525.Az

Alkoqollu içkilərin idxal və istehsalı ilə bağlı yeni tələblər


 

YENİ TƏLƏBLƏRİN TƏTBİQİ QİYMƏTLƏRİN ARTMASINA SƏBƏB OLA BİLƏR

Alkoqollu içkilərin idxal və istehsalı ilə bağlı yeni tələblər<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilir. Bu, "Qida təhlükəsizliyi haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.  Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər. Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla, müəyyənləşdirilmiş şərtlərə, o cümlədən, malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.

 

Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılmasını təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək.

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, ümumiyyətlə, icazə şərtləri dəyişdiriləndə, yeni qaydalar gətiriləndə bu, məhsulun qiymətinə təsir göstərir. Tələblərə əməl edilməməsi onların qeydiyyatının ləğvi üçün əsas olacaq. İcazə şərtlərinin dəyişdirilməsi sözsüz ki, məhsulun qiymətinə öz təsirini göstərəcək: "Digər tərəfdən, aksiz vergiləri də məhsulun qiymətinə təsir edir. Son dövrlərdə hər il alkoqollu içkilərin aksiz dərəcələri müəyyən qədər artırılıb. İstehsalçılar yeni tələblərə uyğunlaşmaq üçün investisiya yatırmalıdırlar, istehsal prosesində müəyyən dəyişiklik edilməlidir. Bu da alkoqollu içkilərin qiymətlərinə təsir göstərəcək".

O bildirib ki, arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması tələbi kiçik istehsalçıların bazardan çıxarılmasına və bu da qiymətlərin artmasına səbəb olacaq: "İstehsal həcmi ilə bağlı tələbin olması dünyada nadir görünən məsələdir və düzgün yanaşma deyil. Çünki əsasən Avropa ölkələrində ailələrin kiçik şərab zavodları var və bu, turizmə də müsbət təsir göstərir. Lakin alkoqollu içkilərin keyfiyyəti, insan sağlamlığına təsiri ilə bağlı ciddi nəzarət mexanizmləri olmalıdır. Ümumilikdə yeni tələblərin tətbiq edilməsi nəticəsində alkoqollu içkilərin qiymətlərində artım gözləyə bilərik".

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın sözlərinə əsasən, problemlərdən biri əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır: "Bizdə olan məlumatlara görə, istehsalda mənşəyi bəlli olmayan xammal spirtindən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi bu problemi aradan qaldıracaq. Mövcud alkoqollu içki istehsalçıları qanun qüvvəyə mindikdən 6 ay ərzində icazə şərtləri üçün sənədləri təqdim edəcəklər. Şərtlərə cavab verməyənlər üçün icazənin ləğvi məsələsi qanun layihəsində öz əksini tapıb".

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, bu məhsulların istehsalçıları və idxalçıları "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər: "AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə, sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə verilməyəcək".

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bütün ölkə ərazisində istehsal prosesi ilə məşğul olan sahibkarlar istehsal etdiyi məhsulun keyfiyyəti barədə AQTA-ya sənəd verməlidir: "Sahibkarlar istehsal etdiyi məhsul haqda hökumətə bildirir ki, məhsulun keyfiyyəti yetərli qədərdir. O cümlədən, utilizasiya ilə məşğul olan sahibkarlar AQTA-da qeydiyyatdan keçir və öhdəlik götürür ki, lazımi keyfiyyətdə və normativ qaydalara uyğun fəaliyyət göstərəcəkdir".

Ekspert qeyd edib ki, nəzərət məsələsində qanunda müəyyən boşluqlar qalmaqdadır: "Öhdəliklərin icrası məsələsi qanunda boşluq olaraq qalmaqdadır. Misal üçün, bir vətəndaş aldığı məhsuldan zəhərlənibsə, həmin vətəndaş zəhərləndiyi məhsula görə sahibkarı qanunu yolla cəzalandıra bilmirsə, o zaman bu məsələ tək AQTA-nın nəzərəti ilə yekunlaşmamalıdır. Ölkədə 10 minlərlə sahibkar fəaliyyət göstərir. Onlara tək AQTA-nın nəzərət etməsi praktiki olaraq mümkün deyil. Mümkün olması üçün gərək AQTA-nın 10 minlərlə əməkdaşı fəaliyyət göstərsin. Ona görə də qanunda mütləq şəkildə vətəndaş nəzarəti üçün imkanlar yaradılmalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, Azərbaycanda saxta içkilərin satışı ilə bağlı şəbəkə var: "Hər həftə ölkənin ən müxtəlif yerlərindən hətta axşam saatlarında telefonuma zəng vurub saxta içki satışına rast gəldikləri, onun qarşısını almağın yolları barədə suallar verirlər. Axşam zəng vurduqları üçün heç bir dövlət qurumuna xəbər vermək olmur. Alkoqollu içki bazarının bərbad olmasının əsl mənzərəsini dörd il bundan öncə ortaya qoyuldu. Məlum oldu ki, brend restoranlarda saxta içkilər istehlakçılara ən bahalı içkilər kimi təqdim olunur. Baha qiymətə alınan içkilərin qabları atılmır, onları yenidən doldururlar və satırlar. Bununla həm istehlakçının hüquqları pozulur, həm də ölkədə işki bazarında böyük xaos yaranır".

Ekspert onu da əlavə etdi ki, illər boyu Azərbaycanda bu məsələ davam edir.

İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı da icazə sistemi təkmilləşdirilir: "Qida təhlükəsizliyi haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə səbəb olacaq. Eyni zamanda, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısı alınacaq. Həmçinin, mövcud sahədə rəqabətədözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir. İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir. Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaq".

Sevinc QARAYEVA

 

 





02.05.2024    çap et  çap et