525.Az

Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır


 

("Unudulmaz tələbələrim" silsiləsindən)

Nar ağacı çiçəkləyəndə... - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Mən yetirmələrimi unutmağı bacarmıram, bəlkə də bu, "yoruculuq" əlamətidir, qulağın telefondan, gözün küçələrdən çəkilmir. Görünür, belə düşünmədiyimdən vərdişimi 60-cı illərdən üzübəri gətirirəm. İlk dərsimə 1964-cü ildə başlamışdım, siniflərin qapısını kövrək və nigaran ürəklə açırdım ki, bu gün də analoqlu münasibətdə təsəlli tapım. Bu xoşbəxt Zamanın Məkanı Salyan rayonunun Kə-rimbəyli kənd orta məktəbiydi. Son sinif şagirdləri Cəfər Cəfərli, Nizami Orucov, Səxavət Qarayev, Müslət Nəcəfov, Elmira Xəlilova, Zümrüd Şəfiyeva, Tamella Mehdiyeva və digərləriydi. Bu eks-şagirdlərimin əksəri humanitar peşələrin dalınca getdilər və mənim qürurumun da nikbin məhəbbətini özlərilə apardılar.

Tale elə gətirdi, Bakıya gəldim, təhsilimin davamını kəsmədim, peşəkar pedaqoq oldum. Maraqlıdır, onlar tələbə idilər bu şəhərdə - keçmiş müəllimlərinin həndəvərində. Yetirmələrim mənə enerji verirdi və bu qeyri-adi qüvvəni - məhəbbəti qoruyurdum... Hissiyyata qapılmadan deyərdim, ən yaxın ünsiyyətdə olduğumlardan biri də Cəfər Cəfərli idi. Pedaqoji texnikumu Əli Bayramlıda bitirmişdi, şəhərdəki radio qovşağında müxbir işləyirdi. Orada çıxan "İşıq" qəzeti redaksiyasında maraqlı və publisist məqalələrini, felyetonlarını, zarisovkalarını oxuyurdum. Az sonra o, H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini qur-tardı, doğma Yolüstü kənd məktəbində müəllim işlədi. Az vaxtda nüfuzu qalxdı: həm müəllim, həm də ziyalı imicində.

80-ci illərdə Azadlıq Hərəka-tının ilk qığılcımları alovlandı, respublikamızı bürüdü. Və bu gücə sovet rejiminin təzyiqi başlandı. Cəfər Cəfərli o bölgədə böyük ictimai-siyasi işlərin təşkilatçısı və təbliğatçısı oldu. Dəfələrlə "yuxarılara" dartıldı, vertolyota mindirilib, Xəzərin üzərindən aşağı baxmağı tövsiyə etdilər və yuxarımı, yoxsa dənizimi - hansını seçməsini işarə ilə anlatdılar. "Məni dəniz çəkərsə, fəxr edərəm, - dedi qətiyyətlə. - Azadlıq mənə ölümdən daha güclüdür".

Nəhayət, xalq hərəkatı sovet sistemini çökdürdü. Cəfər Cəfərliyə, təbii ki, vəzifə təklif olundu, o isə imtina etdi: "Mən vəzifə, şöhrət üçün mübarizə aparmamışam". Və başını aşağı salıb pedaqoji fəaliyyətini davam etdirdi... Bir dəfə söhbətimiz oldu, suallarımın birini cavablandırdı:

- Şəxsi məqsədləri üçün hərəkata qoşulanlar az deyilmiş, müəllim, - dedi. - Mən bu cür düşünməmişdim. Həqiqət yerini tapar.

Onun qəti fikri xoşuma gəldi.

- Necədir məktəb həyatı? - soruşdum. - Uşaqlar oxuyurmu? Müəllimlərə münasibət necədir?

O, hər şeyi obyektiv qiymətləndirdi, haqq-ədaləti heç nəyə qurban vermək istəmədi. Bircə onu dedi ki, pedaqoji mühitdə ədalətsizliyi bağışlamıram. Təəssüf ki, bu hissdən qurtara bilməmişik...

90-cı illərdə C.Cəfərli bədii-publisist yaradıcılığa daha çox üstünlük verdi. Respublika mətbuatında reseziyaları, oçerkləri, pedaqoji esseləri, şeirləri ilə müntəzəm çıxış etməyə başladı. Tərbiyəvi mövzulara da döndü. Şagirdlərdə vətənpərvərlik, milli mənlik şüurunun aşılanması, intellektuallıq və sair tematikada maraqlı mə-qalələr yazdı. Ölməz müğənnimiz Səxavət Məmmədov, professorlardan Bağır Bağırov, Sədnik Paşayev, Sabir Əliyev haqqında düşüncələrini oxucularla bölüşdürdü.

Mən 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialına direktor təyin olundum. İnstitutu komplektləşdimək işini ön plana çəkdim. Xüsusilə, yerli pedaqoqları, alimləri dəvət etdim. Yədulla Dadaşovu, Rəşid Eyvazovu, Nizami Orucovu, Qu-lam Sadıqovu, Rafiq Məmmədovu, Babək Həsənovu, o cümlədən, Cəfər Cəfərlini. Sonuncuya - tələbəmə məsul vəzifə də həvalə etdim. Tədris işləri üzrə inspektor - dörd il icra etdi. Eyni zamanda tələbə auditoriyasında mühazirələr oxudu, seminar məşğələləri apardı. Tələbələrin rəğbəti Cəfər müəllimdən yayınmadı. Mən etibar etdiyim kadrların uğurlarından qürurlanırdım... Görünür, hər şeyin taleyini ədalət ölçüsü həll etməkdə acizdir. Bu barədə danışmağa dəyərmi?..

Mən Cəfər Cəfərlinin yubileyi barədə yazıram və istəmirəm ki, bəzi mənsəbpərəst və pedaqoji işdən uzaq məmurların insan taleyinə sərt və amansız münasibətinə işarə vurum. Amma yeri gələndə sözümüzü xalqa, yuxarıda duranlara çatdırmalıyıq ki, bu məmləkətin taleyində izi-tozu olmayan bəzi məmurlar müdrik, yaşlı insanların taleyilə oynamasınlar. 2005-ci ildən mən direktor vəzifəmi itirdim. Cəfər Cəfərli də işini. Maraqlı və qəribəsi ondadır, azadlıq fədailərindən birisi - Cəfər Cəfərli işsiz qalmaqdadır... Sağlıq olsun, hər halda kimsə başını qaldırar və hər şeyi ədalətli nəzərlə görər...

Haçansa, yox, konkret 1996-cı ildə Cəfər müəllimin ömrünün yarım əsrini qeyd etdik. Məni kəndə, işlədiyi məktəbə çağırmışdı. Pedaqoji kollektiv xeyirxah iş görmüşdü - ona xoş sözlər ünvanladılar, gül-çiçək verdilər, mən də tələbəm barədə ürək sözümü söylədim və arzuladım ki, Allah ömür versin mənə, bir on il də yaşayım, Cəfər müəllimin... Bu məqamda kövrəldim və fikrimi tamamlamağı bacarmadım. Allah da səsimi eşitdi. Tanrı ədalətə bələnmiş səsi - arzunu qəbul edir. Unutmayaq ki, Allah haqsızlığa - çamurluğa bulaşmış səsə də etinasızlıq göstərmir...

Bu yazını çiskin Bakı yağışının səsində, ağacların sarıya-yaşıla çalan yarpa-qlarına dumduru yağış suyu çilənəndə bitirdim.

Və həyətə düşdüm. Üzümə nar ağacının yarpaqları toxundu. Qoxuladım. İlahi, təmiz, saf bir nəm duydum. Bir daha yəqinləşdirdim ki, sənət adamları nar ağacını niyə bu qədər sevirlərmiş... Və keçmiş tələbəm, qələmdaşım Cəfər Cəfərlinin 75 yaşını, onun həyətindəki nar ağacını xartırladım.

 

 





01.05.2024    çap et  çap et