525.Az

Güney ziyası: Sədyar Vəzifə Eloğlu


 

Güney ziyası: Sədyar Vəzifə Eloğlu<b style="color:red"></b>

Gözlərinin nurunu, qəlbinin odunu sözlərə, misralara tökən, ömür-gününü doğma el-oba uğruna ədəbi fəaliyyətə həsr edən Güney Azərbaycan ədəbiyyatının fədakar ziyalılarından biri də Sədyar Vəzifə Eloğludur. Ədəbi fəaliyyət dairəsi geniş olsa da, daha çox şair kimliyilə tanınan Sədyar Vəzifə öz missiyasını yazar imzası ilə, sanki daha da bərkişdirmək istəmiş və özünə "Eloğlu" təxəllüsünü seçərək yolunu, məramını ta başdan açıq-aydın bəyan etmişdir.

Sədyar Vəzifə İsmayıl oğlu 1959-cu il aprelin 2-də Qaradağ mahalının Xudafərin nahiyəsində yerləşən Katdalı Qulubəyli qışlağında bir köçəri ailədə anadan olub. 12 yaşınadək doğma elində böyüyüb, ibtidai təhsilini Cəfərqulu Uşağı qışlağında başa çatdırıb, orta təhsilini Əhər və Təbriz şəhərlərində bitiribdir. Eloğlu 1978-ci ildən başlayaraq dörd il Təbriz şəhərinin ətrafında olan Mayan kəndində müəllimlik etmiş, sonra Tehrana köçüb bir şirkətdə işləmişdir. O, gənclik illərindən başlayaraq Azərbaycan ədəbiyyatının mütaliəsilə məşğul olmuş, həmin illərdə ilk qələm təcrübələri kimi ana dilimizdə şeirlər yazmağa başlamışdır. Eloğlunun şeiri ilk dəfə 1980-ci ilin avqust ayında Təbrizdə nəşr edilən "Dədə Qorqud" dərgisində çap olunub. Yaradıcılığa şeirlə başlayan Eloğlunun indiyədək iki cild şeir kitabı çap edilib. İlk addımlarından ədəbiyyat aləmində və xalq arasında rəğbətlə qarşılanan şairin əsərləri İran və o taylı-bu taylı Azərbaycan mətbuatında mütəmadi dərc olunub. Hələ 1981-ci ildə mərhum akademik Mirzə İbrahimov o zamanlar şairlər və yazıçılar ittifaqının orqanı olan "Azərbaycan" dərgisində "Cənub sovqatı" başlıqlı məqaləsində Eloğlunun ilk dönəm çap olunan şeirlərini dirəniş ədəbiyyatı kimi dəyərləndirib.

S.V.Eloğlunun "Qoşmalar" adlı ilk şeirlər məcmuəsi 2002-ci ildə Tehranda "Nəxustin" nəşriyyatında əski əlifbada çapdan çıxıb. Kitabın ön söz müəllifi tanınmış ədəbiyyatşunas alim Dr.Məhəmmədrza Kərimidir. 120 səhifədən ibarət olan bu kitabda Eloğlunun qoşmaları, gəraylıları və bir sıra sərbəst şeirləri yer alır. Bu şeirlərdən bəzilərinə aşıqlar və xanəndələr tərəfindən musiqi bəstələnib şənliklərdə oxunur.

S.V.Eloğlunun "Ölülər saqqız çeynəyir" adlı ikinci şeirlər kitabı dəyərli ədəbiyyatşünas alim Dr.İbad Məmizadənin (Ağdaşlı) ön sözü ilə 2009-cu ildə Kərəc şəhərində, "Pinar" nəşriyyatında əski əlifbada çap olunub geniş yayılmışdır. Eloğlunu "Milli duyğular şairi" adlandıran İ.Məmizadə ön sözündə: "Gözəl bir bədii əsər öz xəlqiliyi və orijinallığı ilə seçilir. Xəlqilik xalq kütləsinə bağlılıq və eləcə də sənətkarın mənsub olduğu xalqın milli məfkurəsindən qidalanması deməkdir. Hər bir sənətkarın yaradıcılıq bacarığını məhz həmin meyarla ölçmək olar. Təsadüfi deyildir ki, qara qüvvələr əsrlər boyu sənətkarları öz həqiqi istiqamətindən yayındırmaq üçün həmişə onları xalq kütləsindən və milli duyğulardan uzaqlaşdırmağa çalışmışlar. Əvvəllər Avropada, sonralar isə vətənimizdə üzdəniraq ziyalıların saqqız kimi çeynədiyi "sənət, sənət üçündür" şüarı da həmin ideyalara qulluq edirdi. ...Lakin əsl sənətkarlar heç də bu saxtakarlıqlara uymayıb, realizm yaradıcılıq metoduna və onun estetik meyarlarına sadiq qalıblar", - yazır, "Ölülər saqqız çeynəyir" kitabını yüksək qiymətləndirir və daha sonra "...Azərbaycan şeirinə gəldikdə isə deməliyik ki, bu diyarın sənətkarları bütün dövrlərdə möhkəm addımlar atmış və doğma poeziyamızı bütün yanlışlıqlardan qoruyub saxlamışlar. Molla Pənah Vaqif realist şeirimizin əsasını qoyaraq onu öz xələflərinə tapşırmışdır. Sonralar onun müxtəlif qolları, xüsusilə tənqidi realizm Mirzə Ələkbər Sabir kimi dahilər və digər "Molla Nəsirəddin"çilər vasitəsilə genişləndirilmiş və öz yüksək zirvəsinə çatdırılmışdır. Söz yoxdur ki, Azərbaycan realizmi öz sevgi və gözəllik cəhətini aşıqlarımıza və ümumiyyətlə, aşıq ədəbiyyatında fəaliyyət göstərən şairlərimizə borcludur. Bu yolun ulduzları Aşıq Ələsgər, Səməd Vurğun, Hüseyn Arif, Zəlimxan Yaqub kimi sənətkarlardır. İranda rəhmətlik B.Q.Səhəndin "Sazımın sözü" əsəri və ustad Şəhriyarın "Heydər baba"sı xalqa bağlı sənət əsərlərinin yaranmasına böyük təkan verdi. Bax bizim Eloğlumuz həmin nəslin davamıdır...", - qənaətilə kitabın müəllifini qürurla öyür. 

Milli ədəbiyyat sevdası və təəssübkeşlik duyğuları Eloğluda gənc yaşlarından baş qaldırmışdır. 1980-ci ildən ustad Yəhya Şeyda, Hilal Nasiri, Abbas Bariz, Abbas Sabiri və başqa qələm sahibləri ilə birlikdə Təbrizdə yaranan "Azərbaycan şairlər və yazıçılar cəmiyyəti"nin fəal və rəsmi üzvlərindən olaraq cəmiyyətdə çalışmış və iclaslarında iştirak etmişdir. "Azərbaycan şairlər və yazıçılar cəmiyyəti" qapanılandan sonra da Tehran şəhərinə köçüb 1984-cü ilin əvvəlindən Tehranda şair və yazıçı dostları: Muradəli Qureyşi Qaflantı, Bürcəli Qureyşi Türkoğlu, Həsən  Riyazi (Həsən İldirim), Səid Bəzli (Aydın Təbrizli), Məhəmməd Qasimi (Aqşin Ağkəmərli), Cəbrail Seyfi Heris, Hüseyn Seyfi Heris (Ağyarlı), Cəmşid Şeybani Avçı, Qadir Cəfəri Quruçaylı ilə birlikdə o mühitdə türkdilli şair və yazarlar üçün yaradılan "Arzu karvanı" adlı ədəbi dərnəyin banilərindən olmuş və o illərdə iclasları ancaq evlərdə keçirilə bilən ədəbi dərnəyi idarə edənlərdən olmuşdur. S.V.Eloğlu 1994-cü ildən sonra ilk baniləri Müzəffər Dirəfşi, Səyid Müniri, ustad Behzad Behzadi, Əliqulu Katibi, Haşım Tərlan, Hüseyn Şəhrək və digər sairələrin iştirakı ilə yaranan məşhur "Mirzə Ələkbər Sabir" adına ədəbi dərnəyin daimi üzvlərindən olmuş və dərnəyin tədbirlərində yaxından iştirak etmişdir. O, 1998-ci ildə Tehran Bələdiyyəsinin mədəniyyət saraylarından olan Hünəri Hövzənin mərkəzi binasında həftədə bir gün keçirilən "Türkcə şeir tənqidi" axşamları adlanan ədəbi iclasların təşkilatçılarından olmuşdur. Bu ağır ədəbi çalışmada onun şair və yazıçı həmkarları İbad Məmizadə Ağdaşlı, Bağır Reşadəti, Hüseyn Şəhrək, Mirzə Rəsul İsmayılzadə, Mehdi Əbdüllahi olmuşdur. Beş il ərzində ardıcıl olaraq hər həftənin birinci günləri təşkil edilən o şeir tənqidi axşamlarının o illərdə Tehran ədəbi mühitində türk ədəbiyyatı ilə maraqlanan gənc ədəbi nəslin yetişdirilməsində böyük rolu olmuşdur.

S.V.Eloğlu eyni zamanda uzun illər mətbuat orqanlarında çalışmışdır. O, "Azərbaycan (türk) dili dərnəyi"nin bülleteni, "El dili və əbəbiyyatı" nəşriyyəsi, "Ərk" qazeti və "Peyki-Azər", "Xudafərin", "Azəri", "Dilmac", "El ədəbiyyatı" kimi dərgilərin redaksiya heyətində fəaliyyət göstərmiş, bəzilərininsə təsisçi və ya baş redaktoru olmuşdur.

Fars dilinə hakim olması Eloğlunun aradırmaçı əzmini və ruhunu daha da gücləndirmiş, ədəbiyyatşünaslıq fəaliyyətini genişləndirmışdir. Onun əlyazmalar üzərindəki işləri xüsusilə diqqətəlayiqdir. Şairin poetik axtarışları kitabxanalarda küncdə, bucaqda gözdən uzaq qalan hər vərəqdə, hər sətirdə Vətən axtarışlarına çevrilmişdir. O, "Divani-Nizami" [Gəncəvi] (Xədiviyyə əlyazması), "Divani-Vali", "Divani-Şükri", "Bəxtiyarnamə", "Oğuznamə" və "Səlcuqnamə", "Divani-Şeyx Nizami", "Qəzəliyyati-türki", Məhəmməd Füzulinin indiyədək üzə çıxmayan bir qəsidə və bir müləmmə qəzəlini, yeni tapılan bir farsca-türkcə müləmmə qəzəlini əlyazmalar arasından tapıb ilk dəfə olaraq mətbuatda yayımlamışdır.

Şairlər haqqında yazdığı ədəbi baxışları və klassik əlyazmalar haqqında "Axtarışlar-tapıntılar" başlıqlı elmi-ədəbi məqalələri İranda yayımlanan "Dədə Qurqud", "Varlıq", "Füruği-Azadi", "Məhdi-Azadi", "Fəcri-Azərbaycan", "Əxtər", "Yol", "Azəri", "Ümidi-Zəncan", "Bahari-Zəncan", "Ərk", "Günəş", "Dilmac", "Peyki-Azər", "Xudafərin", "Bayram", "Araz", "Aftabi-Azərbaycan" və başqa türkdilli dərgi və qazetlərdə dərc edilmişdir.

1946-ci ildə Cənubi Azərbaycanda yaranan Milli Hökumətin mübarizə yollarını əks etdirən "Telli Məmi" adlı romanı 2002-ci ilin may ayından başlayaraq Ərdəbil şəhərində nəşr olunan "Araz" həftəliyində ardıcıl saylarda çap edilmişdir. "Xuduş" romanı isə ustad Behzad Behzadinin Tehranda nəşr etdirdiyi "Azəri" dərgisində silsilə şəklində dərc olunubdur.

S.V.Eloğlunun "İllərin qanadında" (Cənubi Azərbaycan şeir antologiyası), türkcə "Divani-Nizami Gəncəvi" (yeni tapılan "Xədiviyyə" nüsxəsi), türkcə "Divani-Şeyx Nizami" (Ayətullah Gulpayqani kitabxanasında olan nüsxə), "Arxada qalan illər" (Hüseyn Arif ilə şeirləşmələri və xatirələri, tərtib edəni və naşiri Q.H. Əliyeva) adlı kitabıları da nəşr edilmişdir.

S.V.Eloğlu Quzey Azərbaycanda yaşayan məsləkdaşlarının əsərlərini kiril və latın əlifbasından əski əlifbaya köçürüb çap etdirmişdir: Mövlud Süleymanlının "Söz içində söz", Səlahəddin Xəlilovun "Şərq və Qərb", İsmayıl Vəliyevin "Bilqamış dastanı" və s.

O, indiyədək çap olunmuş onlarla kitabın müqəddimə və ön sözlərini yazıbdır ki, bunlardan Məhəmmədhəsən Yusfinin "El sözləri", Pərvyəz Yekani Zarenini "Azərbaycan şifahi el ədəbiyyatına bir baxış", Bəxtiyar Vahabzadənin "Payız düşüncələri", türkcə "Hafiz qəzəlləri", Mirzə Ələkbər Sabirin "Hophopnamə", Vuqar Nemətin "Səni qayalara çağıracağam" Aşıq Kamandar Əfəndiyevin "Borçalı laylası", Qulamhüseyn Saidi "Bəyəl əzalıları", Hüseyn Seyf Herisin "Günəşə sarı", Bəhruz İmaninin "Gözlərini aç". Məhərrəm Fərzanənin "İstək zirvəsi", Cəmşid Şeybaninin "Bayatı bulağı", Cavad Dərbəndinin "Aşıqlar dünyası"nı, Aşıq Mərağeyinin "Qəzəllər"ini, Ramiz Məmmədzadənin "Həmişə sən gələsən", Əliqulu Katbi Ağquşun "Təzə bayatılar", Abdullah Kazımi Qarabulağın "Ata-babalar sözü", Abbas Dehqaninin "Bayatı boxçası" və s. qeyd etmək olar.

Fədakar ziyalımız 2005-ci il dekabrın 25-də Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin təbliğindəki xidmətlərinə və maarifçilik fəaliyyətinə görə Azərbaycan Universitetinin "Fəxri  Fərmanı" ilə təltif olunmuşdur.

Bu günlərdə şair, nasir, ədəbiyyatşünas, mətnşünas və araşdırmaçı Sədyar Vəzifə Eloğlunun 65 yaşı Cənubi Azərbaycanda geniş qeyd olunur. Biz də elimizin daim zirvələrə can atan vətən və millətsevər oğlunu Azərbaycan ədəbi cameəsi adından təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Qəndab HAQVERDİ (ƏLİYEVA)

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

 

 





26.04.2024    çap et  çap et