525.Az

Kiber müharibə sərhəd tanımır - Xaqani Cəfərli yazır


 

Kiber müharibə sərhəd tanımır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Üç il öncə "Kiber müharibə başlayır?" başlıqlı yazımda Rusiya xüsusi xidmət orqanlarına bağlılığı ilə tanınan "Revil" isimli haker qrupunun "DarkNet"dən silinməsini kiber müharibənin başlanğıcı kimi dəyərləndirildiyini qeyd etmişdim. Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı genişmiqyaslı hücum kiber müharibəni də avlovlandırdı. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq "Anonymous" haker qrupu Moskvaya müharibə elan etdi. İlk günlərdə bunu Moskvada ciddiyə almadılar. Ona görə də "Anonymous" bir gün ərzində Rusiyanın əsas kütləvi informasiya vasitələrinin saytlarını dağıtdı. O zaman "Anonymous" TASS agentliyi başda olmaqla "Kommersant","İzvestiya", "Fontanka" və "Mel" nəşrinin saytlarını dağıdaraq saytların efirində özünün loqosunu yerləşdirmişdi. Bu, "Anonymous"un Rusiyaya qarşı müharibəsinin başlanğıcı idi. Daha sonra "Anonymous" Rusiyanın ən böyük bankı olan "Sberbank"a, eləcə də "Qazprom", "Lukoyl", "Norilsk Nikel" və "Yandex" kimi şirkətlərə qarşı da uğurlu əməliyyat həyata keçirdi.

İndi isə "Anonymous" Gürcüstanın hakim partiyasını və gürcü polisini hədəf alıb. "Anonymous" ilk olaraq "Gürcü arzusu" partiyasının və hökumətyönlü "PosTV" telekanalının saytlarını sıradan çıxarıb. "Anonymous" bu addımının "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbuluna qarşı Tbilisidə etiraz aksiyasını amansızcasına dağıtdığına cavab olduğunu açıqlayıb. Haker qrupu Tbilisidə baş verənlərə görə gürcü polisindən qisas alacağını bəyan edib. "Gürcüstan Polisinə: Etirazçılara hücum etmək hökumətinizin bütün rəsmiləri haqqında məlumatların açıqlanması ilə nəticələnəcək. Bu, ilk və yeganə xəbərdarlıqdır".

"Anonymous" bu xəbərdarlıqla bağlı yaydığı digər açıqlamada bunun təhdid deyil, vəd olduğunu bildirib. Gürcüstan hökuməti və hakim "Gürcü arzusu" partiyası 2003-cü ildə yaradılmış, Rusiyaya qarşı bir neçə uğurlu hücum həyata keçirmiş "Anonymous" haker qrupunun xəbərdarlığına etinasız qala bilməz. Üstəlik, Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) saytını dağıdılması və 40 min "danos"un ələ keçirilərək yayılması kiber müharibənin qorxunc nəticələri haqqında düşünməyə əsas verir. Belarus "KQB"sinin məlumat bazasından hakerlərin ələ keçirdikləri "danos"lardan isə Stalin dövrünün qoxusu gəlir. Belə ki, həmin "danos"larda arvad ərinin, nənə nəvəsinin "səhv" siyasi fəaliyyəti ilə bağlı xəbərçilik edir. Bu hadisə Belarus cəmiyyətində "danos"çuların qınanmasına səbəb olduğu kimi, "KQB" ilə əməkdaşlığa da zərbə vurur. Bundan sonra "danos" yazmaq istəyən iki dəfə düşünəcək və bir gün onun da adının açıqlanacağından ehtiyat edərək təhlükəsizlik orqanı ilə əməkdaşlıqdan çəkinəcək. Digər tərəfdən əməlinin üstü açılan "danos"çular gələcəkdə hüquqi məsuliyyətə cəlb olunmamaq üçün müəyyən addımlar ata bilərlər. Bütün bunlar təhlükəsizlik orqanın fəaliyyətinə mənfi təsir edəcək. Belarusda Aleksandr Lukaşenko rejiminin dayağı təhlükəsizlik orqanı hesab olunduğu üçün 40 min "danos"un "KQB"nin bazasından ələ keçirilməsi ciddi uğursuzluq hesab olunur. Bu hadisə eyni zamanda təhlüksizlik orqanın əməkdaşlarını və onların yaxınlarını da təhlükəyə atır. Çünki bu, 40 min "danos"un hamısı olmasa da, bir neçə mini siyasi müxalifətin təqibinə və onlara "torba tikilməsinə" həsr olunub. Ekspertlər isə hesab edir ki, "KQB"nin bazasından 40 min "danos"un ələ keçirilərək yayılması Belarusda Daxili İşlər Nazirliyi və DTK-a arasında spesifik mübarizədə birincinin xeyrinə işləyəcək. Bu iki qurum arasında gedən mübarizənin qalibi Belarus "KQB"si hesab olunurdu. Bu da Belarusun sovet sistemini daha çox qoruyub saxlaması, sovet təhlükəsizlik xidmətinin qurucusu Feliks Dzerjinskinin adının əziz tutulması ilə izah olunur. Bu hadisə ilə Belarusda "KQB"nin mütləq hakimiyyəti başa çatmağa başlayacaq. Eyni zamanda, "KQB" ilə DİN arasında mübarizə yenidən qızışacaq və bu dəfə ikincinin qalib gəlmək ehtimalı çoxdur. Bu proses eyni zamanda, rejimin zəifləməsinə səbəb olacaq. Çünki sistem daxilində rəqabət və mübarizə nə qədər çox olsa, fərqli fikirlərə qarşı real mübarizə üçün bir o qədər az güc qalır. Belarus "KQB"sinin məlumat bazasından 40 min "danos"u hansı haker qrupunun ələ keçirdiyi tam məlum deyil. Ancaq bu haker qrupunun da "Anonymous" şəbəkəsinə aid olmaq ehtimalı böyükdür. Çünki "Anonymous" Rusiya ilə yanaşı, onun müttəfiqi olan Belarusa qarşı da müharibəyə başladığını elan etmişdi. Hətta "Anonymous" Belarusun üç bankının - "Priorbank", "Belarusbank" və "Belinvestbank"ın internet saytlarını dağıtmışdı.

Rusiya Müdafiə Nazirliyinin sisteminə daxil olub hərbçilərin şəxsi məlumatlarını ələ keçirən hakerlərin gürcü polisinə xəbərdarlığı Gürcüstanda ciddi narahatlıq yaradır. "Gürcü arzusu" hökuməti etirazçılara zor tətbiq edən polislərin şəxsi məlumatlarının hakerlərin əlinə keçəcəyindən ehtiyat edir. Belə olarsa, polis hökumətin əmrlərini icra etməkən imtina edə bilər. Gürcü polisi, əsasən də onun xüsusi təyinatlı birləşmələri hökumətin əmrlərini icra etməkdən imtina etsə, "Gürcü arzusu" iqtidarı bir neçə gün ərzində çökə bilər.

"Anonymous"un səsli-küylü kiber hücumları bu haker qrupunu çox məşhurlaşdırsa da, dünyada daha güclü kiber qruplar da mövcuddur. "Kiber müharibə başlayır?" başlıqlı məqalədə adlarını qeyd etdiyim "Global Look Press", "DarkSide", "Clop", "Syrian Electronic Army" və "FIN7" səsli-küylü əməliyyatlar həyata keçirməyi, elan etməyi çox sevən "Anonymous"dan daha təhlükəli haker qrupları hesab olunur. Bəşəriyyət nüvə müharibəsindən daha təhlükəli ola biləcək kiber müharibələri önləmək üçün imkan və yollar tapmaq əvəzinə bu silahdan biri-birinə qarşı istifadə üstünlük verir. Rəqəmsallaşmanın günü-gündən genişləndiyini də nəzərə alanda kiber müharibənin nəticələrini təsəvvür etmək olar. Təəssüf ki, bütün bu narahatlıqlara baxmayaraq, kiber müharibənin sərhədi genişlənməkdə davam edir.

Əgər bir gün müasir dövrün "Hərb və sülh" kitabı yazılsa, onun əsas süjetini yəqin ki, kiber müharibə təşkil edər.

 





06.05.2024    çap et  çap et