525.Az

"Kredit götürərək ehsan süfrəsi açanlar var"


 

"Kredit götürərək ehsan süfrəsi açanlar var"<b style="color:red"></b> “Bu gün cəmiyyətimizdə yas mərasimlərini mahiyyəti ilə uzlaşmayan tərzdə - təmtəraqla keçirilməsi dəb halını alıb. Qəribəsi də odur ki, israfçılıq və təmtəraq halları həm dəfn mərasimində, həm ehsan süfrəsində, həm də qəbir daşlarının hazırlanmasında müşahidə edilir”.

Lent.az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
 
Onun sözlərinə görə, ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib.
 
“Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni bu, israfçılıq, həm də dini savadsızlıqdan irəli gəlir.  Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar”.
 
M. Qurbanlı bildirib ki, doğmasını itirmiş insanlara təskinlik və başsağlığı vermək İslam əxlaqından, mənəvi birlik və qardaşlıq hissinin nişanələrindən hesab edilir.
 
“Buna görə də kiməsə bəla, müsibət üz verərsə, müsəlmanlar onu öz dərdi sayar, kədərini bölüşmək üçün başsağlığı verməyə tələsər. Bu, hər bir müsəlmanın mənəvi borcudur. İslam dini yas ədəb-ərkanı ilə bağlı çox mütərəqqi prinsiplər gətirib, mərhumun ailəsini çətin vəziyyətə salan heç bir tədarük nəzərdə tutmayıb".
 





30.09.2014    çap et  çap et