525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

Aktrisalar və qadınlar barədə mübahisə doğuran diskussiya

 

Son vaxtlarda məni bir diskussiyaya dəvət etmişdilər və danışacağım mövzuları da sadalamışdılar. Əvvəlcə teatr sənətindən, onun divarları arasındakı dözülməz çətin qarşılıqlı münasibətlərdən söhbət açdım, sonra qız, qadın mövzusuna keçdim.

Qadın, xüsusən aktrisa süni gözəlliyə can atırsa, bu, adətən, yaxşı nəticə vermir. Üzlərinə nəsə əlavə etmək, bədəninin qüsurlarına yox etmək və ya "ləyaqət" adlanan hissələrini böyütmək üçün estetik cərrahiyyə əməliyyatına məruz qalmaq, adətən, gözlənildiyinin əksinə, hətta fəsadların yaranmasına da səbəb olur. Rusiyanın məşhur kinoaktrisaları Lyubov Polişşuk və Natalya Qundaryova belə uğursuz kosmetik əməliyyatlat nəticısində həyatdan nisbətən cavan - 57 yaşında getmişdilər. Avropada və ABŞ-da bu dəb, səhnə qadınları, kinoaktrisalar arasında yayılmamışdır, nadir faktlar isə aktrisanın tənqid atəşinə tutulmasına səbəb olur. Bizdə isə Rusiyanın, Türkiyənin təsiri ilə qadınlar, gənc qızlar arasında bu, geniş yayılmışdır. Avropada isə üzünə əl gəzdirilmiş qadına rast gəlmirsən. Vaxtilə yapon qızları özünü büruzə verməyən döşlərinə silikon əlavə etməklə onun böyüməsinə nail oldular. Fiquranın milli xüsusiyyətinə aid olan bu qüsurun ləğvini anlamaq olar. Ancaq bizim qızların dodaqlarını şişirtməsinə, botoks vasitəsilə yanaqlarını doldurmasına hansı ehtiyac vardır? Mən güman etmirəm ki, kişilər sevdikləri qızların və ya arvadlarının "ördək dodaqları" ilə öyünürlər.

Qadın daim gözəl olmağa, sevilməyə can atır, bunun üçün hətta hansısa bir cəhətini qurban verməyə hazır olur. Heç kəs qadının gözəllik axtarışlarına kinayə, istehza ilə baxmamalıdır, qadın hələ uşaq olarkən kuklasını oynatmaqla, özünü uşağa baxan ana kimi hiss edir. Körpəlikdən o, sevilməyə, uşaq anası olmağa hazırlaşır və bu sahədə də təbiətin diktəsinin əleyhinə getmək ağılsızlıqdır. Lakin yeniyetmə qızın bu sahədəki ifrat canfəşanlığı, Barbiyə çevrilmək istəyi ikrah doğurur. Bəzi ölkələrdə isə hətta kiçik yaşlı qızlar da dodaqlarına boya vururlar.

Qızlar gözəllik, cazibədarlıq axtarışında da həddi aşmağa can atmamalıdırlar, müəyyən milli qaydaların əsiri olmamaqla yanaşı, hansısa bir dərəcədə onların tələblərini, milli mentalitetimizin şərtlərini nəzərə almalıdırlar. Şəxsən mən özüm aktrisa olsam da, bu prinsiplərdən kənara çıxmamağa çalışıram, ancaq gizlətmirəm ki, mən də uzun müddət ərə getmək, ana olmaq axtarışında olmuşam.

Mənim zənnimcə, qadın, qız təkcə nisbətən kiçik dünya olan səhnədə deyil, həyatda da xoşbəxt olmalıdır, bu məkanı o, özünə mənsub olan ailəsini qurmaqla tapmalıdır. Ərə gedəndən sonra hər bir qadın ailədəki mənəvi atmosferin yaradıcısına, müdafiəçisinə çevrilir. O, özünü ərinə, uşaqlarına həsr etməsi ilə, davranışında qüsurlara yol verən həyat yoldaşına da pozitiv təsir göstərməklə, onun arzu olunan şəkildə, müsbət şəkildə dəyişilməsinə nail olmalıdır.

Qədim yunan allahları infantil olmaqla yanaşı, qadına qarşı münasibət həddlərini fırıldaqlar hesabına keçir, gözəl qızla intim yaxınlıq etmək üçün hər cür hiyləgərliyə əl atmaqdan belə çəkinmirdilər. Zevsin (Yupiterin) sevgi macəraları buna təkzibolunmaz misaldır. Gözəllik ilahəsi Afrodita (Venera) heç də əxlaq fədaisi nümunəsi sayıla bilməzdi, gənc və yaraşıqlı Adonislə intim yaxınlıq etmək istəsə də, cəhdi uğursuz olmuşdu. O, əri ola-ola məşuqundan uşaq doğmuşdu. Mən qadına da yalnız ərini qızğın məhəbbətlə sevən olmasını arzu edərdim. Bu həqiqi ilahə tipli qadın öz məhəbbəti ilə, ailəsinə sədaqəti ilə seçilməli, özünün kənardakı şöhrətinə arxalanıb, ailə borcunu bir an da olsun unutmamalıdır. Bizim azərbaycanlı qadınlar əsasən yüksək əxlaqı və ərinə sədaqəti ilə seçilirlər. Ərləri ilə uzun ayrılıq da onların vəfasına xələl gətirə bilmir. XI əsrdən başlayaraq Sahibin qəbrini "kafirlərdən" azad etməyə yollanan səlibçilər isə arvadlarının sədaqətinə inanmadıqlarından, onların qasığına, cinsi orqanının üstünə qıfıl bağlayırdılar, açarı özləri ilə götürürdülər, yalnız hərbi səfərdən qayıdanda onları bu təhqiramiz "mühafizə vasitəsindən" azad edirdilər.

Əxlaq məsələsi bəşəriyyət yaranandan sadə bir məsələ olmayıb, uzun və çox mürəkkəb bir yol keçmişdir. Yaşı beş min ildən çox olan monoqamiya (təknikahlılıq) ibtidai insanın keçdiyi qarışıq kişi-qadın münasibətlərinin inkişafı, öz növlərini dəyişmək nəticəsində meydana gəlmişdir. İbtidai insanı heç cür əxlaq mücəssiməsi saymaq olmaz, çünki insan tayfaları heyvanlardan heç də fərqlənmirdi. F.Engels özünün "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində göstərir ki, sürünü andıran tayfada kişilər və qadınlar tam sərbəst qaydada cinsi əlaqəyə girirdilər. Partnyorlar ardıcıl olaraq dəyişilirdi, ona görə də uşağın atasının kim olduğu bilinmirdi. Uşaq yalnız onu doğan anaya görə tanınırdı, axı heyvanlarda da belədir. Nəslin anaya görə tanınması müasir yəhudilərdə indi də mövcuddur. Yalnız yəhudi ananın uşağı yəhudi millətinə məxsus hesab olunur. Sonralar cinsi əlaqələrin inkişafı kimi qrup şəklində intim yaxınlıq qaydası meydana gəldi. Nəhayət, ailələrin yaranması üçün monoqamiya forması demək olar ki, bütün cəmiyyətlərdə hakim kəsildi. Qədim Roma şairi Ovidi isə insanın mənəvi cəhətdən yaranmasında, təşəkkül tapmasında məhəbbətin böyük rol oynadığını qeyd edir. Doğrudan da, möhkəm ailələrin meydana gəlməsində də məhəbbət heç də az rol oynamır.

Əxlaq və ya onun pozuntusu kimi meydana çıxan əxlaqsızlıq müxtəlif xalqlarda müxtəlif qaydada mövcud olmuşdur. Qədim Misirdə faraonlar sülaləsində intsest (qan qarışdırıcı əlaqə) geniş yayılmışdı, faraon öz doğma bacısı ilə evlənirdi, guya bununla qanın təmizliyi mühafizə olunurdu, əslində isə doğulan uşaqlarda müxtəlif  xəstəliklər meydana gəlirdi. Qədim Spartada qadınlar cinsi davranış məsələsində tam sərbəst idilər. Onlara bu barədə sual verildikdə, çəkinmədən, ona görə belə igid oğlanlar doğduqları cavabını verirdilər. Yunanıstanın digər şəhər-dövlətlərində isə homoseksualizm geniş yayılmşdı. Bu sahədəki iyrənc nümunəni xüsusi ilə ordu göstərirdi, gənc əsgərlər onlara hamilik edən yaşlı yoldaşlarına cinsi xidmət göstərirdilər. B.e.ə. III-II əsrdə yaşamış məşhur Roma siyasətçisi, senator Böyük Katon Romada əxlaqın pozulmasında, mədəniyyətlə birlikdə onlara əxlaqsızlıq gətirən yunanları günahlandırırdı. Engels həm də fahişəliyin ilk dəfə Ermənistanın Anait dini məbədində yarandığını göstərir. Rahibələrin bu yolla qazandıqları pulla məbədin xərcləri ödənilirdi. Hindistan məbədlərində isə cinsi əlaqələri təbliğ etmək üçün döşəmə qadın cinsi orqanını, tavandan aşağı gəlib döşəmədə dayanan sütun isə kişi cinsi orqanını təsvir edir. Məbədlərin fasadında pornoqrafik heykəllər üstünlük təşkil edir. Varanasidə (Benaresdə) məbədlərin eksteryerini, fasadını bəzəyən pornoqrafik pozadakı kiçik heykəllər saysız-hesabsızdır və  amerikanlar onlardan 12 seriyalı film çəkmişlər və bu, yeni kino növü kimi pornofilmlərin lentə alınmasına və yayılmasına geniş yol açmışdır.

Rusiyanın şimalında yaşayan çukçalarda isə ilk nikah gecəsi, bəyin razılığı ilə əsl qrup şəklindəki seks nümayişinə çevrilir. Çukçanın evinə kişi qonağı gəlib, orada gecələyəndə, ev sahibinin arvadı qonağın yatağına girir və onunla intim yaxınlıq edir. Ailənin ağsaqqalı da bu qaydaya nəinki etiraz edir, hətta onu bəyənir. Bu qayda onunla izah olunur ki, bu əhali kiçik icmalarda yaşadığından, qohum qanlardan doğulan uşaq irsi xəstəliklərə sirayətlənir və icma üzvlərinin sayı artmaq əvəzinə, azalmağa başlayır. Ona görə də qonağın xidməti hesabına qanın təzələnməsi baş verir. Qaraçılarda isə qızlar yalnız öz taborundakı oğlana ərə getməlidir.

Şərq xalqları, xüsusən ərəblər çox arvadlılığa görə tənqid olunurlar. İslam dini dörd arvad almağa icazə verirdi, bu şərtlə ki, kişi arvadlarını maddi cəhətdən saxlamaq iqtidarında olsun, onların və uşaqlarının tələbatını ödəməyə qadir olsun. Orta əsrlərdə Yaponiyada da çox arvadlılıq dəbdə idi. Ər hər arvadının yanında bir ay qalırdı. Yaponiyada "yobay" deyilən bir nikah qaydası da mövcud idi, valideynləri qızlarının yanına intim yaxınlıq etmək üçün cavan oğlanın və ya yaşlı kişinin gecə yarısı gəlməsinə şərait yaradırdılar. Bu görüş ya qanuni nikahla yekunlaşır, yaxud da qız həmin yaxınlıqdan hamilə qaldıqda, valideynlərinin evində doğur və uşaq qızın atası tərəfindən övladlığa götürülürdü. Amazonka selvasında yaşayan hindu tayfası yamomanilərdə daha qəribə nikah metodu vardır. Kiçik qız uşağı yaşlı oğlanın himayəsinə verilir, o, qıza həddi-buluğa çatana qədər diqqət yetirir, sonra onunla evlənir və bu tam qanuni nikah sayılır.

Nepalda və Butanda isə əksinə, ailədəki qardaşlar bir qıza evlənməklə, ümumi arvada malik olurlar. 60-70 il bundan əvvəl hətta beş qardaş bir qıza evlənirdi, indi isə ümumi arvada malik olan qardaşların sayı ikiyə enmişdir. Doğulan uşağın atası məlum olmadığından, böyük qardaşın adına yazılır. Bu qayda həmin dağlıq ölkələrdə torpağın azlığı ilə izah olunur, ataya məxsus torpaq sahəsi çox kiçik olduğundan, ayrı yaşayan qardaşlar arasında onu bölmək çətin idi və konfliktə səbəb ola bilərdi.

Dinlərin əxlaqı qorumaq üçün məhəbbətə qoyduğu qadağlar elə bir nəticə verməmişdir. Katoliklərdə keşişlər və rahiblər üçün olan tselibat (nikahsızlıq) kilsələrdə keşişlər tərəfindən biabırçı pedofiliyanın meydana gəlməsinə və yayılmasına yol açmışdır. Əxlaqsızlığa, zinakarlığa qarşı Şərq ölkələrində tətbiq edilən ağır cəzalar da problemin həllinə elə bir köməklik göstərməmişdir. Bəzi Qərb və Şərq ölkələrində xoşagəlməyən hadisələrin qarşısını almaq üçün uşaq vaxtı nişanlanmalardan istifadə olunurdu. XVII əsrdə İspaniyanın üç yaşlı infantası Avstriya kralı, yaşlı Leoplda nişanlanmışdı, qızın 15 yaşı olanda onların toyu oldu. Səudiyyə Ərəbistanında isə doğulan qız uşağı əmisi oğlunun nişanlısı hesab olunur, qızı başqası istəsə, birinci növbədə həmin əmi oğlundan icazə almalıdır. Ona görə də ər-arvadlar adətə uyğun olaraq, bir-birinə "bint ami" - əmi qızı və  "ben ami" - əmi oğlu deyə müraciət edirlər.

Aktrisaların əxlaqının təmizliyi təkcə onlardan asılı olmur, bəzən çıxılmaz şərait onları dolayı yollar axtarmağa məcbur edir. Xoşbəxtlikdən bizim incəsənət müəssisələrimizdə belə hallara rast gəlinmir, bu da birinci növbədə kinostudiyaların və teatrların rəhbərlərinin özlərini vicdanlı aparması, əxlaqın pozulmasına yol verməmələri ilə əlaqədardır. Bizdə rəhbər işçilərin aktrisalardan, xüsusən gənc qızlardan intim yaxınlıq ummaq cəhdi barədə bir fakt da qeydə alınmamışdır. Başqa ölkələrdə isə əxlaq pozğunluğunun yaranmasına və genişlənməsinə məhz rəhbər işçilər şərait yaradır və bu ləyaqətsizliklərin baş verməsində aparıcı rolu onlar özləri oynayırlar. ABŞ-da bu yaxınlarda ifşa edilərək həbs edilmiş Harvi Vaynşteyn varlı və nüfuzlu prodüser olmağından istifadə edib, kinofilmlərdə rol almaq istəyən gözəl aktrisaları kastinq vaxtı intim yaxınlığa məcbur edirdi. Onlarla gənc aktrisa onun seksual acgözlüyünün qurbanı olmuşdu, onların arasında məşhur kino aktrisa Culiya Ormond da var idi. Vaynşten özünün qüdrətinə inandığından, guya xüsusi hüquqi immunitetə malik olduğuna arxalanaraq, Hollivudu özünün bir cultan hərəmxanasına, kef çəkdiyi və yalnız özünə xidmət edən qadın fahişəxanasına çevirmişdi. Onun ifşa edilməsindən sonra "harassment" sözü - bu ifadə "əldə etməyə çalışmaq" mənasını verməklə, seksual xidmətə məcbur etmək cəhdi kimi başa düşülür, Amerikada geniş yayıldı və ölkədə güclü etiraz dalğası yaratdı. Rus aktrisası Tatyana Vasilyevanın yazdığına görə isə, Moskva Satira teatrının uzun müddət direktoru olmuş V.N.Pluçek gənc aktrisaları işə götürmək üçün onları çarpayı konkursundan keçirirmiş. Kim razılaşmasa, həmin teatrın üzünü görmürdü. Vasilyeva özü on ildən artıq bir müddətdə ona seksual qul xidməti göstərmişdi. İncəsənət xadiminin, rəhbər işçinin teatrı əxlaqsızlıq pritonuna çevirməsi, qadın ləyaqətinə aramsız və eybəcər təcavüz imkanı yaratması nifrət doğurmaya bilməz.

(Ardı var) 

 





01.05.2024    çap et  çap et