|
|
|
|
"Yaşa dolduqca hər şeyə ayıq baxırsan, başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimiləri çoxdur. Elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən".
"Gün keçdi" filmindən Oqtayın sözləridir.
İlk baxışdan olduqca bəsit görünsə də, çoxunun gec-tez gəldiyi qənaətdir. Zənnimcə, on doqquz yaşında bu fikirləri özünə yaxın buraxmaq qəbahət olar. Hələ yolun başındasansa, nələrisə dəyişdirmək üçün əvvəlcə bunu edə biləcəyinə inanmalısan. Ancaq elə ki, otuz doqquz yaşına gəldin, nəfəsini dərib geriyə baxanda Oqtayın sözlərindən özünə pay çəkə bilərsən.
Bəlkə acı reallıq, bəlkə də sadəcə təsəlli... Orasını bilmirəm. Ancaq əminəm ki, ömrün harasındasa Oqtay haqlıdır.
Dedi ki, oğlan ürəyinə yatmır, ancaq ona "hə" deyəcək. Çünki yaşı otuzu keçib, evlənməyə gecikir.
Dedi ki, o ev şəhərə çox uzaqdır, üstəlik, təmir etdirmək üçün də çətin pul tapa. Ancaq o evin quru divarını da olsa, alacaq. Çünki yaşı otuzu keçib, hələ evi yoxdur.
İndi birincinin uğursuz evliliyi var, ikincinin də kirayələrdə davam edən həyatı. İndi birinci boşanmağın dərdini çəkir, ikinci isə həm kirayə pulunun, həm də bəlkə də heç vaxt yaşamayacağı evin təmir xərcinin.
Bunlar dostlarımın hekayəsidir. Əvvəlini də bilirəm, sonrasını da. Ona görə istədim söhbətə elə bildiyim haqq-hesaba istinadla başlayım.
Nədir axı bu otuz yaş azarı?
Dost-tanışın əhvalatını bir tərəfə qoyub mövzunu araşdıranda məsələnin psixoloji tərəfini izah edən "Orta yaş böhranı" haqqında xeyli maraqlı məlumatla tanış oldum. Qısacası, "Orta yaş böhranı" 1965-ci ildə Eliot Jaquesin işlətdiyi termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda bu dövr təxminən 35, kişilərdə isə 40 yaşından sonra başlayır.
Mənbələrdə yaşadığı coğrafiyadan asılı olmayaraq, hər insanın bu problemlə qarşılaşa biləcəyi qeyd olunur. Maraqlıdır, bizdə bu böhranın əlamətləri qırxı gözləmir, elə otuzu keçən kimi özünü göstərir. Əslində, səbəb çox sadədir, çünki bu məmləkətin adamı təkcə yaşın gətirdiyi fizioloji, yaxud da psixoloji dəyişikliklərin narahatlığını yaşamır, üstəlik, sosioloji yükünü də çəkir. Mental basqıların mövcud olduğu toplumda iki cəbhədə savaşmaq çətinləşir. Vəziyyəti düzgün xarakterizə edə bilməyən şəxslər əksərən dədə-baba yolunu tutur. Dədələrimiz də istənilən problemin həllində "Evlən, düzələcək" tezisini ortaya artır. Götür-qoy etmədən, bu tənələrin müşayiəti ilə yanlış izdivaca gedən o qədər insan var ki...
Qəribəsi budur ki, təkcə öz yerini tapmayanlar yox, elə hər şeyi yerli-yerində olanlar da otuz yaşı çətin keçirə bilir. Onları isə başqa seçimlərlə daha xoşbəxt olmaq ehtimalı narahat edir. Bir dənə almanın cazibəsinə aldanıb cənnətdən qovulan Adəmin övladlarıyıq axı.
Ümumiyyətlə, mütəxəssislər insanların "otuz yaş sindromu" yaşadığı dövrdə daha ciddi səhvlər buraxdığını deyir. Yanlış qərarlar təkcə şəxsi həyatla məhdudlaşmır, iş həyatında da özünü göstərir. Problemin kökündə dayanan əsas səbəb isə yaşın gətirdiyi vahimədir. Yolun yarısını haqladığını düşünənlər keçmişin haqq-hesabını aparır, yaşadıqları ilə yaşının mütənasibliyini sorğulayır. Vay o gündən ki, yolun başındakı xəyalları ilə əlindəki xatirələri üst-üstə düşməyə. Kosmonavt olmaq istəyən uşaq özünü mədəndə tapar, məsələn. Bu dövrü ən çətin keçirənlər də məhz gözləntiləri böyük olan adamlardır, daha doğrusu, çox şey istəyib, az şeyə nail olanlar. Yanlış qərarlar da məhz yaşın vahiməsindən ilhamlanır. Mənəvi sıxıntıların diktəsi ilə atılan addımlar nə qədər doğru ola bilər?
Otuzun çevrəsindəki illəri çılğın gənclik dövründən daha təhlükəli edən də məhz bu paradoksdur. Oqtayın həqiqəti ömrün həmin vədəsinə iltihafdır. Hamı kimi adi adam olduğunu anlayanda səhvlərinə də başqa gözlə baxırsan, daha az qınayırsan özünü. Bu sözlərdə həll yolu yoxdur, ancaq mənəvi rahatlığın işarəsi var. Böhranlı çağda tapılan dinclik özü də bir nemətdir. Cahit Sıtkı Tarancının dediyi kimi:
Yaş otuz beş! yolun yarısı eder.
Dante gibi ortasındayız ömrün.
Gökyüzünün başka rengi de varmış!
Geç farkettim taşın sert olduğunu.
Gec, ya tez, bu dövr də keçir. Həyatdır, səma nə qara buludlarındır, nə də Günəşin. Şairin dediyi kimi, otuzdan sonra da tapa bilərsən rəngini. Bəlkə də elə göyqurşağını.