525.Az

Marşrut avtobuslarında “kart oyunu”


 

Marşrut avtobuslarında “kart oyunu”<b style="color:red"></b> Son bir ildə Bakının ictimai nəqliyyat sistemində gedişhaqqının kartla ödənişi ən çox müzakirə olunan mövzu kimi gündəmdən düşmür. Aidiyyəti dövlət strukturlarının intensiv müzakirə və yazışmaları belə deməyə əsas verir ki, Nəqliyyat Nazirliyi hələ ötən ilin əvvəlindən avtobuslarda kartla ödəniş sisteminin tətbiqində israrlıdır. Ancaq indi məlum olur ki, nə ictimai nəqliyyat sistemi özü bir infrastruktur olaraq, nə də ayrı-ayrı təchizatçı qurumlar bu dəyişikliyə hazır deyil.
  
Bəri başdan deyək ki, Bakıda sərnişindaşıma xidməti göstərən avtobuslarda kartla ödəniş sisteminin hələ 2013-cü il iyulun 1-dən tətbiq olunacağı gözlənilirdi. Lakin sonradan bu tarix bir neçə dəfə geriyə çəkilsə də, sonrakı addımlar da özünü doğrultmadı. Belə ki, hələ Bakıda sərnişindaşıma xidməti ilə məşğul olan avtobuslarda gedişhaqqı əvvəlki qaydada ödənilir. Halbuki Nəqliyyat Nazirliyi bu kartların hazırlanması üçün hələ ötən ilin əvvəlində “Bank of Azerbaijan”a sifariş vermişdi. Razılaşmaya əsasən, paytaxtın müxtəlif yerlərində ödəniş kartlarının satış məntəqələri yaradılmalı idi. Hətta kartların satış qiyməti də müəyyənləşmişdi - 3 manat. İlkin mərhələdə avtobuslarda kartla ödəniş sisteminə keçmək üçün ən azı 500 000-dək kartın dövriyyəyə buraxılması gözlənilirdi və bank 2013-cü il iyulun 1-dək bu kartları dövriyyəyə buraxmalı idi. Lakin bank bu öhdəliyi yerinə yetirə bilmədiyindən avtobuslarda kartla ödəniş sisteminin tətbiqi qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Tərəfdaşlar necə pozuluşub?
 
Bir neçə gün əvvəl isə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında ictimai nəqliyyatda kartla ödəniş sisteminə tam keçidin gələn ilin martından tətbiq olunacağını söyləyib. O, kartla ödənişin tətbiqinin yubanmasına səbəb kimi tərəfdaş şirkətlərlə yaranan problemlərlə əlaqələndirib: “İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə əlaqədar müqavilə bağladığımız şirkətlərlə problemlər yaşandı və onlar bu layihəni sona çatdırmadılar. Hazırda bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə danışıqlar aparılır. Biz ictimai nəqliyyatda elektron ödəniş sisteminin tam tətbiqini 6 ay müddətində, təqribən gələn ilin 1 mart tarixinə qədər yekunlaşdırmağı nəzərdə tuturuq”.
 
Musa Pənahov ad çəkməsə də, “müqavilə bağladığımız şirkətlərlə problemlər yaşandı” deyərkən “Bank of Azerbaijan”ın kartların hazırlanması üçün verilmiş sifarişə tam şəkildə əməl etmədiyini nəzərdə tutur. Ancaq “Bank of Azerbaijan”dan Lent.az-a bildiriblər ki, bu qurum müqavilə öhdəliyinə uyğun olaraq ilkin mərhələ üçün sifariş verilmiş sayda “Nəqliyyat kartı” hazırlayaraq dövriyyəyə buraxılıb. Hətta həmin kartlar satış məqsədilə yaradılmış xüsusi məntəqələrə çatdırılıb. Hazırda “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində, “Qasid” köşklərindən və iri supermarketlərdə kifayət qədər “Nəqliyyat kartı” olduğu deyilir.
 
Maraqlıdır ki, “Bank of Azerbaijan” avtobuslarda kartla ödəniş sisteminin tətbiqinin yubanmasında Nəqliyyat Nazirliyini günahlandırır. Bildirilir ki, bank sifariş olunmuş şəkildə və sayda “Nəqliyyat kartı”nı hazırlamaq, bu kartları nəzərdə tutulmuş satış məntəqələrinə çatdırmaq öhdəliyini müəyyən edilmiş vaxt ərzində yerinə yetirdiyi halda, nazirlik öz səlahiyyətində olan digər texniki məsələləri həll edə bilməyib. Belə ki, Nəqliyyat Nazirliyi nəzərdə tutulduğu kimi, sürücülər arasında təlimat, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında isə maarifləndirmə işləri aparmaq öhdəliyi götürdüyü halda, bu işlər lazımi səviyyədə aparılmayıb. Üstəlik nazirlik gedişhaqqının kartla ödənişi sisteminin tətbiq olunacağı avtobuslarda kartları qəbul edən qurğuların - validatorların quraşdırılmasını yarımçıq yerinə yetirib. Bu səbəbdən nə Bakıda sərnişindaşıma xidməti göstərən şirkətlər və sürücülər, nə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər gedişhaqqının kartla ödənişi sisteminin tətbiqinə ciddi yanaşmayıb. Nəticədə “Bank of Azerbaijan”ın Nəqliyyat Nazirliyinin sifarişi əsasında hələ ötən ilin əvvəlində hazırladığı kartların 60 faizə qədəri indiyədək satılmayıb. Bu səbəbdən bank satış məntəqələrindəki hazır kartlar tam şəkildə satılanadək yenilərinin hazırlanmasını təxirə salıb və bu barədə hələ may ayında sifarişçiyə - Nəqliyyat Nazirliyinə məlumat verib.
 
Toqquşan maraqlar
 
Nəqliyyat Nazirliyi ilə sərnişindaşıma xidməti göstərən şirkətlər arasındakı fikir ayrılığı avtobuslarda kartla ödəniş sistemini əngəlləyən əsas faktorlardan hesab olunur. Belə ki, kartla ödəniş sisteminin tətbiqi üçün müəyyən edilmiş qaydalara əsasən, bütün avtobuslarda gedişhaqqından yığılan vəsait bütünlüklə mərkəzləşdirilmiş bank hesabında toplanacaq. Bu zaman yanacaq və avtobusların cari təmir xərcləri Nəqliyyat Nazirliyi tərəfindən sərnişindaşıma xidməti göstərən firmalara talonlar vasitəsilə ödəniləcək. Həmçinin sürücülər üçün də konkret iş qrafiki müəyyən ediləcək və onlarla əmək müqavilələri bağlanacaq. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq hər bir sürücü çalışdığı nəqliyyat şirkətindən konkret məbləğlərdə əməkhaqqı alacaqlar. Bütün bunlar isə o deməkdir ki, avtobus sürücüləri gündəlik plan öhdəliyindən azad olunmaqla yanaşı həm də iş gününün yalnız bir hissəsini – cəmi 8 saat işləyəcəklər. Ancaq məsələ burasındadır ki, onlara təklif olunan aylıq əməkhaqqının məbləği  indi qazandıqlarının 3/1-dən də aşağıdır. Elə bu səbəbdən də istər sərnişindaşıma xidməti göstərən firma və şirkətlər, istərsə də avtobus sürücüləri kartla ödəniş sisteminin tətbiqində maraqlı deyillər.
 
Belə olan halda sürücülərin kartla ödəniş sisteminə maraq göstərməməsi müəyyən mənada anlaşılandır. Bəs, sərnişindaşıma xidməti göstərən şirkətlər?
 
Problemin dərinliklərini incələdikcə xeyli maraqlı, həm də mübahisə doğuran məqamlar ortaya çıxır. Məsələ burasındadır ki, hazırda paytaxtda ictimai nəqliyyat kimi sərnişin daşıyan avtobusların xeyli hissəsi ayrı-ayrı sahibkarlar tərəfindən nağd və ya kredit vasitəsilə alınıb. Hətta bu kreditləri ödəməkdə davam edən firmalar da var. Məsələn, Bakıda bir neçə marşrut üzrə sərnişindaşıma xidməti göstərən “Xaliq-Faiqoğlu” MMC xəttə buraxdığı avtobusların əksəriyyətini kreditlə alıb. Bu nəqliyyat şirkətinin dispetçeri Ramin Əsgərov deyir ki, kartla ödəniş sisteminin tətbiqi hələ kredit ödənişləri başa çatmayan firmalar üçün ciddi problemlər yaradır: “Kredit götürmək üçün banka əmlak girov qoymuşuq. Biz bütün sürücülərimizlə əmək müqaviləsi bağlamışıq. Onların iş saatları və istirahət vaxtları məlumdur. Marşrut üzrə konkret qrafik müəyyənləşdirmişik. Sürücülər üçün gündəlik plan tətbiq etmişik. Amma kartla ödəniş sisteminin tətbiqi ilə gündəlik plan da ləğv olunacaq və sürücülərə konkret maaş veriləcək. Bu isə sürücülərə sərf etmir. Çünki hazırda sürücülər gündəlik plandan və yanacaq xərclərindən artıq qalan qazancı özünə götürür ki, bu da onlara təklif olunan maaşdan ən azı iki dəfə çoxdur. Əgər biz sürücüyə konkret maaş versək və bu, sürücünün gündəlik qazancından az olsa, narazılıq yaranacaq. Biz kreditləri seçib işə götürdüyümüz təcrübəli sürücülərin hesabına ödəyirik. Ona görə də biz onları itirmək istəmirik. Bu məsələlərdə kiməsə problem yaranmasın deyə, kompromis variant tapılmalıdır”.
 
Plan dəyişib?
 
Nəqliyyat Nazirliyində isə kartla ödəniş sisteminin tətbiqinin keyfiyyətli təşkili üçün tərəfdaş qurumlarla kompromislərə gedilməsini mümkün sayırlar. Bir şərtlə ki, bu, sərnişindaşımanın təşkili prinsiplərinə xələl gətirməməlidir. Nazirlikdə katibliyin rəisi Namiq Həsənov deyir ki, kartla ödəniş sisteminin tətbiqi ilə bağlı məsələlərdə şirkətlərin və sürücülərin də marağı qanun çərçivəsində nəzərə alınır: “Kart sistemi yeni olduğundan ortaya müəyyən problemlərin çıxması təbiidir və buna dözümlü yanaşmaq lazımdır. Bu məsələlərin hamısı hərtərəfli araşdırılır, nəqliyyat şirkətlərinin rəy və təklifləri öyrənilir və sonda müvafiq qərar verilir. Ona görə də avtobuslarda kart sisteminə keçid mərhələ-mərhələ tətbiq olunur. İndiyədək bir çox marşrutlarda kart sistemi tətbiq olunub və hazırda bu avtobuslarda gedişhaqqı həm köhnə üsulla, həm də kartla ödənilir. Bu ilin sonunadək sistemə qoşulan avtobusların sayını bir az da artıracağıq. Gələn il isə Bakıdakı bütün avtobuslarda kart sisteminin tətbiqi tam yekunlaşacaq”.
 
Yeri gəlmişkən, Nəqliyyat Nazirliyinin tətbiq etmək istədiyi kart sistemi metro sərnişinlərinin də istifadəsi üçün nəzərdə tutulurdu. Həmçinin gələcəkdə bu kartlarla taksilərdə də ödəniş etmək mümkün olacağı deyilirdi. Ancaq Bakı Metropoliteninin yeni rəhbərliyi “Nəqliyyat kartı”nın metro sərnişinləri üçün keçərli olmasını məqbul saymayıb. Bu isə avtobus nəqliyyatı ilə metro nəqliyyatının bir-birindən fərqli sistem olması ilə əlaqələndirilib. Namiq Həsənov da nəqliyyatda vahid kart sisteminin Bakı Metropolitenində tətbiqinin mümkün olmayacağını söyləyir. Buna səbəb isə metroda tətbiq olunan kart sisteminin fərqli prinsiplərlə işləməsidir: “Metroda tətbiq olunan kartların işləmə texnologiyası bizim avtobuslarda tətbiq etdiyimizdən tam fərqlidir. Ona görə də bizim kartlar metroda tətbiq olunmayacaq”.
 
Namiq Həsənov Bakının ictimai nəqliyyatında kartla ödəniş sisteminin tətbiqinin ləngiməsində həm obyektiv, həm də subyektiv amillərin olduğunu deyir. Onun fikrincə, obyektiv səbəblərdən biri odur ki, validatorların xaricdən alınması və avtobuslarda quraşdırılması xeyli vaxt tələb edir. Həmçinin avtobusların yenilənməsi, marşrut xətlərində aparılan dəyişikliklər şirkətlər üçün müəyyən problemlər yaradır: “Ləngimənin bir səbəbi də sürücülərin və sərnişinlərin kartla ödəniş sisteminə maraq göstərməməsidir. Bəzi sürücülər kartı olan sərnişindən gedişhaqqını nağd ödəməsini tələb edirlər. Biz belə hallara qarşı da mübarizə aparmaq məcburiyyətindəyik”.

Lent.az
 





02.10.2014    çap et  çap et