|
|
|
|
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2014-cü il mayın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə yarandı. Avropanın əksər ölkələrində eyni funksiyanı yerinə yetirən cəmiyyətlər var. Maarifləndirmək dünyəvi və əbədi missiyadır. Bilik Fondu bütün fəaliyyətini bu missiya çərçivəsində qurub. Əhalinin elmi biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi və dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə ətraflı çatdırılması Bilik Fondunun əsas fəaliyyət istiqamətidir. Bilik Fondunun ölkəmizin tanınmış və dəyərli ziyalılarından ibarət olan Himayəçilik Şurası Fondun fəaliyyətinə yaxından köməklik göstərirlər. Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti akademik Akif Əlizadə Fondun fəaliyyəti ilə maraqlanaraq öz tövsiyyələrini verir. Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev mütəmadi olaraq Fondun əməkdaşları, ekspertlər şurası ilə görüşür, Fondun fəaliyyətinin daha effektiv şəkildə qurulması üçün layihə icraçılarına treninqlər keçir.
Bilik Fondunun həyata keçirdiyi bir sıra layihələrin ideya müəllifi olan akademik Kamal Abdullayev həm də icra olunan layihələrin birbaşa iştirakçısıdır.
“Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültəsi”, “Epizod”, “Məscid kitabxanası”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələrinin adları görülən işlərin mahiyyətini açır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu öz xalqının, millətinin maariflənməsi işinə bütün ömrünü həsr etmiş ləyaqətli insanların yolunu müasir zamanın tələblərinə uyğun olaraq davam və inkişaf etdirir. Bu yolun bizdən əvvəl olan yolçuları şərəfli və müdrik azərbaycanlı alimlər – Yusif Məmmədəliyev, Həsən Əliyev, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Bəxtiyar Vahabzadə və başqaları olub.
Bilik Fondu ilk layihəsini – “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsinin birinci mərhələsini sona çatdırıb. Fondun bu layihəsi Respublika prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” layihəsinin sanki davamıdır. Müxtəlif bölgələrin 20 məktəbi arasında Qardaşlaşma müqaviləsi imzalanıb, akademiklər, professorlar, elmlər namizədləri, diplomatlar Bilik Günü 70-dən çox məktəbdə dərs keçiblər. Layihə paytaxtın və regionların bütün KİV orqanlarında geniş təqdim edilib.
Layihədə iştirak edən müəllimlər və şagirdlər təəssüratlarını bizimlə bölüşüblər.
“Bu duyğunu heç nə əvəzləyə bilməz”
Ağdam şəhəri Quzanlı qəsəbəsi tam orta məktəbinin direktoru Rafiq Əliyev:
- Yeni yaranmasına baxmayaraq, bütün ölkə miqyasında böyük işlər görən Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi alqışlanasıdır. Bu layihənin iştirakçısı olmaqdan böyük zövq aldım. Məktəbimiz cəbhə bölgəsindədir. Şagirdlərimiz unudulmaz iki gün yaşadı. İndiyə qədər uşaqlar bu görüşdən danışırlar. Soruşurlar ki, davamı nə vaxt olacaq, yenə nə vaxt görüşəcəyik?.. Uşaqların hamısı bir-birinin telefon nömrəsini, elektron poçtunu götürüblər, yazışırlar, dostluqlarını möhkəmləndirirlər. Həyat elədir ki, bizim uşaqların bütün ömrü boyu yolu Astaraya düşməyə bilərdi, astaralılar da Ağdama gəlməyə bilərdi, rastlaşmazdılar. Amma bu layihə çərçivəsində, uzun illər sürəcək dostluqların təməli atıldı. Astaralı balalarımızın cəbhə bölgəsinə yaxın Dövlət Hərb muzeyindəki real eksponatları görəndə keçirdikləri duyğunu heç nə əvəzləyə bilməz. Hamımız mütəəssir olmuşduq. Hələ mən bilik viktorinasını demirəm, uşaqlara necə ləzzət veribsə, gündə qapımı döyüb yeni bir ideyayla, təkliflə gəlirlər, gələcək görüşlərin planını cızırlar. Bütün bunlara görə Bilik Fonduna sonsuz təşəkkür edirik.
Sumqayıt şəhər general Həzi Aslanov adına 22 saylı orta məktəbin direktoru Tahirə Səfərova:
–Bizim məktəbdə təhsil rus dilindədir, uşaqlarımız ana dillərində danışan yaşıdları ilə dost oldular, ünsiyyət qurdular. İndiyə qədər Quba təəssüratlarından danışırlar. Quba Soyqırımı Memorial Kompleksində hamımız çox kövrəldik, bu səfər uşaqların beyninə həkk olundu. Abidə barədə eşitmək, televizorda izləmək başqa, o kompleksdə olmaq, o dəhşətləri öz gözləri ilə görmək başqadır. Şagirdlərimiz həm yerli məsciddə, həm də sineqoqda oldular, yəhudi mədəniyyəti barədə bilgi əldə etdilər.
Şagirdlərimdən biri deyir ki, Quba səfərindən sonra müxtəlif dinlər, dillər və mədəniyyətlər barədə araşdırma aparmaq həvəsinə düşüb. Məktəblilər internet vasitəsilə ünsiyyət saxlayırlar, gələcək görüşlərin planlarını qururlar.
Təkcə şagirdlər yox, biz məktəb direktorları da bir-birimizin iş planı, iş prinsipləri ilə tanış olduq. Onu demək istəyirəm ki, “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində görülən işlər nəzərdə tutulan çərçivədən daha geniş oldu.
Horadiz şəhər F.Mehdiyev adına 2 saylı tam orta məktəbin direktoru Ləman Əliyeva:
- Sentyabrın 11-də Mingəçevir şəhər Texniki-humanitar liseyi ilə Horadiz şəhər, F.Mehdiyev adına 2 saylı tam orta məktəbi arasında qardaşlıq körpüsü quruldu. Həmin gün Mingəçevir məktəbliləri Horadiz şəhərinə qonaq gəlmişdi. İlk dəqiqədən şagirdlərimiz bir-biri ilə ünsiyyət qurmağı bacardılar. Bilik Fondunun təşkil etdiyi “Qardaşlaşmış məktəblər” layihəsi müəllimlərimizi və şagirdlərimizi çox məmnun etdi. Şagirdlərimiz bilik yarışında iştirak etdilər. Bilik Fondu şagirdlərimizə dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq məfkurəsini aşıladı, ölkəmizin tarixi və mədəniyyətinə, xalqımızın milli- mənəvi dəyərlərinə dair bilikləri təbliğ etdi. Bilik Fondunun məqsəd və məramı maraqlı, həm də rəngarəngdir. Bu layihə şagirdlərimizə həm də qonaqpərvərliyi öyrətdi. İnanırıq ki, layihəmiz uzunömürlü olacaq və bütün Azərbaycan məktəblərini əhatə edəcək.
Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Leyla İsayeva:
- Çox sevinirik ki, bizim məktəb də Bilik Fondunun bu gözəl layihəsinə qoşulub. Bakı şəhəri 145 saylı məktəb bizim qonağımız oldu. Uşaqlar həm dostlaşdılar, həm əyləndilər, həm də xeyli yeni məlumatlar öyrəndilər. Bakı məktəbliləri Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış oldular, çox bəyəndilər. İnanın, uşaqlar o qədər bir-birlərinə isinişdilər ki, kimin hansi məktəbin şagirdi olduğu seçilmirdi. İndi bizim məktəb Bakıya qonaq getməyə hazırlaşır. İmzaladığımız Qardaşlaşma haqqında müqaviləyə görə, birgə tədbirlərimiz olacaq – dəyirmi masalar, diskussiyalar, görüşlər keçirəcəyik, bilik yarışmalarımız olacaq.
“İnanırıq ki, bir gün onları Şuşaya da aparacağıq”
Şuşa şəhəri Malıbəyli 1 saylı kənd tam orta məktəbinin şagirdi Ağəli Həsənov:
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi əsasında Gəncə şəhərində olduq. Şəhərin tarixi yerlərini gəzdik. Nizami Gəncəvi, Məhsəti Gəncəvi muzeylərini ekskursiya etdik. Nizami, Məhsəti haqqında xeyli bilgilər qazandıq. 43 saylı Gəncə tam orta məktəbi ilə Qardaşlıq sazişi imzaladıq. Bu sənəd bizim üçün daha çox mənəvi əhəmiyyət daşıyır. İndi Gəncə məktəblilərini qarşılamağa hazırlaşırıq. Səfər boyu onlara Şuşa haqqında valideynlərimizdən eşitdiklərimizi danışdıq. Biz dostlarımızın yolunu gözləyirik. İnanırıq ki, bir gün onları Şuşaya da aparacağıq.
Şamaxı rayonu Sabir qəsəbə məktəbinin şagirdi Aysel Məmişova:
- Bu layihə bir çox məktəblər kimi Şamaxı və Bərdə məktəblərini də birləşdirdi, doğmalaşdırdı. Biz təsəvvürümüzə belə, gətirə bilməzdik ki, bir gün içində Bərdədən dostlar tapacağıq. Onlarla bir yerdə olduğumuz iki gün çox gözəl keçdi. Bilik yarışmasında təbii ki, udan və uduzan oldu. Ancaq mən hansı məktəbin qalib gəldiyini demək istəmirəm. Axı biz doğma adamlarıq. Əsas odur ki, o sualların cavablarını indi hər birimiz əzbər bilirik. Böyük səbirsizliklə layihənin ikinci mərhələsini gözləyirik. Bərdəli dostlarımızı Şamaxıda qarşılayacağımız gün bizim üçün bayram olacaq.
“Bakılılar Şəki ləhcəsində danışırdılar”
Bilik Fondunun əməkdaşı Sərxanbəy Xuduyev:
- Bakının Səbail rayonunun 190 saylı məktəbi ilə Şəki şəhər N. Gəncəvi adına 7 nömrəli orta məktəbin görüşündə iştirak etdim. Şəki məktəbliləri Bakı məktəblilərini çox böyük sevinclə qarşıladılar, yəni bu sevinc quraşdırma deyildi, səmimi, təbii hiss idi. Heydər Əliyev muzeyində olduq. Uşaqlar artıq elə dostlaşmışdılar, elə mehribanlaşmışdılar ki, sanki çoxdanın tanışlarıdırlar, növbəti dəfə görüşürlər. Xüsusən də qızlar tez qaynayıb-qarışdılar. Bir-birilərinə hədiyyələr verdilər. Şəkililər bakılılara üstündə Şəkinin əksi olan suvenirlər, bakılılar isə şəkili yaşıdlarına Bakı haqqında kitablar bağışladılar.
Şəkini səyahətə çıxmışdıq. Həm Şəki, həm də Bakı məktəbliləri əyinlərində “Bilik Fondu” yazılmış ağ köynəklərdəydi. Bizi polis nəfərləri müşayiət edirdi. Sonradan eşitdik ki, şəhərdə polis müşayiəti ilə gəzən ağköynəklilərdən danışırlar. Kafeyə girəndə isə “qardaşlaşanlar gəldilər” – deyib, uşaqların qulluğunda dururdular. Yerli əhali bizə çox isti münasibət göstərirdi. O qədər mehriban münasibətlər yarandı ki, sonuncu gün Bakı məktəbliləri Şəki ləhcəsində danışırdılar. Səhərə qədər Şəki lətifəsi danışıb, gülürdülər.
Məktəblilərin bir-biriləri üçün təqdimatları çox maraqlı idi. 190 saylı məktəbin şagirdləri Bakı haqqında 30 dəqiqəlik videoda Bakının tarixindən danışdılar. Ardınca oxuduqları məktəb haq qında məlumat verdilər. Şəki məktəbliləri də doğma rayonlarını və məktəblərini Bakıdan olan dostlarına tanıtdılar. Qayıdanda bizi təkcə Şəki məktəbliləri yox, Şəki camaatı yola salırdı.