Əzizə İsmayılova, jurnalist:
- Bu gün Zeynəbin Şuşadakı çıxışı bütün günümə o qədər gözəl rəng qatıb, əhvalımı o qədər müsbətə kökləyib ki, bütün ruhum dincəlib... Nə gözəl düşünüblər, bu ssenarini quranlar. Nə gözəl ki, səhhəti imkan verib o yolu getməyə və səhnədə o cür qıvraq və həmişəki Zeynəb kimi görünməyə.
Zeynəbi hədsiz çox sevirəm. Çünki o, mənim uşaqlığımdır, gəncliyimdir, bu günümdür, nostaljimdir. Bu gün də mən ona qulaq asanda sanki uşaqlaşıram, o vaxtkı o xoş hissləri yenidən yaşayıram.
Baxıram ki, istər lentdə, istər şərhlərdə artıq-əskik yazanlar var. Üzülürəm, həzm edə bilmirəm, ya da həzm etmək istəmirəm.
Anlayıram ki, hamı hamını sevə bilməz. Onu bəlkə də sevməmək olar, amma görməzdən gəlmək, yeri gəldi, gəlmədi haqqında nə gəldi yazmaq olmaz.
Zeynəb hamının Zeynəbidir. Onu sevməyənlərlə də, haqqında bildi, bilmədi nə gəldi yazanlarla da işim yoxdur, təbii ki. Əslində, həzm etmək çətin olsa belə, onların olması da çox normaldır. Uca dağın ətrafında yarğan da olur, uçurum da, bataqlıq da, şəlalə də... amma bunlar heç biri dağın əzəmətini azaltmır, əksinə, onu daha cazibədar, daha əlçatmaz edir.
Kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, Zeynəb elə Zeynəbdir! Daş qayadan nə qopara bilər ki?
Təkrarsızdır, özəldir və ömrünün bu çağında belə gözəldir. Onun mahnıları ilə böyüyən nəslin nümayəndəsiyəm.
"Zeynəb oxuyur" deyəndə bütün işini-gücünü atıb, başından yumruqla vurmamış işləməyən televizorun qarşısında toplaşıb, "sən allah, qoy oxusun, sonra sönərsən" yalvarışı ilə ekran qarşısına toplaşan nəslin nümayəndəsi...
O vaxt hətta 80 yaşlı nənəm belə əzbər bilirdi onun bütün mahnılarını. Cınqırımız çıxmazdı onun səsi ya radiodan, ya mavi ekrandan eşidiləndə...
O vaxtdan çox sevmişəm onu, bu gün də çox sevirəm, yəqin ki, ömrümün sonuna kimi də çox sevəcəm. Çünki mənə görə onun kimisi yoxdur və olmayacaq. Öz təbirincə desəm, həqiqətən də dünyanın xoşbəxti O-dur dünyada.
Bəxş etdiyin bu qədər sevgiyə, bu qərər pozitivliyə və rəngarəngliyə görə təşəkkür edirəm, əziz Zeynəb! Üz-üzə gəlmək şansım olmasa da, yazdığımı oxumasan da, bunu sənə deməsəm olmazdı.
Elxan Şahinoğlu, politoloq:
- Erməni keşiş Baqrat Qalstanyanın ötən əsrində əvvəllərində Rusiyada yaşayan keşiş Qaponla oxşar cəhətləri az deyil. Vaxtilə Qapon da Qalstanyan kimi müxalif hərəkata liderlik iddiasında idi. Rus keşiş etirazçıları Rusiya imperatoruna qarşı qiyama qaldırmağa cəhd etdi, nəticədə etirazçılar meydanda güllələndi və bu, tarixə 1905-ci il "qanlı bazar günü" kimi düşdü. İnsanları qırğına verən Qapon özü qaçıb gizləndi, bir il sonra inqilabçı dostları keşişin çar polisinin gizli xəfiyyəsi olması ittihamıyla onu qətlə yetirdilər. Qaponun təxribatı Rusiyada sonrakı təlatümlərin başlanğıcı oldu, qiyamçı bolşeviklərin hakimiyyətə gəlişini sürətləndirdi. İndi Baqrat Qalstanyan da Qaponun yoluyla gedir, etirazçıları hakimiyyətə qarşı mübarizəyə səsləyir. Onun da Qapon kimi xarici kəşfiyyatlardan birinə işləməsi və sonunun rus keşişi kimi bitəcəyi istisna deyil.
Xaqani Səfəroğlu, jurnalist:
- İrəvanda "vətəni xilas etməyə çağıran" keşiş Baqrat Qalstanyan Kanadada erməni kilsəsini banka girov qoyub pul almağa cəhd edibmiş. Bu barədə Kanadada çıxan qəzet yazıb. Keşiş Baqratın maliyyə maxinasiyaları nəticəsində kilsə 1 milyon dollar borca düşüb. İndiyədək borcu verə bilmir. Keşiş Baqrat da qaçıb gəlib oturub İrəvanda. İrəvanı banka girov qoyub satmasa yaxşıdır...
Nigar Sabirqızı, jurnalist:
- Şəxsən mənə Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı İsveçdə keçirilən "Avroviziya" mahnı müsabiqəsindən daha maraqlı gəldi (Heç birinə tam baxmamışam, sadəcə hissələr görmüşəm). Ümumiyyətlə, "Avroviziya"nı mənasız, yalnız siyasi məqsədlər daşıyan müsabiqə hesab edirəm. İnsanlara əxlaqsızlığı da aşılayır. Türkiyə çox doğru qərar verərək bu müsabiqədən uzaqlaşıb. "Avroviziya"da geyimi, davranışı ilə çoxu şeytanı xatırladan müğənnilərə baxmaqdansa, "Xarıbülbül"də milli qiyafələrlə göz oxşayan müğənnilərə baxmaq ruha daha faydalıdır.
Taleh Şahsuvarov, jurnalist:
- Şuşaya da ilk köç gerçəkləşdi. Zəfər salnaməsi davam edir. Bu salnamənin ən əsas səhifələrindən biri də Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesidir. Media və sosial şəbəkələr adətən məmurları tənqid etməyə aludədir. Tənqid vacibdir, ancaq təqdir də önəmlidir.
Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev düşünürəm ki, təqdirləri haqq edən vəzifə sahibidir. Əgər diqqət edirsinizsə, qayıdışla bağlı məsələlərdə bir neçə istisna xaric - onlar da dərhal həllini tapıb - narazılıq baş vermir. Baxmayaraq ki, məcburi köçkünlər kifayət qədər həssas, ağır şərtlərdə yaşamış olmalarından dolayı potensial narazı təbəqə idi. Demək ki, dövlət siyasətinin mahiyyətini dərk edən, siyasətin icra olunmasında ədalət, qanunçuluq, şəffaflıq kimi prinsipləri əsas tutan kadrlara etimad göstəriləndə nəticə müsbət olur. Şuşaya ilk qayıdış köçü də bu baxımdan daha bir müsbət nümunə oldu.
Asif Nərimanlı, jurnalist:
- Xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Alma-Ata bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi. Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı "Dostluq Evi"ndə keçirilməsi simvolik xarakter daşıyırdı.
Lakin tərəflər şifahi olaraq, sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır: gözlənildiyi kimi, sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır.
Dörd kəndin qaytarılmasından sonra Ermənistanla yanaşı, başda ABŞ olmaqla Qərb ölkələrinin Alma-Ata bəyannaməsi üzərində xüsusilə dayanması fonunda Bakının geri addım atmaması əhəmiyyətlidir. Almatı görüşünün əsas nəticəsini bu kontekstdə qiymətləndirmək olar.
Mir Səməd, bloger:
- Şuşa azad olunmazdan əvvəl Aşağı Gövhər ağa məscidi az qala dağılacaqdı. Damı uçmuşdu. Ətrafı pis vəziyyətdə idi. Həm Yuxarı, həm Aşağı Gövhər ağa məscidlərini memar Səfixan Qarabağı inşa edib.
Vaxtilə onun divarlarını rəssam Mir Möhsün Nəvvabın nəqşləri bəzəyib.
İndi məscid ilkin görkəminə qaytarılır.
Şuşa əvvəlkindən də gözəl olacaq.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- İki gün öncə Hacıqabulun bir uçuş meydançasında havaya qaldırılan dron Azərbaycanın təhsil və müdafiə sənayesi sektoru üçün ciddi bir hadisə idi.
İlk dəfə olaraq öz tələbələrimiz, AzTU və Milli Aviasiya Akademiyası tələbələri öz resurslarımız hesabına hərbi tapşırıqları yerinə yetirə bilən, 50 metr hündürlükdə 14 dəqiqə havada qalmaq imkanı olan hərbi təyinatı uçuş aparatı hazırlayıblar.
Dronla yerdəki idarəetmə mərkəzi arasında məlumat ötürülməsi, uçuşa nəzarət də reallaşdırılıb.
Tələbələrimiz bunu Türk Aviasiya ve Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) dəstəyi ilə 8 ay müddətində reallaşdıra biliblər.
Xatırlayıram ki, AzTU rektoru ilə bir neçə il öncə Türkiyədə bu qurumun rəhbərləri ilə görüşdə olarkən bu texnoloji şirkətlə ilk dəfə olaraq Azərbaycanda "AzTU-Turkish Aerospace, MGP 2023.1" mühəndis hazırlığı proqramının reallaşdırılması haqqında razılıq əldə olunmuşdur.
O zaman TUSAŞ-ın qurduğu laboratoriyalar, simulyasiya mərkəzləri diqqətimi cəlb etmişdi. Yəni onlar, universitetlərlə sənaye arasında nəhəng bir simulyasiya mərkəzi, prototipləri sınaqdan keçirən bir platforma yaratmışdırlar.
Görünür ki, iki il öncə bünövrəsi qoyulan işlər TUSAŞ mühəndisləri və hər iki universitetin birgə əməyi sayəsində boş yerə getməyib. TUSAŞ-ın 8 ay davam edən Mühəndis Gelişdirmə Proqramını bitirən tələbələrimiz ortaya real bir iş çıxarıblar.
Burada diqqət çəkən məqam həm də odur ki, hərbi təyinatlı milli dron hazırlığı üzrə layihələndirmə, simulyasiya və prototip hazırlığı, istehsal və test uşuşu zənciri Azərbaycanda, öz tələbələrimiz və öz resurslarımız hesabına reallaşıb.
Hər iki universitetin mühəndislik, İT, mexatronika, elektrik-elektronika, radioelektronika istiqamətləri üzrə təhsil alan tələbələri və müəllimləri, mentorları olmaqla 43 nəfərlik bir komanda formasında, birgə çalışaraq bu layihəni reallaşdırıblar.
Dronun bir çox hissələri AzTU-da 3D printerlərlə təhciz olunan laboratoriyada, hissə-hisə hazırlanıb.
Düşünürəm ki, atılan addımlar və əldə olunan uğurlar Azərbaycanda yüksək ixtisaslı mühəndislərin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir.
Əminəm ki, bu proqramı mənimsəyən tələbələri əldə çıraqla axtaracaqlar. Çalışmaq lazımdır ki, onların sayını artıraq.
Əldə olunan böyük uğurlar Azərbaycan təhsili üçün, Azərbaycanda yeni nəsil mühəndis sektorunun formalaşması üçün, milli müdafiə infrastrukturunun formalaşması üçün böyük işdir.
AzTU və Milli Aviasiya Akademiyası rəhbərlərini və layihə iştirakçılarını təbrik edirəm. Artıq qlobal dünyada qabaqcıl texnoloji bir şirkət olaraq tanınan TUSAŞ-a da dəstək üçün təşəkkürlər.