525.Az

Rusiya sərhədçiləri Ermənistan ərazisindən çıxır: Peskov yalan danışır?


 

Rusiya sərhədçiləri Ermənistan ərazisindən çıxır: <b style="color:red">Peskov yalan danışır?</b>

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dünən Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılsa da, onlar Ermənistanın Türkiyə və İranla sərhədində qalacaqlar.

“2020 - ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə bizim hərbçilər və sərhədçilər Ermənistanın bir sıra bölgələrində yerləşdiriliblər. Paşinyan şərtlərin dəyişməsi ilə bağlı hazırda belə bir ehtiyac olmadığını qeyd edib və Prezident Putin də bununla razılaşıb, nəticədə hərbçilərimizin və sərhədçilərimizin geri çəkilməsi razılaşdırılıb”, - o bildirib.

Eyni zamanda Peskov vurğulayıb ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaq. “Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər”, - Kreml nümayəndəsi söyləyib.

Praktik baxımdan Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi mümkündür. Bu ehtimalı xüsusilə İrəvanla Moskva arasında əlaqələrin gərginləşməsi konteksində dəyərləndirmək lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqda israrlı olan rəsmi İrəvan tədricən buna nail olur. Bu baxımdan, ola bilsin ki, Ermənistan hakimiyyət rus sərhədçilərinin öz ərazisindən çıxmasında da israrlıdır. Bu, onu deməyə əsas verir ki, İrəvan bütün imkanları ilə Moskvadan canını qurtarmağa çalışır.

Doğrudur, Rusiya asanlıqla Ermənistan ərazisindən çıxmaz. Amma bəzən reallıqlar ambisiyalarla üst-üstə düşmür. Rusiya sülhməramlıları niyə vaxtından tez Qarabağdan çıxdı? Bunun əsas səbəblərindən biri odur ki, Rusiyanın Ukrayna cəbhəsində şəxsi ehtiyacı var. Rus sərhədçilərinin Ermənistan ərazisindən çıxma ehtimalını da bu versiya ilə əlaqələndirmək olar.

Bundan başqa, görünən odur ki, Qərb hələ ki, rəsmi İrəvanın arxasındadır. Ola bilsin ki, Qərb, xüsusilə ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətindədir. Moskva isə hələ ki, təxribatlara getməməyə çalışır.

Hazırda Rusiya üçün prioritet, sözsüz ki, Şərqi Avropadakı vəziyyətdir. Mümkündür ki, Rusiya Ukraynada qalib gələndən sonra yenidən Cənubi Qafqazdakı mövqelərini gücləndirmək və lazım gələrsə, Ermənistanla haqq-hesabı çürütmək barədə düşünür. Hərçənd, bu, yaxın bir neçə il üçün o qədər də real görünmür.

D.Peskovun Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalacağına dair səsləndirdiyi fikirlərə gəldiksə isə bildirməliyik ki, bunun, həqiqətən, N.Paşinyanın xahiş olması məlum deyil. Bunun belə olduğuna inansaq, düşünmək olar ki, Ermənistan hakimiyyəti Türkiyə və İrandan hansısa təhlükə gözləyir. Yaxşı, həqiqətən, belədirsə, onda, deməli, İrəvan hələ də Moskvaya inanır. Bu isə inandırıcı deyil. Ən azından ona görə ki, Ermənistan hakimiyyəti indiyə qədər dəfələrlə bildirib ki, Rusiyadan istədiyi, gözlədiyi təhlükəsizlik təminatını almayıb.

Mümkündür ki, Peskov əldə olunmuş razılığı müəyyən qədər təhrif olunmuş formada təqdim edir. İstisna deyil ki, İrəvan və Moskva sərhədçilərin bir hissəsinin Ermənistandan çıxması, Türkiyə və İranla sərhəddə yerləşənlərin isə orada qalması barədə razılığa gəliblər. Bu, indiki halda Ermənistandan çox Rusiyanın maraqlarına uyğundur. Ola bilsin ki, Rusiya Türkiyə və İranın hansısa həmlələrindən narahatdır.

Amma gələcəkdə həmin sərhədçilərin də ərazini tərk edəcəkləri istisna deyil. Bu isə Ermənistan- Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.

 





11.05.2024    çap et  çap et