Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu barədə APA-ya məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, prosesdə H.Əliyev işin Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edib. Bildirib ki, məhkəmə sədri ilə münasibəti yaxşıdır. Lakin hakim etirazla bağlı vəsatəti təmin etməyib. Daha sonra prosesdə iş adamı Ramazan Səlimovun vəkili çıxış edərək, Həsən Əliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Proses oktyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, həmin cinayət işi üzrə materiallar baxılmaq üçün əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Orucovun icraatına verilib. Lakin hazırlıq iclasında A.Orucov bildirib ki, hakim tərkibi bu işə baxmaq istəmir. A.Orucov deyib ki, o özü və heyətdə olan hakimlər Əlövsət Abbasov və Əlisoltan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olublar. O qeyd edib ki, bu hal işin baxılmasına təsir etməsə də, cəmiyyətdə yanlış fikir yarada bilər. Etiraza Bakı Apellyasiya Məhkəməsində baxılaraq, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub.
İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
çap et