525.Az

Tənəzzül dövrünü yaşayan "Azərbaycanfilm" - Sevda Sultanova yazır


 

Tənəzzül dövrünü yaşayan "Azərbaycanfilm" - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Azərbaycanda kino mədəniyyətinin,  kino sənayesinin yaranmasında və inkişafında, milli mədəniyyət və kimliyimizin dərkində əhəmiyyətli rol oynamış, 100 yaşlı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası artıq uzun müddətdir böhran dövrünü yaşayır... 

Əsası 1923-cü ildə qoyulan "Azərbaycanfilm" kinostudiyasının peşəkar səviyyədə təşkili ilk kino məmurumuz Şamil Mahmudbəyovun adıyla bağlıdır. Onun atası Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş, Bakıda ilk özəl rus müsəlman məktəbinin, rus-müsəlman kitabxanasının təşkilində,   Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak eləmiş maarifçi  Həbib bəy Mahmudbəyov idi. Belə bir mütərəqqi ailədə doğulmuş Şamil Mahmudbəyov Kiyev Politexnik İnstitutunda təhsil almış,  sovet hakimiyyəti dövründə Şuşa İnqilab Komitəsinin, Qarabağ və Zəngəzur Fövqəladə Komissiyasının sədri və digər mühüm vəzifələrdə işləyib. Sovet hakimiyyəti kino istehsalının dövlət əhəmiyyətini və Şamil Mahmudbəyovun təşkilatçılıq bacarığını nəzərə alaraq, yeni yaradılmış "Azərkino"ya rəhbərliyi məhz ona tapşırır. O, işlədiyi dövrdə kino qurumunun işini səmərəli qurur; maddi-texniki bazanı möhkəmləndirir, milli kadrlarının yetişdirilməsində mühüm işlər görür, fotoqrafiya, kinematoqrafiya, kino-teatrlar və kinoprokat müəssisələrini dövlətin əlində cəmləşdirir, kinofabrikin yeni binasının tikilməsinə, istehsalatın səviyyəsini qaldırmaq məqsədilə yeni avadanlıq və çəkiliş aparatlarının alınmasına maliyyə vəsaiti ayrılmasına çalışır və buna nail olur. Nəticədə kinofabrikin inşasına 200 min manata qədər pul xərclənir, avadanlıqlar alınır, rejissor hazırlığı studiyası təşkil olunur və burada ilk peşəkar kinematoqrafçılar Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Ağarza Quliyev, Rza Təhmasib (ümumilikdə 56 nəfər) təhsil alırlar. Rejissor və aktyor ustalığı, operator işi, ssenari yaradıcılığı, kino texnikası və s. məsələləri üzrə məşğələləri aparmaq üçün Moskvadan mütəxəssislər dəvət olunur. Sənət adamları arasında böyük nüfuza malik olan Mahmudbəyov Abbas Mirzə Şərifzadəni "Bismillah" filmini çəkməyə, Cabbarlını ssenari yaradıcılığı ilə məşğul olmağa həvəsləndirir. Mövcud siyasi rejimə xidmət etsə də, Mahmudbəyov milli təfəkkürə malik adam idi. Onun səyilə 1926-cı ildən istehsal olunan filmlərdə Azərbaycan dilində titrlər tətbiq edildi və artıq 1930-cu ildə "Azərkino"nun istehsal etdiyi filmlərin 95 faizi Azərbaycan dilində titrlərlə təchiz olunmuşdu. Qısası, Mahmudbəyovun milli kinomuzda gördüyü işlər əvəzsizdir. Elə buna görə də o, işindən uzaqlaşdırılaraq, 1936-cı ildə həbs olunur, 10 il sonra isə həbsxanada vəfat edir.

"Azərbaycanfilm"də intibah dövrünün işartıları 1950-ci illərin sonlarından sezilməyə başladı. Zəki Səfərovun, daha sonra Məhərrəm Haşımovun rəhbərliyi dövründə maraqlı, insan dramlarının ön plana çıxdığı "Uzaq sahillərdə", "Bizim küçə", "Telefonçu qız", "Möcüzələr adası", "Yenilməz batalyon", uşaq kinosunun ən yaxşı nümunələrindən  "Sehrli xalat", "Bir qalanın sirri" ekran əsərləri lentə alındı.  

Adil İsgəndərovun kinostudiyaya rəhbərlik (1966-74) etdiyi illərdə  isə "Azərbaycanfilm" özünün məhsuldar, parlaq dövrünü yaşadı. Bu dövrdə "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Yeddi oğul istərəm", "Uşaqlığın son gecəsi", "Sən niyə susursan", "Nəsimi", "Gün keçdi", "Axırıncı aşırım", "Qanun naminə" və digər klassik filmlərimiz çəkildi. Adil İsgəndərov milli kadrlara üstünlük verirdi, ideoloji səbəbdən qayçılanan filmlərimizi məmurlardan qoruyurdu.

Müstəqilliyimizin ilk illərində "Azərbaycanfilm" kinostudiyasının baş verən tarixi, ictimai-siyasi hadisələrin lentə alınmasında  xidmətləri əvəzsizdir. Təkcə elə Azərbaycanın azadlıq uğrunda mübarizəsini əks etdirən, 1988-ci il hadisələrinin peşəkar səviyyədə lentə köçürüldüyü "Meydan"  sənədli filmini xatırlatmaq kifayətdir. Ramiz Fətəliyevin  rəhbərliyi dövründə (1986-1995)  "Azərbaycanfilm"də istehsal olunan bədii və sənədli filmlərdə   ziddiyyətli, çətin bir mərhələni yaşayan cəmiyyətimizin problemləri əksini tapırdı: "Sahilsiz gecə", "Yaramaz", "Lətifə", "Şahid qız", "Fərhad" və digərləri.

Belə bir zəngin tarixə malik  "Azərbaycanfilm" kinostudiyası indi tənəzzül dövrünü yaşayır. Kinostudiyada sonuncu tammetraj bədii film 2021-ci ildə istehslata buraxılıb. Bu nəhəng binanın yarıdan çoxu təmirsizdir, pulsuzluq üzündən peşəkar əməkdaşların çoxu işdən uzaqlaşıb, dövlətdən dotasiya almayan kinostudiya bu gün özünü tam maliyyələşdirməyə, öz gücünə müstəqil şəkildə istehsalatla məşğul olmağa qadir deyil.    "Azərbaycanfilm"in qazancı bir neçə pavilyonunun, geyim, rekvizit, butafor və aksesuarların icarəyə verilməsindən, göstərdiyi bəzi texniki xidmətlərdən çıxır.  Acınacaqlıdır ki, bugün "Azərbaycanfilm" sadəcə servis, xidmət rolunu oynayır, qazancı isə kinostudiyanın təsərrüfat xərclərini ödəməyə çatır.

Ötən il 100 yaşı olsa da, diqqətdən kənar qalan kinostudiyanın acınacaqlı vəziyyətdən çıxarılması üçün cəhdlər göstərilmir. Bəzən belə fikirlər səslənir ki, kinostudiya artıq lazım deyil, o, öz tarixi missiyasını başa vurub və muzey statusunda fəaliyyət göstərməlidir. Əgər ölkəmizdə formalaşmış kino sənayesi qurulsaydı, filmlər intensiv şəkildə istehsalata buraxılsaydı, bəlkə də bu fikirlə razılaşmaq olardı. Amma bəlkə... İstehsalat prosesində böyük təcrübə və ənənələrə malik "Azərbaycanfilm"in kino sənayesinin qurulmasında verəcəyi töhfələr böyükdür. Bunun üçün isə kinostudiyada səmərəli idarəçilik sistemi qurulmalı, islahatlar aparılmalıdır. Lakin necə?

Bu günlərdə keçmiş sovet respublikalarında fəaliyyət göstərən dövlət kinostudiyalarının hazırkı vəziyyəti ilə bağlı araşdırma apardım. Qeyd edim ki, "Azərbaycanfilm" Mədəniyyət Nazirliyinin balansındadır və nazirlik kinostudiyanı mövcud durumdan çıxarmaq, onu rentabelli təşkilata çevirmək istəyirsə, digər respublikların təcrübəsindən yararlanmalıdır. Təbii ki, ölkə reallığını da nəzərə almaqla.

İlk növbədə "Azərbaycanfilm"i, onun varlığına son qoymaq istəyən bəzi qüvvələrdən qorumaq üçün kinostudiyaya milli status verilməsi məsələsi nəzərdən keçrilə bilər.  "Qırğızfilm"ə, "Belarusfilm"ə dövlət milli status verib. "Qazaxfilm" isə bu statusu təzəlikcə, ötən il alıb...

Hələ sabiq nazir Əbülfəs Qarayevin vaxtında kino ictimaiyyətinin bəzi nümayəndələri, həmçinin, mən, dövlət büdcəsindən kinoya ayrılmış vəsaitlə çəkiləcək bütün filmlərin istehsalatını "Azərbaycanfilm"ə verilməsini, monopoliya yaradılmasını tənqid eləmişik. Çünki kinonun inkişafı, kino bazarının tənzimlənməsi həm də özəl kino şirkətlərinin fəaliyyətindən, onların dövlət tərəfindən dəstəklənməsindən asılıdır. Qazaxıstanın bu mənada təcrübəsi faydalıdır. Yaxınlarda ölkənin mədəniyyət nazirliyi təklif edib ki, "Qazaxfilm"ə film istehsalı üçün subsidiya müsabiqədənkənar verilsin; o səbəbdən ki, kinostudiya dövlətçiliyin, mili mədəniyyətin, tarixin təbliğini əsas götürür və ölkənin imicinə xidmət edir  (Bununla belə, istər "Qazaxfilm", istər "Belarusfilm" digər sponsorlar və ya qazandıqları pulla  kommersiya filmləri də istehsal edirlər). Özəl kino şirkətləri isə Kino Mərkəzinin elan etdiyi müsabiqələrdə iştirak etsin. Belə bir təcrübəni "Azərbaycanfilm"ə tətbiq etmək mümkündür. Təbii ki, bu, "Azərbaycanfilm"in ancaq dövlət büdcəsindən asılı qalması mənasına gəlməməlidir. Keçmiş sovet respublikalarındakı kinostudiyalar dövlət büdcəsindən maliyyələşsə də, onlar mərhələli şəkildə özünümaliyyələşməyə keçməyə çalışırlar. Məsələn, Şərqi Avropada aparıcı kinostudiyalardan birinə çevrilən "Belarusfilm" artıq brenddir, o, həm internet platformalarından, həm yerli prokatdan qazanır. Prokat demişkən, uzun illərdir ki, "Azərbaycanfilm"in istehsal etdiyi filmlər prokata çıxarılmır.   "Azərbaycanfilm"də istehsal olunan son tammetrajlı bədii filmlərdən ikisi "Mərmər soyuğu" və "Məryəm" də indiyədək prokata çıxarılmayıb. "Həyat deyəsən, gözəldir" bədii filmi isə prokatda az qalıb...

Digər ölkə kinostudiyalarının gəlir mənbələrindən biri icarəyə verdiyi pavilyonlar, montaj, səsyazma, rekvizit və sair xidmətlərdir. "Azərbaycanfilm"in pavilyon imkanları bu mənada "Belarusfilm", "Gürcüfilm", "Qazaxfilm" kinostudiyalarının imkanları ilə eyni deyil. Çünki adını çəkdiyim kinostudiyalarda hər cür janr filmi üçün yararlı pavilyonlar qurulub. 

Bir neçə il əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil elədiyi bir müzakirədə prodüserlər film, reklam, serial çəkilişləri zamanı məkan qıtlığından söz açmışdılar. Çəkiliş vaxtı istehsalçıların üzləşdiyi problemlərdən biri təyyarə, metro, qatar içləri, həbsxana, polis şöbəsi, xəstəxana, məhkəmə və sair məkanların olduğu pavilyonların yoxluğudur. "Azərbaycanfilm"in ərazi imkanlarını nəzərə alsaq, burda kino istehsalçılarının ehtiyacı olduğu hər cür zəruri pavilyonun tikilməsiylə onların icarəsindən yüksək qazanc əldə olunar. Üstəlik, müasir tələblərə cavab verən pavilyonlar xarici kino şirkətləri üçün də qiymətlərin ucuz olması səbəbilə cəzbedicidir. "Gürcüfilm" bu mənada bariz nümunədir.

"Azərbaycanfilm"in başqa bir problemi buranın böyük hissəsinin təmirsiz vəziyyətdə olmasıdır. Sabiq direktorların dövründə müəyyən otaqlar təmir olunsa da, bu gün kinostudiyanın bütünlüklə təmirə, yenidən qurulmasına ehtiyacı var ki, bu, böyük vəsait tələb edir. Bəzən hər hansı təmir zamanı dövlət pullarının səmərəsiz xərclənməsi faktları haqda məlumatlar oxuyuruq. Oxşar problemin yaranmaması, rəhbərliyin məsuliyyətini artırmaq məqsədilə təmirin həyata keçirilməsi kredit, ssuda yoluyla həll oluna bilər.  Rəhbərlikdən söz düşmüşkən, keçmiş sovet respublikalarındakı kinostudiyaların başında əsasən prodüserlər, menecerlər dayanır.  Məsələn, bu yaxınlarda "Belarusfilm"ə təyin edilmiş yeni rəhbər iqtisadçı-menecerdir. "Qırğızfilm"in direktoru kino sahəsi üzrə iqtisadçı, prodüserdir.  "Azərbaycanfilm"in hazırkı direktoru Nazim Hüseynov da bu sahədə fəaliyyətinə maliyyə direktoru kimi başlayıb və bir sıra filmlərdə özünü uğurlu prodüser kimi göstərib. Lakin bununla iş bitmir, hazırkı vəziyyətdə kinostudiyanı böhrandan çıxarmaq kompleks tədbirlər diktə edir. "Azərbaycanfilm" Mədəniyyət Nazirliyinin balansında olduğundan, hər şeydən əvvəl nazirlik özü kinostudiyanın mövcud durumdan çıxarılmasna xidmət göstərən səmərəli konsepsiyalarda, strateji proqramlarda maraqlı olmalıdır.  Bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı belə bir maraqlı təkliflə çıxış elədi ki, "Azərbaycanfilm"i mövcud vəziyyətdən çıxarmaq məqsədilə kinostudiya qurumun, yəni ittifaqın idarəçiliyinə verilsin. Əslində, nazirlik kinostudiyanı dirçəltmək məqsədilə, müsabiqə və ya tender yoluyla (və ya hər hansı uyğun yolla), müddəti 3-5 ili əhatə edən,  kinostudiyanın inkişaf konsepsiyası  təkliflərini, proqramlarını dəyərləndirə bilər. Və bu halda kinostudiya nazirliyin balansında qalır. "Qazaxfilm"ə yeni təyin olunan Azamat Satıbaldı  kinostudiya ilə bağlı 5 illik strateji plan hazırlayıb. Məqsəd odur ki, kinostudiya artıq 5 ildən sonra özünü tam maliyyələşməyə keçsin. Bütün hallarda əksər keçmiş sovet respublikalarında fəaliyyət göstərən kinostudiyalar, rentabelli olsalar belə, ölkənin milli sərvəti hesab olunduğundan dövlət büdcəsinin müəyyən maliyyə qayğısı ilə əhatə olunurlar.

Maraqlı bir faktı da qeyd edim ki, keçmiş sovet ölkələrindəki heç də bütün kinostudiyalar Mədəniyyət Nazirliyinin balansında deyil. Məsələn, "Gürcüfilm" qapalı səhmdar cəmiyyəti kinostudiyası Mədəniyyət Nazirliyinin balansında fəaliyyət göstərmir. Hazırda kinostudiyanın yeganə səhmdarı "Gürcü Kinosunun İnkişafı Mərkəzi"dir ki, onun da təsisçisi Dövlət Əmlakı üzrə Milli Agentlikdir.

Bu faktı da təəssüflə deyim ki, Mədəniyyət Nazirliyinin öncəki rəhbərliyi dövründə "Debüt", "Azanfilm" kimi vacib studiyaların fəaliyyəti dayandırıldı. Halbuki uşaq kinosu, kinoya yeni gənc müəlliflərin gəlməsinə şərait yaratmaq istisnasız olaraq bütün dövlətlərdə kino siyasətinin tərkib hissəsidir.

Bir problemi də nəzərdən qaçırmayaq. Sovet dönəmində kinostudiyaların hər biri şəhərin mərkəzində böyük ərazidə yerləşirdi və müstəqillik illərində maliyyə çatışmazlığı, digər səbəblər üzündən kinostudiyaların ərazisi özəlləşdirilmə cəhdlərinə məruz qalıb. Lakin kino ictimaiyyətinin etirazlarından sonra bu, alınmayıb. Bəs "Azərbaycanfilm"də vəziyyət necədir? Təəssüf ki, "Azərbaycanfilm"in malik oldğu ərazi haqda dəqiq məlumatlar əldə edə bilmədim. Bir neçə mənbənin bildirdiyinə görə, sovet dönəmində kinostudiyanın ərazisi 14 hektar olub, hazırda isə 7 hektardır. Digər 7 hektarda restoran, tikinti şirkətləri fəaliyyət göstərir ki, bu da qanunla tənzimlənməyib. Ona görə, əlaqədar qurumlar, həmçinin, Mədəniyyət Nazirliyi ərazi məsələsini də diqqətdə saxlmalıdır.

...Bir daha xatırladım ki, bugün "Azərbaycanfilm" kinostudiyasının gələcəyi ilə bağlı planlar açıqlanmır, fikirlər səslənmir. Kimlərsə "Azərbaycanfilm"ə sərfəli daşınmaz əmlak kimi baxır. "Azərbaycanfilm" kinostudiyasının taleyi ümummili məsələdir, o, milli kino mədəniyyətimizin simvoludur, tariximizdir, keçmişimizdir və o, həm də gələcəyimiz olmalıdır. Bunun başqa yolu yoxdur...

 





13.05.2024    çap et  çap et