525.Az

Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır


 

Ölülərin o dünyada görüşü - <b style="color:red"> Akif Rəfiyev yazır</b>

Gözlərini açanda qarşılarında ucaboylu, zil qara geyimli, saçları çiyninə tökülmüş, saqqalı sinəsinə qədər uzanan vahiməli bir vücudu gördülər. Ona baxanda adamın zəhmi yarılırdı. Onun vahiməsi ölüləri aciz vəziyyətə salmışdı. Hamı hesabat verməyə hazır idi. O, hamını bir-bir sorğu-suala tutur, hər kəsdən tərcümeyi-halını, əməllərini soruşur, sualları düzgün cavablandırmağı tələb edirdi.

Verilən suallardan başa düşülürdü ki, bu vahiməli məxluq ölülərin cənnətə, yoxsa cəhənnəmə getmələrini müəyyənləşdirməklə məşğuldur.

Gözü birinci Cəlilə sataşdı: "Tərcümeyi-halını danış. Qısa olaraq nə işlə məşğul olmusan, necə yaşamısan?"

Cəlil bu yaşa qədər həyatda çox işlər görmüşdü: savadlı, müasir, ziyalı, gözəl ailə başçısı, kimsəsizlərə əl tutan, başqasının əmlakında göz dikməyən, gözütox insan idi. Xarici görkəmcə də mehriban və səmimi təsir bağışlayırdı. Vahiməli şəxsin Cəlilə münasibətinin müsbət olduğu hiss olunurdu.

Növbəti suala keçəl Musa cavab verməli oldu: "Peşəm mərdimazarçılıq etməkdir. Daim qohum və qonşularımdan lazımi dövlət orqanlarına xəbərçilik etməklə, çuğulçuluqla məşğul olmuşam. Həmişə ləyaqətli insanların ailə qurmasına, ev-eşik olmasına mane olmuşam. Yaraşıqlı gəlin və qızlara sataşıb, həyatımı yola vermişəm, başqasının üç uşaqlı anasına sahib olmağa çalışmışam. Onu ərindən və uşaqlarından ayırıb qaçmışam, onu da özüm kimi səfil edib küçələrə salmışam. Hamının əmlakında gözüm olub. Axırda da sərxoş vəziyyətdə yol keçərkən maşın vurub, ölmüşəm".

Vahiməli adamın gözünə Şelli oğlu Rza sataşdı. Rza sualsız-zadsız özü danışmağa başladı: "Mən öz əcəlimlə ölməmişəm. Özümdən başqa kimsəni sevməmişəm. Bu yaxınlarda etmiş olduğum cinayəti ört-basdır etmək üçün başqasının maşınını götürüb qaçmışam. Yolda maşını idarə edə bilməyib betona çırpıldım. Maşın alışıb yandı, mən də həlak oldum. Yaşadığım müddət ərzində məhkəmələrdə baxılan cinayət işlərində, bəzən də ailə mübahisələrində yalandan böhtançı şahidlik etmişəm. Günahı olmayan insanların üzünə durub, onları həbs etdirmişəm. Məhkəmədə baxılan cinayət və mülki işlərdə yalançı şahidliklə məşğul olmuşam. Bir dəfə işə baxan hakim milliyyətcə rus idi, Azərbaycan dilini pis bilirdi. Mən ifadə verərkən ifadəmin iş materiallarına uyğun olmadığına biləndə məni zaldan qovdu və dedi: "Ayə, Şelli oğlu Rza, "qamzı yalan!", yəni hamısı yalandır". Baxdı ki, bundan qabaqki işlərin hamısında mən şahid kimi keçirəm. Buna baxmayaraq, mən öz peşəmi son günə kimi davam etdirib, insanların bədbəxt olmasına çalışmışam. Nə edim? Mənim də əlimdən mərdimazarçılıq gəlir".

Hesabat vermək növbəsi Acgözə çatdı: "Yaşadığım müddətdə heç kimə səmimi olmamışam. Həmişə başqalarının mal-mülkündə gözüm olub. Qonşumuzun böyük torpaq sahəsi var idi. Gözümü ona dikmişdim. İstəyirdim mənim də torpaq sahəm olsun. Qonşum bunu hiss etmişdi. Bir gün evdən çıxıb gedərkən qonşuya diqqətlə baxdım. O, bunu hiss etdi və soruşdu: "Nə diqqətlə baxırsan, nəyəsə ehtiyacın var?" Əlimə əla fürsət düşmüşdü. Cavab verdim ki, mən də torpaq sahibi olmaq istəyirəm. Qonşum soruşdu: "Nə qədər torpaq sahəsi istəyirsən? Məndə var, gedək verim". Qonşu ilə onun torpaq sahəsinə getdik, mən soruşdum: "Mənə bu torpaqdan nə qədər verərsən?" O, mənim acgöz və paxıl olmağımı başa düşüb, "Nə qədər torpaq istəsən verərəm" - dedi. Bildirdi ki, qaçmağa başla, gücün hara qədər çatarsa qaç, harada dayanarsan ora qədər sənə torpaq verərəm". Xeyli qaçıb, sahənin bir yerində dayanıb arxaya baxdım. Gördüm ki, bu torpaq sahəsi azdır, gözüm doymur. Özümdə güc tapıb yenidən qaçmağa başladım. Həmişə olduğu kimi, yenə acgözlük etdim. Xeyli qaçdıqdan sonra üzü üstə yerə yıxılıb oradaca can verdim".

Qara paltarlı həmin vahiməli adam üzünü ölülərə çevirdi: "Cəlil, sənin yerin cənnətdir". Digər ölülərə isə: "Sizin hamınızın yeri cəhənnəmdir, indi gedə bilərsiniz" - dedi. Ölülər yalvarmağa başladılar: "Biz də Cəlillə birlikdə cənnətə getmək istəyirik. İcazə verin, biz də orada yaşayaq". Vahiməli adam son dəfə soruşdu: "Sizi yenidən dirildib həyata qaytarsam, necə hərəkət edəcəksiniz?" Bütün ölülər bir ağızla bildirdilər: "Biz öz peşəmizdən əl çəkib dəyişə, bundan sonra bir peşə, əməl sahibi ola bilmərik. Bu, bizim anadangəlmə xəstəliyimizdir. Anadangəlmə xəstəliyi heç bir loğman müalicə edə bilməyib".

Vahiməli adam qəzəblə: "Ona görə də sizin yeriniz cəhənnəmdir!" - deyib qeyb oldu.

 





03.05.2024    çap et  çap et