525.Az

Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır


 

Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - <b style="color:red"> Dilarə Adilgil yazır</b>

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlalın yaradıcılığının çox mühüm bir hissəsini onun hekayələri təşkil edir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov və digər ustadlardan aldığı estafeti müvəffəqiyyətlə davam etdirən Mir Cəlal ədəbiyyatımızda hekayə janrının inkişafında müstəsna rol oynayıb, bu janrın şedevrlərini yaratdı. O, həyat həqiqətlərindən yazırdı, yaratdığı surətləri qaldırmaq, ucaltmaq, fetişləşdirmək, ya alçaltmaq məqsədi daşımırdı, sadəcə, necə varsa, elə göstərirdi. "Həyat hekayələri" silsiləsindən olan "Badam ağacları" mənim yadıma həm Baharı, həm də Cəfər Cabbarlının "Dilarə" hekayəsini salır. 6 yaşlı Ədalət Dilarəni, atası Ağarza da Dilarənin atası Bəşiri xatırladır. Lakin fərq ondadır ki, Ədalətin taleyi o biri uşaqlar kimi fatal sonluqla bitmir. Sıra ilə ərbab, kəndxuda, müşavir, amerikan zabiti tərəfindən döyülsələr də, söyülüb-soyulsalar da, final ümid verir, müəllif tale qapısını bu ata-balanın üzünə bağlamır.

Həyat - sayı bilinməyən insan hekayələrindən ibarətdir. Çexov deyirdi ki, mən nadir hallarda nə isə uydururam, yazdıqlarım mənə danışılanlar, eşitdiklərimdir. Mir Cəlalın hekayələri də bu reallıqla səsləşir. "Mərkəz adamı" obıvatel Əntərzadə, xörəyin yağlısını, meyvənin yaxşısını qonağa saxlayıb, uşağına boyatını, çürüyünü yedirdən, qonağı işıqlı otaqda qarşılayıb, övladlarını qaranlıq damda böyüdən "Qonaqpərəst",  usta Zeynalın həkim variantı - Cinayətov öz ağırlıq və neqativləri ilə oxucunun qəlbini qaraltsa da, həm də gözünü açır, uyğun situasiyalarda adekvat davranışa çağırır. Mən "Qonaqpərəst" hekayəsindəki atanı Abdulla Şaiqin "Yaxşı arxa" nağılındakı ana leyləklə müqayisə edərdim. Hərəsi bir cür avam... Və bu avamlıqlarından balalarını bir-birinin ardınca biri xəstəliyə, o biri tülküyə təslim edir.

"Kəmtərovlar ailəsi" yazıçının məşhur hekayələrindəndir. Hekayədə bir-birini sevən, hörmət edən, lakin var-dövlətə aşırı hərislik göstərən cavan ər-arvaddan danışılır. Əslində, onlar dövlətdən oğurluq etmir, heç kimin də cibinə girmirlər. Sadəcə, daha yaxşı yaşamaq üçün bir neçə yerdə işləyir, nə ev üzü, nə də bir-birinin üzünü görürlər. Yazıçını narahat edən bütün problemlərin məcmusu onun hekayələrindədir. Yəni biz, hətta, bugünkü azərbaycanlılar da oradayıq. Oxucu orada özünü, yaxınlarını görür. Hazırda da biz Mir Cəlalın personajları olaraq qalırıq. Bu gün perfeksionizm (mükəmməlçilik) deyilən bir termin işlənilir ki, bu da həddindən artıq çalışqan, hər şeyin ən yaxşısına çatmaq istəyən insanlara xas olan haldır. Digər adı da "əlaçı sindromu"dur. Qulam və Leyla işləmək azarına tutulublar, özlərini daim uğurlu insanlarla müqayisə edir, "boş vaxtlarını doldurmağa başlayırlar". Beləliklə, həm həyatın nəşəsini qaçırır, həm də bu qədər işləməklə quru düzdə qalırlar. Əsərdən çıxan nəticə: "Hər şeyin dəyəri onun qədərindədir". "Qıyıq Ələkbərin nəyi məndən artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəstgahlı ev-eşik düzəldək. Qonşular baxsın, yana-yana qalsın". Amma təəssüf ki, sonda yana-yana yenə özləri qalır. Onların həmişə işdə olduğunu, bir-birlərindən xəbər tutmadıqlarını bilən, açarlarının yerini öyrənən Sarıköynək qadın hər gün Kəmtərovların evinə gəlir, silir-süpürür, həm də "evi süpürürdü", yəni guya "zəhməthaqqı" kimi, gözünə nə xoş gəldisə, götürüb aparır. Ta ki, günlərin bir günü ev yiyələri xoruza yük olduqlarını anlayana qədər...

Hekayələr sayca çox, məzmunca müxtəlif olduğundan yazıçının fikri, ümumiləşdirmələri, demək istədikləri oxucuya rahat çatır, hekayədən hekayəyə artır, möhkəmlənir.

Hansı kateqoriyaya aid edilməsindən asılı olmayaraq, Mir Cəlalın hekayələrinə bir yığcamlıq hakimdir. Həmin bu konkretlik də hekayələrindəki dialoqları bənzərsiz edir. "Bu otaqları sənə verəcəyəm. Əllicə dənə qaragöz yüzlüyə! Necəsən? - Beş min manat? - Beş! - Aldım! - Satdım". Belə maraqlı və yuvarlaq dialoqa, hələ əgər üstəlik sövdələşmədirsə, daha harada və çoxmu rast gəlmək olar?

Mir Cəlalın miniatür hekayələri bir səhifə, bəzən bir az da artıq "sıxılmağına" baxmayaraq, normal həcmli hekayənin tələblərinə cavab verir və süjetdə də, məzmunda da "hüquqları" pozulmur. "Lirika" hekayəsində olduğu kimi. Sadə, maraqlı süjetdən əlavə, hekayənin daha bir dəyəri onun humanizmindədir. İnsan! Kaş bu əzəmətli ad "heç vaxt, heç yerdə bizi tərk etməyə idi". "Əl xətti", "İki hakim", "Xəcalət", "Zəhmət, əqil, bəxt" miniatürləri xüsusilə tərbiyəvi əhəmiyyəti ilə diqqət çəkir. "Xəzinədar" da kiçik bədii formanın bir nümunəsidir. Hekayənin qəhrəmanı Mərkəzi kitabxananın işçisidir. Yazıçı onu necə tərif və təsvir edir... "Gözündə çeşmək, döşündə önlük, qulağında karandaş, əlində zərrəbin olan" bu kişini şahların xəzinədarı, loğman həkimlə müqayisə edir. Hekayə kitaba sevgi, qayğı, mədəni irsi və dövlət əmlakını qorumaq kimi tərbiyəvi-mənəvi missiya da daşıyır. "Kəhərin son günləri" Koroğlunun qocalıqdan şikayətinin daha fəci varaintıdır. "Titrək bir səs"  həyat hekayəsi olub, vətənə məhəbbət, düşmənə nifrət aşılayır.

Yazıçının "Ədəb söhbəti", "Radio qabağında", "Xoşbəxtlik barəsində" miniatürləri "Mətləb hekayələri" silsiləsindəndir ki, belə maraqlı başlıq altında toplanması mündəricəsini məlum edir. Kiçik həcmli əsərlərinin bir qismi də "Həkim hekayələri" adı altında təsnif edilib ki, bunlardan "Dost görüşü"nü xüsusi qeyd etmək istəyirəm. Yazıçı bu hekayədə, təbabətdən xəbərsiz, ağır soyuqdəyməni qadın xəstəlikləri üçün olan dərmanlarla baytarcasına "müalicə" edən kənd həkimini məhşər ayağına çəkir. Fətullanın həkim dostu təsadüfən şəhərdən gəlməsəydi, kişi bir çətən külfətini başsız qoyub heç nədən yaxınlıqdakı qəbiristanlığa yerdəyişmə edəcəkdi. Necə deyərlər, hər şeyin təzəsi, dostun köhnəsi... Həmin bu köhnə dost, adına qədimsayaq "Mirzə" deyilən "həkim"i kənar edib, 14 günə kişini ayaq üstə qoyur. Mirzəyə:  "Qəbiristanlıqda yatanların neçə faizindən xəcalətlisiz?" sualını verəndə yalançı həkim əl-ayağa düşür, "Siz alan bilik mənə qismət olmayıb" - filan, - deyə özünü təmizə çıxarmaq istəyir. Həkim isə "həmkar"ını ifşa etsə də, hökumətə təslim etmir, ixtisas kursuna, mühazirələrə göndərir ki, o da, insafən, yaxşı nəticələrlə sevindirir.

Mir Cəlalın, demək olar, ən şux, pozitiv hekayələrinin altındakı tarixlər, biz də daxil, sovet dövləti üçün çox ağır olan 1930-1940-cı illəri göstərir. Yazıçının müsbət enerjisi sevginin, inamın edam edildiyi, sabaha ümidin qalmadığı bir zamanda oxucunun dodağını qaçıra bilir, ağlada-ağlada olsa da, güldürür. Bu əsərlər ona xidmət edir ki, "tunelin sonundakı işığa inanan adamlar kor olmasın", insan yaşamaqdan vaz keçməsin. "Plovdan sonra" bir ailə-məişət hekayəsidir. 30-cu illərdə bu süjetdə əsərə, əsərdəki belə təsvirə rast gəlməzdin: "Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimlərdən, əlvan geyimli xanımlara qədər çoxlarını görmək olardı". Naz-nemət içində böyütdüyü oğlunu böyük bağlamalarla Moskvaya oxumağa yola salan kabardin paltolu, ağ şlyapa, ağ əlcək və ağ çəkmə geymiş qadınlar isə bizim ədəbiyyatda yox qədər idi. Yavaş-yavaş harınlaşmış personajlar ədəbiyyata ayaq açmağa başladı. Daha Baharlar küçələrdə soyuqdan donmur, ədalətlər məktəbə gedirdi. İndi də yazıçının tənqid hədəfi əntərzadələr, ərknaz xanımlar, "yanlış tərbiyənin fəsadları" oldu. Bəlli bir dövrdə yazıçının nəsrindəki dramatizmi satira və yumor əvəz edirdi ki, müəllif onun əli ilə cəmiyyəti islah edir, gülüşü sosial təsir vasitəsinə çevirirdi. Bu, tam başqa bir Mir Cəlal idi.

Mir Cəlalın əvəzsiz ustalıqla yazdığı hekayələrində özünü qabarıq göstərən cəhətlər o qədər çoxdur ki: dünyanı sezmə qabiliyyəti, millilik, vətəndaşlıq mövqeyi, orijinal üslub, lətif yumor və sərt satira, həm də güclü dramatizm, dad-duz... Ən başlıcası isə - insansevərlik... Onun əsərlərində insan həyatı zərif materiyadır, qəhrəmanların yeddi canı yoxdur, zülmə, ağırlığa dözə biləcək surətlər yaratmır. Çünki istəmir. İnsanları görmək istədiyi, arzuladığı kimi yaradır.   

Mir Cəlalın heç kimə bənzəməyən sadə, orijinal dilini, söz ehtiyatını xüsusi qeyd etmək istəyirəm. Hekayələr "üzünü qaranlığa çevirmək", "tənumənd adam", "söz məni yağlı xörək kimi tutdu", "xoş bir yaz günortasında", "qəlbindən ixtiyarsız hıçqırıqlar qopdu", "dostumun silah kimi bərk əlini ovcuma alıb diqqətlə baxdım", "hakim istədi... mürafiəni istədiyi kimi həll eləsin", "bütün xanımları heyrətə salan Əntərzadə indi böyük restoranların yorulmuş aşpazına oxşayırdı", "tramvay canavar quzunu qapan kimi, bir məktəbli uşağı altına aldı" kimi heç yerdə rast gəlinməyən, saysız-hesabsız idiomatik ifadələrlə, təbirlərlə, maraqlı tapıntılarla zəngindir.

Mir Cəlal Paşayev böyük alim, böyük ziyalı idi. Yazıçının həyat yoluna nəzər salanda müəyyən etmək olmur ki, ədəbiyyatdan elmə gəlib, ya "həqiqi mürşid olan elm" onu ədəbiyyata gətirib... Belə ki, yazıçı kimi boy göstərməsi 1928-ci ilə aiddir, ilk tədqiqat əsərini də həmin ildə yazıb. 1938-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, iki il sonra isə şah əsəri olan "Bir gəncin manifesti"ni yaradıb. O, poeziya, nəsr, satira, yumoreska, publisistika, elm, pedaqogika, ictimai xadim kimi bir-birinə yaxın və uzaq sahələrdə fəaliyyət göstərirdi.

Mir Cəlal müəllimi şəxsən tanımaq, ondan dərs almaq mənə də qismət olub. Mühazirə ilə bərabər, seminarı da özü apardığından onu daha çox dinləyə bilir, daha çox şey öyrənir, yaxından tanıyırdıq. 1-ci kursdan tələbələri tədqiqata cəlb edir, elmə yönəldirdi. Hamımıza kurs işi vermişdi. Opponentləri də jurnal üzrə təyin edirdi, yəni adı məndən əvvəl və sonra olan 2 tələbə işimi oxuyur, rəy verirdi. Yadımdadır ki, müzakirələrimiz çox canlı keçirdi. Müəllimimiz diqqətlə qulaq asır, qeydlərini bildirir, qarşısındakına tələbə kimi yox, həmkar kimi yanaşırdı. Mir Cəlal müəllimlər müəllimi idi. Fakültəmizin sayılıb-seçilən, mötəbər professorları da ondan dərs almışdılar. Ümumiyyətlə, Mir Cəlal müəllimin insanlığı, səxavəti barədə hələ sağlığında əfsanələr dolaşırdı. Onun dərs dediyi son kurs da elə biz olmuşduq: Universitetə 1977-ci ildə daxil olanlar. 78-ci ildə dərslər başlayan kimi fakültəmizi qara xəbər sardı; böyük ədib, əsl müəllim, xeyirxah insan Mir Cəlal Paşayev dünyasını dəyişmişdi. Qoyub getdiyi irsi ədəbi xəzinəmizin sərvəti sayılan böyük yazıçımızın işıqlı xatirəsi onu şəxsən tanıyanların və oxuyub tanıyanların qəlbində həmişə yaşayacaq!

 

 





26.04.2024    çap et  çap et