    çap et  çap et