525.Az
Xalqdan gələn sosial sifariş
Etiraf edək ki, haqqında bəhs edəcəyimiz mövzu uzun illər idi ki, camaatı düşündürürdü. Hamı öz arasında, kiçik məclislərdə bu barədə dəfələrlə narazılıqlarını bildirir, amma geniş şəkildə ictimai müzakirəyə çıxarmağa ehtiyat edir və el qınağına tuş gələcəyindən çəkinirdi. Əslində bir çox rayonlarımızda, kəndlərimizdə el ağsaqqallarının və mahalın nüfuzlu şəxslərinin səyləri ilə bəzi islahtlar həyata keçirildi. Lakin kütləvilik yox idi. Xalqdan gələn sosial sifariş isə gündəmi dəyişdi. Bir səbəb lazım idi ki, hamılıqla qərar verilsin. Nəhayət, hamının narahatlığına və gərginliyinə səbəb olan bu məsələ elliklə həllini tapdı. Hüzrü düşən adamlar arxayın başını qaldırıb ona təziyə üçün başsağlığı verən adamları doğru-dürüst görə bildilər. Daha kimsə yaxınlaşıb “ət qurtarır tez bazara adam göndərib 30 kq aldırmaq lazımdır” və ya “axırıncı düyü kisəsi də boşaldı, yağ da azalıb bir az “mer-meyvə də” lazımdır kimi qəfil “mənəvi” zərbələrə tuş gəlib ürəklərini tutmurlar. Axı bu sözlər ilk anda sadəcə söz kimi səslənir, əmələ gəlincə bu hər şeydən əvvəl böyük puldur, əziyyətdir və gələcək üçün üst-üstə yığılan borcdur. Ən önəmlisi isə bütün bunlar ucuz şan-şöhrət, dünya və axirət üçün heç bir faydası olmayan israfçılıqdır.
Bəs görəsən israfçılıq nədir? Kəlmənin lüğəvi, şəri məna və məğzi nədən ibarətdir?
Ərəb mənşəli kəlimə olan israf dilimizə tərcümədə “artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma və puç etmək” anlamını ifadə etməkdədir. Nemətlərə və onları göndərənə qarşı böyük hörmətsizlik olan israf, həm də digərlərinin məşəqqət və zillət içində yaşamasının başlıca səbəblərindən biridir. Qurani-Kərimin “əl-İsra” surəsinin 26, 27-ci ayələrində malını sağa-sola səpələyən bədxərc kimsələr kəskin qınanmış və “şeytanın qardaşları” adlandırılmışdır.
Gördüyümüz kimi Müqəddəs kitabımızda da Uca Yaradan israfı qadağan etmiş və bədxərcliyi şeytanın sifətlərindən biri kimi göstərmişdir. Onu da qeyd edək ki, önəmli olan “nə qədər” deyil, “hara” sərf etməkdir. İslam alimlərinə görə, bir insanın bütün malını-mülkünü Allah yolunda sərf etməsi bədxərclik sayılmaz. Lakin insanlıq üçün faydası olmayan bir qəpik belə xərclənərsə, israf sayılar.
Təəssüf ki, bugünkü gün Allah Elçisinin (s) “asanlaşdırın-çətinləşdirməyin, sevdirin-nifrət etdirməyin” hədisi-şərifinin əksinə olaraq toy və yas mərasimlərində çox böyük ölçüdə israfçılıq hökm sürür. Halbuki, Qurani-Kərimdə konkret olaraq bütün dəqiqliyi ilə mübahisəsiz, ixtilafsız belə hökm edilmişdir: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (Əraf surəsi, 31). “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (İsra surəsi, 29). “Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar” (Taha surəsi, 81).
Deməli, israfla bağlı məsələni birmənalı şəkildə-həm də bütün hallarda-toylarda, ziyafətlərdə, qonaqlıqlarda, gündəlik qida qəbulunda da yolverilməzliyi sərt şəkildə pislənilir.
Bir məsələni bütün ciddiyyəti ilə diqqətə çatdırmaq istəyirik. Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən işlərlə bağlı “yuxarıdan” heç bir əmr, göstəriş verilməmiş, qanun qəbul edilməmişdir. Bu, Dini Qurumlarla İş üz Dövlət Komitəsinin öz təşəbbüsüdür. Mübariz Qurbanlı komitənin sədri kimi xalqın israfçılığa etirazlarını əsas götürərək bu yaxınlarda vəfat etmiş qardaşının hüzründə sadə ehsan süfrəsi açmaqla nümunə göstərmişdir. Cənab sədrin bu addımı ictimaiyyət arasında olduqca müsbət qarşılanmış və cəmiyyət yas mərasimlərinin sadələşdirilməsinin açıq və birmənalı şəkildə tərəfdarı olduğunu bəyan etmişdir.
Hamıya aydındır ki, yas mərasimlərindəki israfçılıq əksər hallarda mərasim sahiblərini çıxılmaz vəziyyətə salır. Təmtəraqlı ehsan süfrələrindən sonra hüzr sahibləri bəzən aylarla rəhmətlik üçün xərclənən pulun borcunu ödəyə bilmirlər.
Əslində bu tip yas mərasimlərinin İslama aidiyyəti yoxdur. Belə ki, Həzrət Məhəmməd (s) yaxınlarına cəmi üç gün yas saxlamış və Peyğəmbərimiz (s) istər yas, istərsə də toy mərasimlərində təmtəraqdan çox-çox uzaq olmuşdur.
Hələ məzarlıqlarda ucaldılmış və minlərlə manata başa gələn başdaşlarına gəlincə, qeyd etmək yerinə düşər ki, İslamda bu heç də xoş qarşılanmır. Qəbirin necə olması və hansı məqsədlə ziyarət edilməsi Peyğəmbərimizin (s) hədisləri ilə müəyyən edilmişdir. Belə ki, Rəsulullah (s) hətta İslamın gəldiyi ilk illərdə cahiliyyə dövrünün qalığı olan insanların ölüləri ilə öyünmələrini və qəbirlərlə bağlı olan ifratçılığa son qoymaq məqsədi ilə hətta qəbir ziyarətini belə qadağan etmişdi. Sonradan insanın ölümü xatırlaması və ibrət alması üçün bu qadağanı götürmüş və qəbir ziyarətini tövsiyə etmişdir. Qəbirlərin qəbir olduğunun asanca fərq edilməsi və üzərinə oturulmaması üçün yerdən bir miqdar yüksəldilməsinə müəyyən ölçüdə icazə verilmişdir. Ümumiyyətlə, İslam alimlərinin əksəriyyəti məzarın diqqət cəlbedici hala gətirilməsini bəyənməmişlər.
Müsəlman qəbiristanlığı dəbdəbə və təntənədən uzaq, sadəliyi ilə nümunə olmalı və ən əsası bərabərlik prinsipinə riayət olunmalıdır-məsciddə namaz qılarkən möminlərin eyni cərgədə dayandığı kimi. Elə vacib buyurulmuş ibadətlərin əsas məğzi də bərabərliyi təmin etməkdir.
Məzarın düzəldilməsində də israfa əsla yol verilməməlidir. Səfalət içində yaşayan, möhtac müsəlmanlara kömək etmək yerinə, böyük xərclərlə bəzəkli və bahalı qəbirlərin ucaldılması şübhəsiz böyük israfdır.
Həzrət Peyğəmbər (s) oğlu İbrahim və Mədinədə vəfat edən ilk mühacir olan Osman ibn Mazunun məzarının başına, qəbrin tanınması üçün sadəcə bir daş qoymuşdur. İslam alimləri məhz Peyğəmbərimizin(s) bu davranışını əsas götürərək məzara bir daş qoyula biləcəyini və bu daşa yalnız ad və ölüm tarixinin yazılmasının kifayət edəcəyini bildirmişlər.
İslamı bəşəriyyətə öyrədən Peyğəmbərimiz (s) belə davranmışsa, bəs görəsən xeyir-şər məclislərimizə dəbdəbə və təmtəraqları gətirən və israfçılığa qarşı irəli sürülmüş təşəbbüslərə qarşı çıxanlar İslam dünyasının ilk müəllimi və Allahın elçisi olan Həzrət Məhəmməddən (s) bəhs olunan məsələ barəsində çox bilirlər?
29.09.2014 çap et