525.Az

İnfluencer Səma Abiyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"


 

İnfluencer Səma Abiyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"<b style="color:red"></b>

Texnologiyanın sürətli inkişafının gündəmə gətirdiyi terminlərdən biri də "İnfluencer" anlayışıdır. Sosial medianın həyatımıza sürətlə daxil olması, sosial şəbəkələrdə baş verən yeniliklər media fenomenlərinin sürətlə artmasına səbəb olur. Qeyd edək ki, İnfluencer - yutub, feysbuk, tviter, instaqram kimi sosial şəbəkələrdə fenomenə çevrilən, insanların davranışlarına təsir göstərə və ya onları dəyişdirə bilən şəxslərə deyilir. İnfluencerlər yeni media dünyasında müraciət etdiyi auditoriyaya təsir etməklə müəyyən bir gücə və populyarlığa sahib mütəxəssislərdir.

İnfluencer-sahibkar Səma Abiyeva ilə söhbətimiz də influencer fəaliyyəti ilə bağlıdır.

 

- Səma xanım, necə oldu influencer olaraq fəaliyyət göstərməyə başladınız?

- İnfluencer kimi 2014-cü ildən fəaliyyətə başlamışam. Sahəm jurnalistika olduğuna görə istəyirdim ki, davamlı olaraq öyrəndiyim bilikləri sosial media vasitəsilə məzmun olaraq müntəzəm paylaşım. Həmin dönəmlərdə bizdə ana dilində məzmunlara çox az rast gəlinirdi. Hazırladığım məzmunlar daha çox anaların fəaliyyəti ilə bağlı idi. Uşağını daha sağlam böyütmək istəyən anların buradan mənbə olaraq istifadə edəcəyini düşünürdüm. Eyni zamanda yutub kanalı açmağı planlaşdırırdım. Bundan əlavə, həmin məzmunlar həm də televiziyada yayımlanacaqdı. Televiziya kanalı layihəmizi dəstəkləsə də, reytinq qazanmaq üçün verilişlərə ana kimi müğənnilərin dəvət olunmasını təklif etdi. Və mən müəyyən səbəblərə görə sərbəst şəkildə məzmunlar yaradaraq özüm tək fəaliyyət göstərməyə başladım.

- İnfluencer marketinqinin özünəməxsus xüsusiyyətləri hansılardır?

 - Azərbaycanda istehlakçıların bir çoxu düşünür ki, əgər reklam olunursa, deməli, o məhsul satılmır, reklam müştərini və alıcıları aldatmaq üçündür. Əslində isə reklam informasiya ötürmək  üsullarından biridir. Reklam vasitəsilə insanlar hər hansı bir məhsulun yeni formasından xəbərdar olurlar. Marketinq komandasının qurduğu strateji reklam ayrı, influencer reklamı ayrıdır. Hər bir insan influencer ola bilər, bunun üçün xüsusi bir statusa ehtiyac yoxdur. Hansısa bir məhsulun üç nəfərə satışına nail olan, hansısa kitabın oxunması, yaxud da hansısa məkana səfərlə bağlı kimlərdəsə həvəs yaratmağı bacaran, bunu təşviq edə bilən insan influencer hesab olunur.

- İnfluencer olmaq üçün ən vacib nüanslar hansılardır - potensial, dil, yoxsa təcrübə?

- İnfluencer olmaq üçün ən önəmli nüanslardan biri potensialdır. Xarici dil biliyinin üstünlüyü dünya bazarını rahat izləyə bilmək, eyni məzmun yaradan insanların işlətdiyi metodlardan faydalana bilmək imkanının əldə edilməsidir.

- Bu sahə ölkəmizdə nə dərəcədə inkişaf edib?

- Bizim xarici ölkələrdən başlıca fərqimiz ondan ibarətdir ki, Azərbaycanda məzmun çeşidliliyi yoxdur. İnsanlar influencer deyəndə ancaq əyləncə yaradan mövzuları düşünürlər.

- Bu sahənin ölkənin iqtisadiyyatı ilə hansı əlaqələri var?

- Bir influencerin öz potensialından istifadə edib tanınmağı, fəaliyyətini genişləndirib biznes qurmağı təqdirəlayiqdir. Sahibkarlara mütəmadi dəstək durmaq üçün ölkə iqtisadiyyatının vəziyyəti qənaətbəxş olmalıdır. Bəzən belə hallara rast gəlirik: məsələn, Azərbaycanda biznes qurmuş bir sahibkar influencerin xaricdə də izləyiciləri olur, lakin o izləyicilər həmin sahibkarın təklif etdiyi məhsulu ala bilmirlər, yəni həmin influencer öz məhsulunu tanıdır, lakin satış edə bilmir. Gömrük, vergi məsələlərinə görə sahibkar başqa ölkələrində fəaliyyət göstərməyə çəkinlik çəkir, eyni zamanda xaricdən gələn bir turist yerli brenddən alış-veriş edə bilmir. Bununla bağlı sahibkarlar çətinliklərinin olduğunu bildirirlər.

- Bu problemin həlli üçün hansısa təklifləriniz varmı?

- Yerli sahibkarlara müəyyən güzəştlər var, lakin bu güzəştlər tam reallığı əks elətdirmir. Hər kəs öz gücü hesabına bu fəaliyyəti həyata keçirir. Yerli sahibkarlara daha çox influencerlər dəstək olurlar. Təklif edirəm ki, fəaliyyətimizi ölkə xaricində genişləndirmək üçün bizə dövlət səviyyəsində müəyyən dəstək göstərilsin.

- Səma xanım, bəs influencer fəaliyyətinin hansı spesifik çətinlikləri var?

- Bir influencer işinə peşəkar yanaşmaq istəyirsə, əldə etdiyi maddi qazancı növbəti məzmun yaradıcılığına yönləndirilməlidir. Yəni məzmun yaradacaq yeni məhsul haqqında ətraflı məlumat mənimsəməli və onu cəmiyyətə zərəri dəyməyəcək şəkildə reklam etməlidir. İzləyicilər bəzən müəyyən məzmunları aqressiya ilə qarşılayırlar. Ölkəmizdəki  məhdud şərtləri nəzərə alsaq, görərik ki, bizdə məzmun yaratmaq çətindir. Buna görə də düşüncəmizdə olanları qarşı tərəfə ötürmək üçün inam və güvən qazanmaq lazımdır. Ümumiyyətlə, bizdə hər şeyə şübhə ilə yanaşırlar, insanlar daha çox tənqidə meyillidirlər. Düzü, mən bəzən buna görə ehtiyat edirəm. Tənqid edəndə isə öz eqolarını ortaya qoyurlar.

- Azərbaycanda influencerlərin daha çox gəlir əldə etdiklərini düşünürlər. Bu fikirlə razısınız?

- Bəli, kifayət qədər yaxşı gəlir əldə edənlər var. Buna bəlli bir müddət işlədikdən sonra nail olurlar. Təəssüf ki, məşhurluqdan istifadə edib cəmiyyəti səhv istiqamətdə yönləndirənlər də var.  Bu sahədə insanlar müxtəlif formalarda özünü göstərir. Burada ən vacib məqam daxili vicdanın  və senzuarısının olmasıdır. İnfluencer özünə qarşı hansı yanaşma arzulayırsa, izləyici ilə də o formada rəftar etməlidir. Bəzən izləyicilər arasında 14-15 yaşlı uşaqlar olur. Məzmun yaradarkən və istifadə edəcəyimiz ifadələri planlayarkən mütləq şəkildə bunlar nəzərə alınmalıdır.

- Sizinlə bağlı mənfi rəylər olubmu?

 - Əvvəlki dönəmlərdə bir çoxları başa düşmürdü ki, mən nə işlə məşğulam. Amma məzmum yaratdıqca və mahiyyətini başa düşdükcə dəyərləndirdilər. Hər kəs tənqid edə bilər, lakin bunu edərkən şəxsiyyətim, gələcəyim və ailəm nəzərə alınmalıdır.

Havar ŞƏFİYEVA

 





03.05.2024    çap et  çap et