525.Az

...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm - Elxan Yurdoğludan poetik nümunələr


 

...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm - <b style="color:red"> Elxan Yurdoğludan poetik nümunələr</b>

GİDİ DÜNYA BİR KÖRPÜDÜR

 

Taxtımızdan salmaz bizi mülk azlığı, var azlığı,

Gərəkdir tək ayaqla da saxlayasan tarazlığı.

Bir də heç vaxt əldə silah etməyəsən arsızlığı,

Onda dönüb geri baxsan, ləkəsiz bir iz görərsən,

Alnı açıq, başı uca, vicdanı təmiz görərsən.

 

Əslim, nəslim, soyum, zatım torpaqdan güc alan olub,

Zəhmət ilə ev-eşiyin qayğısına qalan olub.

Əməlimdə nə bir riya, sözümdə nə yalan olub,

Ataların dediyitək kökü üstə bitən otam,

Əl uzatsan süfrəm açıq, əl qaldırsan qarsan odam.

 

Gidi dünya bir körpüdür - karvan ömrü yaşayırıq,

Hər anımız yük doludur, başdan sona daşıyırıq.

Keçmiş qaysaq tutan yara, bizlərsə hey qaşıyırıq,

Bu gedişlə gələcəyin ilğımında azar insan,

Öz qəbrini öz əliylə, öz beynində qazar insan.

 

ANİ BİR ÖLÜM GƏLƏ

 

Ani bir ölüm gələ,

Sevgilin kimi gülə.

Yapışasan əl-ələ

Xoşbəxtliyə gedəsən,

Dünyanı tərk edəsən.

 

Bir cənnət yaradasan,

Eşqlə gülə hər insan.

Səhərdən axşamacan

Söz deyib, söz qoşasan,

Şeirlərlə coşasan.

 

Məni çağıran adam,

Danış - bağrı qan adam.

Ruhu yorulan adam,

Qaç cəhənnəm dünyadan,

Hər günü qəm dünyadan.

 

Xəyal qurub axtardım,

Ömrü yorub axtardım,

Hər gün durub axtardım,

Çıxış yolu ölümdür,

Qalan hər şey zülümdür.

 

Ani bir ölüm gələ,

Sevgilin kimi gülə.

Yapışasan əl-ələ

Xoşbəxtliyə gedəsən,

Dünyanı tərk edəsən.

 

BİR GÜN ÇIXIB GETSƏN...

 

Sən mənim ömrümə hayandan gəldin,

Dünyamı fəth etdin, hər yandan gəldin.

Dərdimə, sərimə hey yanan gəldin,

Bir gün çıxıb getsən, can çıxıb gedər,

Bil ki, çıxıb getsən, can çıxıb gedər.

 

Sevgiyə açılan pəncərəm sənsən,

Hər fəsil ən gözəl mənzərəm sənsən.

Şeir həyatıma nəzirəm sənsən,

Bir gün çıxıb getsən, can çıxıb gedər,

Bil ki, çıxıb getsən, can çıxıb gedər.

 

Günəş qoparmışdın, Ay gətirmişdin,

Şaxtalı bir qışda yay gətirmişdin.

Ömrünü ömrümə pay gətirmişdin,

Bir gün çıxıb getsən, can çıxıb gedər,

Bil ki, çıxıb getsən, can çıxıb gedər.

 

Dünyamı cənnətə döndərənimsən,

Səhrayam, yağışlar göndərənimsən.

Canımsan, canıma can verənimsən,

Bir gün çıxıb getsən, can çıxıb gedər,

Bil ki, çıxıb getsən, can çıxıb gedər.

 

YENƏ YADA DÜŞMÜSƏN

 

Gecə beşdi, səhər beş,

Yenə yada düşmüsən.

Hər gün gəl ağlımdan keç,

Onsuz yanımdan keçib

Yenə yada düşmüsən.

 

Sənə gələn yollarım

Yenə düyünə düşdü.

Gəlib toyuna çatdım,

Oğrun-oğrun baxışmaq

Yenə düyünə düşdü.

 

Sən Tanrısan, dünyana

Yenə bəndə düşərəm.

Ürəyi ağrıyana

Elə qıyqacı baxma,

Yenə bəndə düşərəm.

 

Həsrətdən saçlarıma

Yenə hey dən düşəcək.

Məni sənsiz buraxma,

Varlığım yoxluğunla

Yenə heydən düşəcək.

 

GÖZÜM VƏ GÖZLÜYÜM

 

Son vaxtlar sağ gözüm incidir məni,

Acı su dayanmır, axır, hey axır.

Sol gözüm ikiqat əziyyət çəkir,

Sağın da yerinə sağ-sola baxır.

 

Yaxın adamların uzaqlığını

Yaxşı görmək üçün gözlük almışam.

Uzaq adamların yaxınlığına

Təəccüb edirəm, çaşıb qalmışam.

 

Gözüm torlandıqca sevinirəm ki,

Əyri adamları düz görməyəcəm.

Daha topuğuma daş atanları,

Daha maskalanmış üz görməyəcəm.

 

Gözümün əlindən tutan gözlüyüm,

Kiçik adamları böyük göstərmə.

Gözümə yük etmə hər görünəni,

Yaltaqlıqçün əl ayaqdan gedəni,

Çox bilən, iş bilən, ütük göstərmə.

 

Gözlük gözlərimin əl ağacıdır,

Gözlüyüm qoymur ki, yıxıla gözüm.

Gözlük də dadına çata bilməsə,

Yumul, əbədilik yuxula, gözüm!

 

ŞƏHİD QIZI

                       Ləman üçün

 

Şəhid qızlarının baxışlarında

Qürur heykəlidir igid atalar.

Ömrü alnı açıq yaşamaq yazdı

Qızların alnına şəhid atalar.

 

Gecə xəyalına qısılıb yatar,

Gündüz şəkilləri basar bağrına.

Dilində yaşından böyük bir cümlə:

Atam şəhid oldu vətən uğruna.

 

Nə qədər desək də, biz yanındayıq,

Nə qədər desək də, "Vətən sağ olsun"...

Bir gün incidəndə həyat o qızı

Arzusu dillənər: Atam sağ olsun.

 

Çox tez böyüyərlər şəhid qızları,

Səslər buz bağlayar ata sözündə.

Təbəssüm qonsa da, dodaqlarına,

Gözləri ağlayar ata sözündə.

 

Başını uca tut, ey şəhid qızı,

Həyatın önündə şəst ilə dayan.

Atan bayraqlaşan qeyrətimizdir,

Sənsə bayraqlaşan namusumuzsan.

                                                      Naxçıvan,

                                                      25-10-2023

 

İYİRMİ YAŞLI ŞƏKLİM

 

Baxdığım yerdə iyirmi il əvvəlim var,

Kim bilir, indi susqun hüznümdə kim var?!

Tellərim dalğa-dalğa boy göstərir şəkildən,

Bir əlamət qalmayıb indi həmin kəkildən.

Qız qaytaran baxışım, dodağımda təbəssüm,

Baxdıqca kövrəlirəm, baxdıqca dolur gözüm.

Sevdiyim, bu şəkili çəkdirdiyim həmin gün

Çıxıb kəndə getmişdin, darıxırdım səninçün.

Könül istər bu günlər dönüb olsun o vaxtlar,

Bu arzuya çatmağa nə tilsim var, nə sirr var.

Baxıram ayaqqabım süzlüb, əldən düşüb,

Pencəyimin ətəyi qırışıb və büzüşüb.

Dəftərçəm o pencəyin sol cibində olardı,

Hər gün bir səhifəsi şeirlərə dolardı.

Şəkil donmuş zamandır - keçmiş buz dənizidir,

Baxdıqca xatirələr donan anı isidir.

Əlimdəki şəkil də iyirmi illik buz qatı,

Xatirələr oyanır, buz layları çat atır.

Acıq çıxır elə bil qırx üçlü yaşlı şairdən

Bir şəkildən boylanan iyirmi yaşındakı mən.

Örtüb yerinə qoydum albomu gülə-gülə,

Hələ sağollaşdım da şəkillə: - Gülə-gülə.

Otağın işığını söndürməkdən çəkindim,

Qaranlıqda keçmişlə tənha qalmaq çətindir...

Bu gecə yuxum qaçaq, keçmişdə qalıb gözüm,

Qızım duyuq düşübdü: - Dədə, bir kofe süzüm?

Bir söz deyə bilmirəm, başımı tərpədirəm,

Xatirələr altında qalmışam - budu dəprəm...

 

ŞAİR, YAĞIŞ, QUŞ BALALARI

 

Yağış pəncərəmdə quş balasıdır,

Hələ alışmayıb qanad çırpmağa.

Açıram ovcumda atılıb-düşür

Sevincdən ürəyim dönür bir dağa.

 

Yağış dimdikləyir ovuclarımı

Uşaqtək sevinib çölə qaçıram.

Quş balalarına uçmaq öyrədir,

Qoşulub onlara mən də uçuram.

 

Elə bil çoxdandır bir küncdə küsən

İçimdən uşaqlıq inadım çıxır.

Hər tində, döngədə xatirələrim

Tutur əllərimdən - qanadım çıxır.

 

Sərçələr sevincək uçur yanımca,

Qopur qanadımdan bir lələk qələm.

Göylərə xoşbəxtlik şeiri yazıram,

Enirəm aprelin üzündən öpəm.

 





26.04.2024    çap et  çap et